Свобода людям, независимость нациям!

“Bəlkə, Azərbaycanı durduralar”... - Əkbər Qoşalı YAZIR...

Bəri başdan deyək, torpağı işğal altında olan ölkənin 1 saylı görəvi o torpaqları azad etməksə, azadetmə işinin “Pirr qələbəsi”nə dönüşmədən həyata keçirilməsi, qələbənin nəticələrinin qorunması, davam və inkişaf etdirilməsi də “olmazsa, olmaz”lardandır.

İkinci önəmli faktor, işğal altında olan ərazinin bərəkətli olub-olmaması deyil, necə deyərlər, bizə aiddirsə, bizdə olmalıdır. – Orada öz bayrağımız dalğalanmalı, oradan öz əsgərimizin ayaq səsi gəlməlidir.

Bax, bunları bilə-bilə vurğulayaq ki, bu gün Şəhər Gününü bayram etdiyimiz Qubadlı da, Zəngilan, Laçın, Kəlbəcər kimi fərqli bir özəllik və önəm daşıyırdı. Bunun da çox anlaşıqlı, sadə səbəbi vardır: çünki Ermənistanla şərti sərhədimizin böyük hissəsi Qubadlının ərazisini çevrələməkdədir. 120 km-lik sərhəd şərti sərhədin 12 faizini təşkil edir.

Yenidən, çox uzaqlaşmadan, bərəkət mövzusuna bir də qayıdaq. – Baxmayaraq ki, Silahlı Qüvvələrimiz bu amili - torpaqlarımızın verimli olub-olmamasını düşünmədən, məhz Ali Baş Komandanın tapşırığını niyəsiz-necəsiz yerinə yetirməkçün və illa mənəvi amilləri əsas alaraq irəliləmişdi. Ona görə də, 

“Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu”!
Bəs Hüseyin Nihal ATSIZ necə deyirdi? –

“Gərilir zorlu bir yay
Oxu fırlatmaq üçün;
Gecə göydə doğar Ay
Yüksəlib batmaq üçün.

...İnsan böyür beşikdə
Məzarda yatmaq üçün.
Və……………………
Qəhrəmanlar can verir
Yurdu yaşatmaq üçün”…

Yurdu yaşatmaq yurddaşları və yurda bağlı hər kəsi, hər şeyi yaşatmaqdır.

İşğaladək Qubadlıda taxıl, üzüm, tütün, bostan məhsulları becərilir, heyvandarlıqla məşğul olunurdu. Əsas əkin sahələri düzlərində, dağətəyi meşə bölgəsində, Bərgüşad, Həkəri çaylarının vadisində yerləşirdi. Bir sözlə, Qubadlının təsərrüfat çalışmalarının əsasını əkinçilik, heyvandarlıq təşkil edirdi. – Bəli, bütün bunları bildiyimizçün deyil, o torpaqlar bizim olduğu üçün azad olunmalıydı, olundu da!

Daha nələr var(dı) Qubadlıda? – Ərazisində əsasən qəhvəyi dağ-meşə torpaqları yayılmış Qubadlının “Yazı düzü”, “Gəyən” və “Məzrə” adlanan düzləri bol məhsulludur. İşğala qədər burada 14956 ha əkin, 850 ha çoxillik bitki, 631 ha biçənək, 17192 ha örüş-otlaq, 543 ha həyətyanı, 13160 ha meşə, 582 ha bağ və üzümlüklər olub. Ərazisindən Bərgüşad, Həkəri və onların qolları olan Ağa çayı, Kiçik Həkəri, Meydandərəsi və b. çaylar axan Qubadlıda, işğaldan öncə 13160 ha meşə sahəsi vardı. Qubadlının ərazisi təbii dərman bitkiləri ilə zəngin olması ilə də seçilir. Qubadlının Əliquluuşağı, Qundanlı, Muradxanlı və Başarat kəndlərində mərmərləşmiş əhəng daşı yataqları, Hacılı kəndində mişar daşı yatağı, o cümlədən Mollabürhan kəndinin güneydinə tuf daş yatağı, Xanlıq kəndində qum-gil yatağı, Eyvazlı kəndində əqiq yatağı, Bərgüşad çayının sol qıyısında yəşəm yatağı mövcuddur. İşğalçılar 27 il içində Qubadlının sərvətlərinin qanunsuz və kəmfürsətcəsinə istismar edib – bunu da unutmuş deyilik!

Bu yerdə işğalın acı fəsadlarını xatırlayaq:

İşğal illərində 94 yaşayış məntəqəsi, 16 körpü, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekt, 161 mədəniyyət obyekti, 7 məscid və s. dağıdılmış, yararsız duruma salınmışdı. 650 km avtomobil yolu, 150 km magistral su xətləri, 4830 km elektrik xətləri, 165 km magistral qaz boru xətti, 2 su anbarı, 1080 ədəd kənd təsərrüfatı obyekti, 9 tikinti idarəsi, 4 yol idarəsi, 18 ədəd dəyirman, 4 ədəd su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və s. tamamilə dağıdılmış, talanmışdır.

İşğal nəticəsində rayondan 29997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində keçici olaraq yerləşdirilmişdi və ədalətsiz dünyada yaşadığımızçün bu keçicilik üç onillik boyu keçmədi ki keçmədi...

Dağıntılar, talanlar azmış kimi, üstəlik, Qubadlıda da (Xanlıq qəsəbəsində) qanunsuz məskunlaşma siyasəti yürüdən rəsmi İrəvan, dışarıdan daşıdığı erməniləri burada yerləşdirmişdi. Bəlli, “Cenevrə Konvensiyaları”na görə də, yazılmamış müharibə qanunlarına görə də, Allah qoymasa, guya qonşuydular – qonşuluq qaydalarına görə də, işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparmaq olmazdı, illa olmazdı. Belə məskunlaşmanı aparmış ölkə, hüquqən cinayət törətmiş sayıldığı kimi, digər mənəvi, əxlaqi kateqoriyalar üzrə də suç işləmişdir.

Qubadlı azad olunmadan, Laçının, Şuşanın qurtuluşu mümkünsüz yaxud daha çox itkilər hesabına mümkün olardı. O vaxt hələ keçmiş “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin ərazisində işğalçılar möhkəmlənmişdi və Qubadlını azad edən hərbçilərimiz yalnız Ermənistan tərəfdən deyil, keçmiş vilayət tərəfdən də, habelə azad edilməmiş digər ərazilərimizdən də çarpaz atəşə uğrayırdı. Lakin şanlı Azərbaycan Ordusunu keçilməz sanılan “Ohonyan xətti”mi saxlamışdı, “S-300”lərmi saxlamışdı, daha nələr, kimlər, haralarmı saxlaya bilmişdi?.. Döyüşə-döyüşə Qubadlıyadək gedib çıxmış şanlı Ordunun öz işini yarımçıq qoyması mümkün idimi? “Mən Azərbaycanın şəhərlərini bir-birindən fərqləndirmirəm; amma Şuşasız bizim işimiz yarımçıq qalar. Bizə danışıqlar prosesində təklif edirdilər ki, 5 rayon, sonra 2 rayon verilsin. Bizə deyirdilər, bütün əraziləri istəməyin, belə kompromis olmur. Şuşanın azad edilməsi bizim hədəflərimiz arasındadır, nə zaman olacaq, bunu görərik”. – Bu tarixi sözləri Prezident İlham Əliyev Türkiyənin “A Haber” kanalına Qubadlının qurtuluşundan 9 gün öncə demişdi.

Qubadlının qurtuluşundan sonra yarımçıq işimizin tamamlanmasına çox az qaldığını dost da, düşmən də başa düşürdü...

Dost dost kimi, düşmən də öz ağlınca davranırdı. Ancaq hərbi sahədə də, diplomatik sahədə də sözü biz deyirdik, biz – Azərbaycan dövləti! Dəmir Yumruq sayəsində bölgədə yeni gerçəkliklər şəkillənirdi. Nə olmalıydısa, o olacaqdı, oldu da!

Qubadlının qurtuluşu bir neçə gün çəkdi. İşğalçılar şəhərdə güclü istehkamlar qurmuşdu; o cümlədən yüksəkliklərdə hərbi birləşmələr yerləşdirmiş düşmən, öz havadarlarından ümidini üzməmiş, “bəlkə, Azərbaycanı durdurarlar” düşüncəsi – düşüncəsizliyi içindəydi. Bəli, ona görə də, Qubadlının azadedilmə əməliyyatı da özəl peşəkarlıq, bundan irəli fədakarlıq tələb etməkdəydi. Şanlı ordumuza yaraşan da elə bu deyildimi? İlk sırada şəhərə hakim yüksəklikləri götürən ordumuz, çevrədə yerləşən kəndləri də götürdü. Strateji mövqelər ələ keçirildikdən sonra, ovuc içi kimi görünən Qubadlı şəhəri düşməndən təmizləndi! – Bu, bir növ, Ağoğlanın (Hadrutun) təmizlənməsi əməliyyatına bənzəyirdi.

Qürurluyuq! – İşğalçılar adam kimi başa düşüb, torpaqlarımızdan rədd olub getməyincə, başlarına od ələdik, ayaqları altından yer, başları üstündən göy qaçdı və götürə bildiklərini götürüb qaçdılar; qaçmayanlarısa, haqq etdikləri yerdə - cəhənnəmdə gözləyirdilər zatən.

Artıq Qubadlıya həyat, mədəniyyət, bir sözlə, insanlıq qayıdır. Qubadlının yeni inkişaf tarixi öz vüsəti ilə davam edir. Qubadlı işğal illərində, görmədiyi acıları yaşadısa, artıq, Sovet vaxtında belə görmədiyi inkişafa qovuşmaqdadır. Örnəyi, Qubadlı rayonunun ümumi enerji istehlakı SSRi dönəmində 12 meqavat idisə, indi rayondakı yarımstansiya 40 meqavata hesablanıb və üstəlik, gərək olacağı halda, onun gücü iki qat artırıla biləcək.

İndi Qubadlı (da) böyük bir tikinti meydanına dönüb. Yollar, körpülər salınır, binalar, obyektlər, tikilir...

Bu gün Qubadlı Şəhəri Günüdür. İşğal illərində “bir gözüm Həkəri, biri Bərgüşad” deyən şairin gözlərindən indi sevinc yaşları axır...

Bu gün Qubadlıya köç karvanı yola salındı. “Böyük Qayıdış” adı kimidir – bu qayıdış kəmiyyətlə ölçülmür, psixoloji amillərlə şərtlənir, ovqatla ölçülür, ruhla çiçək və qanad açır!..

Şəhidlər ölmədi, Vətən bölünmədi!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Нет комментариев

Новости автора