Свобода людям, независимость нациям!

“Bir inci saflığı varsa da suda”, baha satılanda...

 

Məşhur sovet-gürcü filmi “Mimino”da belə bir epizod var: gürcü Valiko (Vaxtanq Kikabidze) ilə erməni Ruben (Frunzik Mkrtçyan) maşında yol gedirlər. Ruben deyir, Valiko can, bizdə, Dilicanda mətbəxdə adi kranı açırsan, su axır, dünyada ikinci yeri tutur. Valiko ironiya ilə deyir: “Birinci yeri tutan su da İrəvandadır, hə?” Ruben təvazökarcasına deyir, yoox, San-Fransiskodadır. Valiko yüngülvari hirslənir: “Bəs “Borjom”? Əvvəlcə düşün, sonra danış”.

Bu epizodu adamın yadına Kəlbəcərdə yenidən istehsal olunan “İstisu” mineral suyunun artıq marketlərdə satışa çıxarılması salır.

Belə götürəndə “İstisu” da dünyada ikinci yeri tutar ki, üçüncü yerə düşməz. Birinci yeri hələlik boş saxlayaq. Onsuz da ora hər ölkə öz suyunu dürtüşdürəcək.

Gerçəkdən də “İstisu” yaxşı sudur, adındakı “isti” sözünə baxmayın, sərin olanda daha ləzzətli olur.

31 il idi, biz üzrlü səbəbdən o suyu içə bilmirdik, axıb çaylara gedir, Arazın, Kürün suyuna qarışırdı.

Amma nəsibdə, qismətdə varmış, biz o suya yenidən qovuşduq.

İndi “İstisu” marketlərdə satılır və əməllicə ajiotaja səbəb olub.

Bunun bir səbəbi odur ki, türkün sözü, o suyu çox özləmişik, həsrətini çəkmişik, nisgilini yaşamışıq, ona görə də ondan doya-doya içmək istəyirik. Hətta çoxumuzda belə bir qənaət var ki, “İstisu” min bir dərdin dərmanıdır. Kəlbəcərliləri dindirsən, deyəcəklər, elədir ki, var. “Biz o sudan içəndə dağlarda yüz il yaşayırdıq, gəldik, Bakıda, Gəncədə qırıldıq, getdik” deyənlər də olacaq. Onlar xeyli dərəcədə haqlıdırlar.

Gerçəkdən də insan üçün ən vacib qidalardan biri məhz təmiz və faydalı sudur. Dünyanın uzunömürlü xalqlarının nə yeyib-içdiklərini araşdırsaq, bəs-bəlli ortaya çıxacaq ki, uzunömürlülərin içdikləri suyun tərkibi faydalı minerallarla zəngin, ziyanlı maddələri isə minimumdur.

Altay dağlarının suyunu da elə deyirlər. Dünyanın ən təmiz suyu və ən təmiz havası əcdadlarımızın yurdundaymış.

İndi bəzi patriotlar deyəcəklər ki, yox, biz Qafqazın aborigen xalqıyıq, ermənilər də deyəcək, görürsüz, özləri də Altaydan gəlmə olduqlarını etiraf edirlər. Bu da bir mərəzdir, onlara necə sirayət edibsə, sağalmaq bilmir. Guya biz ellikcə Qafqaza gəlmə olduğumuzu etiraf etsək, BMT qərar verəcək ki, qayıdın, gedin Altaya.

Xüləs, mətləbdən yayındıq, söhbət “İstisu”dan gedirdi.

Əsas məsələ odur ki, bu su artıq şüşə qablara doldurulub və marketlərdə satılır. İntəhası, sanki qiyməti bir az baha kimidir. Əlbəttə, bu qədər tərifdən sonra o suyun 1 litrinin 1 manat 39 qəpik olması təbii görünə bilər.

Ancaq başqa yerli mineral sularla (“Badamlı”, “Sirab”, “Mor-mor” və s.) müqayisədə “İstisu”nun qiyməti adamların gözünə çox görünür. İndiyədək su həmişə ucuzluğun simvolu olub axı. Elimizin dilində "su kimi ucuz" ifadəsi var.

Orası da var ki, Kanada kimi ölkələrdə apteklərdə satılan “Borjomi” ilə müqayisədə ikiqat ucuzdur. “Borjomi”nin yarım litri bizdə 1 manat 59 qəpikdir.

Ona görə də bir xeyli adam hazırda pəjmürdədir, deyirlər, belə gözləmirdik, elə bilirdik, “İstisu”nun qiyməti uzağı 1 manat olacaq, “kletka” ilə alacağıq.

Məsələ belədir, əziz soydaşlar, məyus və narahat olmağa əsas yoxdur. Bazar iqtisadiyyatıdır, tələb təklif doğurur. “İstisu”nun istehsalçıları hazırda görürlər ki, suya tələbat böyükdür, ona görə də arzulanan və bir az da “Zəm-zəm” suyu kimi müqəddəsləşdirilən suyun qiymətini elə ediblər, görəndə ki, o su bu qiymətə getmir, məcbur olub qiyməti endirəcəklər. Bir də görəcəyik, “İstisu”nun 1 litrinin qiyməti, məsələn, 1 manat 29 qəpikdir. Hətta ola bilər, gün gələcək ki, 1 litrlik “İstisu”nu 99 qəpiyə alacağıq. (Qiymətlərin sonunun 9 rəqəmi ilə bitməsinin uğurlu marketinq fəndi olmasını ilk icad edən menecerin əmvatına buradan salamlar olsun).

İndi əsas işlərdən biri o olmalıdır ki, biz “İstisu”nu dünyaya çıxaraq. Qoy o, San-Fransiskoya da, Kanadaya da gedib çıxsın və orda ondan qurtumlayanlar desinlər ki, vondəful voter. (Hərçənd xaricdə elə desələr, suyun qiyməti ölkəmizdə dərhal qalxacaq, olacaq 1 manat 99 qəpik).

Uzun sözün kəsəsi, bəlkə də klassik şairimiz sağ olsaydı, öz məşhur misralarını dəyişdirib bu cür yazardı: “Bir inci saflığı varsa da suda, baha satılanda dərd verir o da”. Amma ola bilər, şairin sarayla münasibəti yaxşı olduğu üçün bu barədə köşə-filan yazmazdı.

Yenə də gəlin gözəgörünməzə şükür edək, halal suyumuzu içək, onun qiyməti məsələsinə sonra bir daha qayıdarıq. Görünür, qablaşdırmaya, avadanlıqların quraşdırılmasına və sair və ilaxıra çox pul gedib, suyu ucuz satmaq rentabelli olmur.

Нет комментариев

Новости автора