Общественно-политическая интернет газета
Ermənistanın sevincini çox gözləmək lazım gəlmədi - İrəvanda bəzi siyasətçilər Avropa Şurası ilə Azərbaycan arasında yaranmış pik gərginliyi Nikol Paşinyan hakimiyyətinin uğurları sırasına yazdılar. Bir daha deyirik ki, əslində bu, gözlənilən idi, bizim uğursuzluqlarımızı erməni tərəfinin öz uğuru hesab etməsi adi bir haldır, xüsusən də nəzərə alanda ki, İkinci Qarabağ savaşındakı və son antiterror əməliyyatlarındakı biabırçı məğlubiyyətdən sonra İrəvana “uğur” çox lazımdır.
Amma bu dəfə də, deyəsən, yaman tələsiblər, çünki Avropa Şurası ilə Azərbaycan arasındakı problemin yekunda nə ilə bitəcəyi, ən əsası da bunun Azərbaycana hər hansı təsirinin olub-olmayacağını hələ heç kim təxmin edə bilmir. İndi yalnız onu demək olar ki, Avropa Şurası hər hansı kəsərli sanksiyaya malik deyil və onun yalnız öz divarları arasında nəyəsə təsiri ola bilər.
Amma etiraf edək ki, biz burada bizim bəzi təhlilçilərin qiymətləndirmələrini tam bölüşmürük. Birincisi, Avropa Şurası ilə problemlərin perspektivdə təsirləri ola bilər. İkincisi, Şura heç də onların iddia etdiyi kimi, tamam önəmsiz təşkilat da deyil - yox, bu, MDB və yaxud da Avrasiya Birliyi deyildir. Avropanın iqtisadi təşkilatı Avropa İttifaqı, təhlükəsizlik strukturu NATO, əsas siyasi qurumu isə Avropa Şurasıdır. Bu təşkilat Avropa İttifaqı və NATO ilə ciddi əlaqələr qurmaq üçün bir vəsiqədir, bir növ, kart-blanşdır, çətin, bu təşkilata üzv olmayan və onun prinsiplərini qəbul etməyən bir ölkə ilə Avropa İttifaqı və yaxud NATO ciddi əlaqələr qursun.
Əlbəttə ki, burada etiraz edilib deyilə bilər ki, Azərbaycanın bu qurumlarla bağlı ciddi planları yoxdur və bu niyyət rəsmi şəkildə də bəyan edilibdir, özü də növbəti dəfə lap bu yaxınlarda. Amma burada bir neçə məqam var.
Birincisi, biz Avropa Şurasını tam tərk edəndən sonra ermənilərin əl-qolu bir az da açılacaq, şura da bizə qarşı kampaniyanı dayandırmayacaq, bizim düşmənlərimiz sırasına daha birisi əlavə olunacaq. İkincisi, Avropa Şurasının sanksiyaları gələcək iqtisadi risklər sırasına da daxil ola bilər və bu, özünü Azərbaycanla iqtisadi əlaqələr qurarkən, bura investisiya yatırılarkən göstərə bilər. Həm də biz Avropa ilə əlaqələrimizi təkcə qaz satışı ilə məhdudlaşdıra bilmərik - nə olsun, səhv etmiriksə, Qətər də Avropaya qaz satır, amma kimsə onu ciddi ölkə kimi qəbul edirmi?
Həm də dünyada bir mədəniyyət savaşı gedir. Biz də dünyanın aparıcı mədəni sektorlarının birində öz yerimizi tutmalıyıq. Azərbaycanın Avropa ilə bağlı niyyətlərinin böyük tarixi var. Bizim ziyalılar daim buna çalışıblar, Avropanı təbliğ edib, ona qovuşmağa çağırıblar. Burada böyük Mirzə Fətəlini qeyd etmək yetərli deyilmi? Həm də tarixi təcrübə elə gətiribdir ki, coğrafi cəhətdən şərqli olsaq da, daha çox Avropa xalqıyıq. Əlbəttə, daim qeyd edirik ki, indi dünya reallıqları elədir ki, ən azı iqtisadi və texnoloji inkişaf təkcə Qərbdə cəmləşməyib, Şərq də çox böyük irəliləyişlər edib. Həm də baxın, görün, İsrail və yaxud da Rusiya öz məqsədləri yolunda nə qədər maneə ilə rastlaşıb! Rusiya bir tərəfə, İsrail Qüdsü paytaxt elan edəndə onu vur-tut iki-üç ölkə müdafiə etdi. Hazırkı İsrail- HƏMAS müharibəsilə əlaqəli də belədir - Təl-Əvivdən çox böyük narazılıq var, amma İsrail inamla məqsədlərinə doğru gedir.
Avropa Şurasına üzv olanda bizə də belə bir maddə sırımışdılar ki, bəs keçmiş Dağlıq Qarabağ problemini sülh yolu ilə həll edəcəksiniz. Ona görə də gözlənilirdi ki, İkinci Qarabaş savaşından, xüusən də antiterror əməliyyatlarından sonra Avropa Şurasının, necə deyərlər, maskası yırtılacaq və təşkilat bizə qarşı çıxacaq. Amma yekunda bir söz deyək: biz diplomatik müharibədə də qalib gəlməliyik, həm də diplomatiyanın bir missiyası var - hərbi yolla əldə olunmuş nəticələri də qəbul etdirmək...
КомментарииОставить комментарий