Общественно-политическая интернет газета
Gerçəklərlə rəmzlərin uhulət və suhulətli ifadəsi həmişə önəmlidir.
Gerçəkliyi rəmzlərlə süsləməmək də olar - bu da bir iş, bir yanaşmadı, ancaq rəmzlər gerçəkliyə can verir. Rəmzlər yalnız süs deyil, gerçəkliklərlə birlikdə, necə deyərlər, "vəhdəti-vücud"dur, bir növü materiya və şüur kimidir.
Hər hansı hadisəni qiymətləndirərkən məkan, zamanlama və s. faktorlar hadisənin özü (tamı) qədər diqqət cəlb edir. Örnəyi, Azərbaycanın dövlət başçısı işğaldan azad olunmuş ərazilərimizə Novruz bayramında da gedə bilər, başqa vaxt da, Novruz bayramında başqa ərazilərimizə də səfər edilə bilər və s.
Görün necə də yaraşıqlı, uyumlu, rəmzidir: Müzəffər Ali Baş Komandan əziz bayram günümüzdə Suqovuşanda tonqal qaladı! Külək, od, su və torpaq oyanışlı əziz bayramımızda Suqovuşanda tonqal qalamaq əcdadın ruhuna, irsinə salam-sayğı, gənc nəslə yolgöstərməkdir.
Rusiya-Ukrayna savaşı fonunda uğursuz dövlət Ermənistandakı sərzənişlər də bir "fon" təşkil edir. Qarabağın dağlıq bölümlərindəki erməni sınıq-salxaq silahlı dəstələrinin hələ həftələr öncədən baş qaldırma cəhdlərini unutmamışıq. Ümumiyyətlə, heç nəyi və heç kimi unutmamışıq; kinli deyilik lakin unutqanlığımızın fəsadlarını da unutmaq lüksümüz yoxdur. Yetər artıq yetər! İşğal da gördük, müharibə də etdik, qalib gəldik. Sonra məlum Üçtərəfli Bəyanata qol çəkdik, barış çağrışlarını cavbsız qoymadıq... Daha sonra daha bir Üçtərəfli Bəyanat, daha iki Bəyanat və bir daha gördük ki, Ermənistan rəhbərliyi özü "öz imzasını mürəkkəbi qurumamış unutma istedadı"nda sabitqədəmdir. Belə olmur, belə olmayacaq, belə olmadı. 30 illik "sürünən işğal" Dəmir Yumruq doğurdu və o Yumruq yerindədir: daha güclü, daha əmin, daha sərrast!
Mən Novruz bayramında Suqovuşanda qalanan tonqalda, orada verilən ismarıclarda belə anlamlar görür, belə oxuyuram...
Yalnız bizim deyil, uğursuz dövlətin məğlub ordu mənsublarının, ümumən erməni ictimai fikrinin də yaddaşı təzələnir:
Suqovuşan necə azad edilmişdi, kim nəyə qadirdir? Bəli, Azərbaycan ordusu Suqovuşan istiqamətində mümkünsüz görünəni mümkün etdi!
Ali Baş Komandanımızın "tvit"i, xalqa müraciəti və ardınca elan olunan qərar bugün də həyəcanverici, qürurvericidir: "2020-ci il oktyabrın 3-dən Madagizin tarixi adını bərpa edirəm. Bundan sonra Suqovuşan adlandırılır. Qarabağ Azərbaycandır"! Bəli, ilk gündən rəmzlə gerçək qalibiyyət bir biri ilə bütövləşdi: azad olunan yalnız ərazi deyil, addır, irsdir, ruhdur!
Qələbədən sonra Prezidentin Suqovuşana ilk səfərini də, ümumən işğaldan azad olunmuş ərazilərimizə səfərlərini, ismarıclarını da yaxşı xatırlayırıq. Qalibiyyət qalibiyyət, uğur, uğur gətirir. Qarabağda infrastruktur layihələri yalnız fiziki deyil, ruhi-mənəvi dirçəlişə, şəkillənməyə xidmət edir. Silahlı Qüvvələrimizin gördüyü işi, mədəniyyət qurucularımız davam etdirir. Ali Baş Komandan müharibə dövründə olduğu kimi, quruculuq dövründə də, ruh, mənəviyyat işimizə və irsimizə candan-könüldən yanaşır. Mən Qarabağa, Gündoğar Zəngəzura ardıcıl səfərlərə, ismarıclara, atılan təməllərə, yol açılışlarına Böyük Qayıdışa xidmət edən böyük ideyalar, işlər kimi baxıram. Gerçək işlər gerçəkliyində, rəmzlər rəmziliyində gözəldir, bütövdür...
Dövlət başçımızın bu ilki Novruz təbriki bu anlamda, tarixi Zəfərdən ötən dönəmi dəyərləndirib, yeni görəvləri elan etmək baxımından da fərqləndirilə bilər.
Bu yerdə Ümummilli lider Heydər Əliyevin sözlərini xatırlatmaq istərdim:
"Hər xalqın tarix boyu yaranmış və ənənəyə çevrilmiş bayramları vardır. Azərbaycan xalqının da bayramları vardır. Bunların bir qismi dövlət bayramlarıdır, bir qismi xalq, din bayramlarıdır. Bütün bu bayramların içərisində millətimiz üçün, xalqımız üçün, hər bir azərbaycanlı üçün ən əziz, ən doğma, ən sevimli bayram Novruz bayramıdır.
Novruz bayramının qədim tarixi vardır. Bizim tarixçilərimiz bunu indiyə qədər araşdırırlar. Amma nə qədər araşdırsalar da, onun o qədər dərin kökləri olduğunu aşkar edirlər. Məlumdur ki, Novruz bayramı bütün bayramlardan ona görə seçilir ki, bu, təbiətdən, elmi əsaslardan meydana gəlmiş bayramdır".
Ən əziz, ən doğma, ən sevimli bayramın tonqalı dövlət başçısı tərəfindən keçən il Şuşada qalanmışdı, bu ilsə başdan-başa Şuşa İlidir və Şuşa İlinin bayram tonqalı Suqovuşanda qalandı! (Şuşanın özündəsə BMT nümayəndələrinin iştirakı ilə respublikamızın BMT-yə üzvlüyünün 30 illiyi az öncə qeyd olundu)...
Suqovuşanın imkanları artıq dinc məqsədlər, mədəniyyət, idman və turizm üçün səfərbər olunur.
Avarçəkənlər yarışı bayram ovqatının idman və incəsənət həlliydi.
Avarçəkmə deyəndə ağla ilk öncə Mingəçevir gəlirdisə, indi Suqovuşan deyəcək, Suqovuşan çağıracağıq. Turizm deyincə Qəbələ, Şəki, Şahdağ, Tufandağ deyirdiksə, indi Şuşa, Laçın, Kəlbəcər, Dəlidağ (da) deyəcəyik.
İnfrastruktur layihələri sürət və keyfiyyət yarışı ilə, necə deyərlər, zamanla yarışaraq icra edilir.
Sınırın o üzündə, uğursuz dövlətin uğursuz idarəçiliyi altında olan tarixi torpaqlarımızda isə həyat sönüb sanki, sanki inkişaf mələyi qeyb olub. Bizim Qarabağın dağlıq bölümündəki ərazilərdəki ermənilərinsə iki yolu var: ya mələyi qeyb olmuşların yolu, daha doğrusu, yolsuzluğu ilə getmək (yolsuzluq və getmək zatən təzad təşkil edir və yolsuz yürümək ağılsızlıqdır) ya da ağlı salim şəkildə, bizim çəkdiyimiz elektrik, qaz xətlərindən, torpaq, dəmir, hava yollarından faydalanmaq.
Biz ev tikirik, biz qururuq və bu tikinti quruculuq Gələcək Qurmaqdır, barış, əmin amanlıq yaratmaqdır.
Seçim bu qədər aydın və bu qədər fərqlidir. Təklif var, israr yoxdur. Ancaq qəti əminliklə demək olar: qalib Azərbaycanın cızdığı xətt, müəyyənləşdirdiyi yol ilə gedə bilməyənlərin gələcəyi qaranlıqdır.
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
BAYRAMIMIZ MÜBARƏK!
КомментарииОставить комментарий