Свобода людям, независимость нациям!

Bəy-gəlin maşını da “avtoş”luq edirsə...

Biləsuvar-Bəhramtəpə yolunda toy karvanında baş verən dəhşətli yol qəzasında 5 adamın həlak olması barədə xəbəri oxuyandan təxminən 40 dəqiqə əvvəl özüm Zabrat qəsəbəsində toy karvanında avtoxuliqanlıq edənlərin yaratdığı təhlükəyə məruz qaldığım üçün dünən sosial şəbəkədə bu xüsusda bir status paylaşmışdım.

7-8 maşın idi, o qədər sıxlığın içində qıvrıla-qıvrıla, üç zolağın üçünə də baş vura-vura, sürətlə, avtomobili vığıldada-vığıldada şəhərin mərkəzinə doğru gedirdilər. Toyun başlanma vaxtına 1 saat 20 dəqiqə qalırdı. Niyə tələsirdilər, məlum deyil. Ola bilər, Salyana, Şirvana gedirdilər.

Virtual dostlar bu məsələyə dair öz fikirlərini yazdılar. Heç demə, bu, hamının yaralı yeridir, çünki hər kəs az qala hər gün avtoxuliqanların yaratdığı təhlükəli vəziyyətə düşürlər, ya da elə bir mənzərənin şahidi olurlar.

Durumun qısa rezümesi belədir: “Bir bəladır, düşmüşük”.

Bu avtoxuliqanlar adi vaxtlarda da təhlükəlidirlər, amma toy karvanlarında daha qorxunc olurlar. Hətta başqa vaxt normal maşın sürənlər də toy karvanına qoşulanda qızışqan birinə çevrilir, necə deyərlər, tırkaya gedir, bir dəqiqənin içində özünü “Formula 1” pilotu Alonso hesab edir.

Bunu adətən cavanlar edir, yaşlı-başlı adamlar belə qələt eləməzlər. Hərgah ortayaşlı və yaşlı adamlar arasında “bərkgedənlər” varsa, əmin olun ki, onun sadəcə, yaşı çoxdur, artan alnının qırışlarıdır, beyninin qırışları ya 20-30 il əvvəlki kimidir, ya da tamam ütülənib.

Ən pisi odur ki, indinin ağsaqqalları toy karvanında, Allah qoymasa, lotuluq edənlərə söz keçirə bilmirlər, bəlkə də heç demirlər ki, ay bala, bu şad gündə nəsl-nəcabəri zibilə salma.

Yadına düşür ki, biz cavan olanda toy karvanına qoşulmuşluğumuz olub və təhlükəli vəziyyətə düşmüşük. Amma bu necə olub.

Uzun illər öncəydi, təzəbəyin sağdışıydım, rayondan Bakıya gəlirdik. 06-nı təzəbəy özü sürürdü. Maşında dörd nəfər idik. Bəyin atası ilə mənim atam bizdən arxadakı avtomobildə idilər. Ələtə qədər normal gəldik. Ələt körpüsünün üstündə bir maşının sürücüsü hansı ağıllasa (güman ki, toy karvanının sırasından çıxmaq üçün) qəfildən ötmə əməliyyatı etmək istədi, qarşısına maşın gəldiyindən o, bizim maşını körpünün qırağına sıxdı. Əyləc səsi. toz-tozanaq. Birtəhər ötüşdük. Bəyin atası işıq siqnalı ilə maşınların hamısını yol kənarında saxlatdı, işarə elədi, düşdük. Kişi bircə cümlə dedi: “Hərəniz bir maşına!” Bizim heç bir günahımız yox idi. Amma ağsaqqalın sözünü çevirə də bilmədik. Sonradan mən ağsaqqala dedim ki, əmi, bizdə günah yox idi. O, yenə də lakonik cavab verdi: “Əsas məsələ salamatçılıqdır”.

Təəssüf ki, indiki sürücülərin çoxu yolda olarkən əsasən məsələnin mənzil başına salamat çatmaq olduğunu unudurlar, 5 dəqiqə tez çatmağa çalışır, hətta bununla öyünürlər: “Mən Şirvandan Bakıya 40 dəqiqəyə çatıram”; “Bakıdan Gəncəyə 2 saat 25 dəqiqəyə getdiyim olub”; “Bakıdan 8-də çıxmışam, Füzulinin alaqapısından 10.10-da keçmişəm” və sair və ilaxır.

Təbii ki, bu cür pilotluq edən, amma öyünə bilməyənlər də var. Üzrlü səbəbdən. Çünki yol qəzasında ölüblər.

Daha faciəvisi odur ki, bu cür avtoxuliqanlar özləri həlak olarkən neçə-neçə günahsız, həm də sürətin təhlükəli olduğunu bilən və bu barədə xəbərdarlıq edənlərin də qanına bais olurlar.

Bir təcrübəli sürücü tanış bu mövzuda söhbət düşərkən həmişə deyir ki, avtoxliqanlıq edərkən ölənlər cavan olsa da, onlara üzülmür. “Hər ölən avtoş salamat qalan 4-5 şəxs deməkdir, əvvəl-axır kimisə bədbəxt edəcəkdilər”.

Nə qədər acımasız fikirdir, amma həqiqətdir.

Bunların hamısı cahillikdən, səviyyəsizlikdən irəli gəlir. Avtoxuliqanların həyatda qürur duya biləcəkləri yeganə iş budur. Bəlkə bir də toyda yaxşı “Qaytağı” oynaya bilərlər. Vəssalam.

Bir ara yol polisləri toy karvanında avtoxuliqanlıq edən potensial qatillərin əl-ayağını yaxşı yığmışdılar, tutub cərimələyirdilər, sürücülük vəsiqəsindən məhrum edirdilər. Son vaxtlar, deyəsən, bir az boş buraxıblar.

Onlar elə tayfadır ki, nəzarət olunmasa, çox xəta törədəcəklər.

Bilirəm, yazmağın, danışmağın o qədər də xeyri yoxdur. Bu qafada olan adamların islahı mümkün deyil. Amma yenə də nəsə bir tədbir görülməlidir ki, camaat ağılsız gədələrin şər-xətasından qurtulsun.

P.S. Görün, öz maşınıyla avtoxuliqanlıq edən təzəbəy nə qədər ağılsız adamdır ki, hansı gündə nəylə risk edir.

Нет комментариев

Новости автора