Свобода людям, независимость нациям!

Bir az dəstək tapan kimi...

 

Bir müddət idi ki, Azərbaycan–Ermənistan sərhədində nisbi hərbi sakitlik idi. Amma bu günlərdə ermənilər yenidən atəşkəs rejimini pozdular.

Odur, dərhal sual yarandı: Axı nə olub? Nə baş verir? Bəlkə hər şey təzədən başlayır? Yoxsa gecə-gündüz sülhdən dəm vuran, guya bunun üçün ölkə qanunvericiliyində dəyişiklik etməyə çalışan, guya üçüncü ildir, vətəndaşlarını “sülhə hazırlayan” Ermənistan hökuməti hər şeyin üstündən xətt çəkərək yenidən müharibəyə başlayır?..

Desəm ki, bu sualların dəqiq cavabı yoxdur, buna qətiyyən təəccüblənməyin. Ona görə ki, əslində bu sualın bir məlum cavabı var: hər şey ona görə belə baş verir ki, bizim qarşımızda ermənilərdir. Bəli, bunların nə sözünə inanmaq olur, nə də imzasına, çünki bunların, necə deyərlər, nə qibləsi var, nə də ki, tövbəsi!

Həm də qeyd olunan “problem”in bir tərəfi də ona bağlıdır ki, bunlar artıq bir neçə ildir sülh sazişi imzalamaqdan min cür bəhanə ilə qaçırlar və əgər sülh sazişi imzalamırlarsa, deməli, bunun da səbəbi var və yaxud da ki, bunların tamam başqa niyyəti mövcuddur.

İlk ağla gələn budur ki, bunlar sülh sazişi imzalaya bilmirlər, cəmiyyətdən və yaxud da müxalifətdən ehtiyat edirlər. Amma o da var ki, erməni cəmiyyəti Paşinyan müharibədə məğlub olandan sonra da ona qarşı çıxmadı, müxalifətə dəstək vermədi. Deməli, səbəb bunda deyil.

Bəs onda nədədir? Dəfələrlə demişik ki, Nikol da bütün ermənilər kimi “bəlkə qaytardılar” ovqatındadır. Ona görə də azacıq dəstək görən kimi silahı Azərbaycana qarşı çevirməyə tələsir. Hazırda isə elə bir vaxtdır ki, Qərb diplomatları ermənipərəst bəyanatlarla çıxış edirlər. Bütün bunlar da cənab Paşinyanda “dünya bizimlədir” təəssüratı yaradır və onda “dünya bizimlədirrsə, biz niyə Azərbaycana məğlub olmalıyıq?” kimi suallar yaradır. Bir daha deyirik ki, Paşinyan bu cür aldanışlardan qurtula bilmir, ona görə də sülh sazişini imzalamamaq üçün gündə bir bəhanə uydurur...

Olsun! Bütün bunların bizə heç bir təsiri yoxdur. Bu yaxınlarda rəsmi Bakı öz mövqeyini bir daha bəyan etdi. Birincisi, Ermənistanın növbəti təxribatına layiqincə cavab verildi. Daha sonra bildirildi ki, sülh sazişi əslində İrəvanın problemidir, Bakı isə bütün problemlərini həll edibdir - ərazi bütövlüyünü bərpa edib və suverenliyini bütün ölkə ərazisində bərqərar edibdir. Bakı üçün daha “Dağlıq Qarabağa problemi” mövcud deyil, o, bu mövzudakı “müzakirə”lərə ehtiyac duymur, yağışdan sonra göbələk kimi çoxalan “vasitəçi”lərin xidmətlərinə lüzum görmür. Yəni hər şey bitib, qurtarıb...

Ona görə də Qərb diplomatları gündə bir bəyanat verə bilərlər, fəqət, bütün bunların heç bir nəticəsi olmayacaq. Elə bu səbəbdən də erməni hakimiyyəti azacıq diplomatik dəstək görən kimi, haradansa bir-iki sınıq –salxaq silah tapan kimi xam xəyallara düşməməlidir, Paşinyan və komandası aldadıcı, çaşdırıcı fikirlərdən qurtulmalı və Ermənistanın real problemlərilə məşğul olmalıdır. Bu problemlər isə heç də az deyil.

Ən birincisi, İrəvan region dövlətlərilə münasibətlərini yoluna qoymalıdır, Bakı və Ankara ilə normal münasibət qurmalı, öz ətrafında normal siyasi və iqtisadi fon yaratmalıdır. İkincisi, qoy, ermənilər “böyük Ermənistan” qurmağın yollarını aramaqdansa indiki Ermənistan hüdudlarında həqiqətən də müstəqil və suveren olmağın üsullarını tapsınlar, Rusiyanın və digər ölkələrin qoltuğunun altından çıxsınlar. Başa düşmək olmur, axı “böyük Ermənistan” bunların nəyinə lazımdır? Bunlar axı heç bugünkü kiçik Ermənistanı belə özləri idarə edə bilmirlər! Bunlar heç indiki Ermənistanda yaşamaq istəmirlər! Buradan qaçıb başqa ölkələrdə məskunlaşırlar! Yoxsa “böyük Ermənistan” bunlar üçün muzey kimi lazımdır? Yoxsa onlar bu muzeydə - “böyük Ermənistanda” öz dədə-babalarının sümüklərini nümayiş etidirəcəklər?

Odur ki, rəsmi Bakının son bəyanatı haylar üçün daha bir siqnal olmalıdır – bəli, başda cənab Nikol olmaqla bütün haylar xülyalara son deməlidirlər. Bəli, Avropa da, ABŞ da gündə bir söz deyə bilərlər, amma ağıllı adam hər deyilənə inanmaz...

Нет комментариев

Новости автора