Общественно-политическая интернет газета
İndiki cavanlar bilməz, SSRİ-nin dağılhadağıl vədələrində (1988-ildə) mərkəzi televiziyaya bir ekstrasens çıxdı və bir neçə gündən sonra ölkənin iki məşhur adamından birinə döndü.
O biri məşhur adam Mixail Qorbaçov idi. Bu ikisini ölkədə hamı tanıyırdı.
Adamın adını çox adam bilmirdi, hamı ona, eləcə, Kaşpirovski deyirdi. Allah tərəfi, soyadın səslənişi yaxşıydı, həm yaxşı yadda qalırdı, həm də əsrarəngiz idi. Əsl ekstrasens soyadıydı.
İndiki cavanlar onu da bilməzlər ki, o vaxtlar bu boyda ölkədə cəmi iki TV vardı – biri mərkəzi televiyaydı, biri də respublika televizyasıydı, onların ekranına kim çıxırdısa, anındaca məşhur olurdu.
Ona görə ki, başqa iş-güc, əyləncə-filan yox idi, hava qaranlıqlayan kimi, küçələrdən əl-ayaq çəkilirdi və millət, indiki aparıcıların diliylə desək, ekran başına kilidlənirdi. “Günün ekranı” xəbərlər buraxılışına, “İnsan və qanun” adlanan kriminal verilişə, “Komediyalar aləminə səyahət” və “Səhər görüşləri” kimi əyləncəli verilişlərə hamı baxırdı. Bir də hər axşam mərkəzi televiziya ilə, bizim vaxtla saat 10-da verilən “Zaman” (“Vremya”) verilişinə hamı tamaşa edirdi. Qaydaydı. “Vremya”dan sonra kino göstərirdilər.
Kaşpirovskinin televiziyaya çıxması o vaxta qədər SSRİ-də falçılığa, ekstrasensliyə qarşı olan tabunu qırıq-qırıq eləmişdi. Bir buna, bir də “Vremya” verilişinin başlanma vaxtını göstərən divar saatının siferblatında “Olivetti” şirkətinin reklamının yerləşdirilməsinə görə camaat yerlərdə deyirdi ki, deyəsən, SSRİ çökəcək.
Hardan belə qənaətə gəlmişdilər, bilmirəm, amma bunu əminliklə deyirdilər.
Əslində “Olivetti” yazı makinaları, kompüterlər, printerlər və sair avadanlıq istehsalçısı olan İtaliya şirkəti idi. Onun menecerlərinin ağlına gəlmişdi ki, SSRİ bazarına girmək üçün 289 milyonluq ölkədə hamının baxdığı “Vremya”nın başlanğıc dəqiqəsindəki 20-30 saniyəlik yeri öz reklamları üçün alsınlar. İtalyanlar bu, yarım dəqiqəlik vaxt üçün nə qədər pul ödəmişdilər, bilən yox idi, amma xalq buna qarşıydı, deyirdi, bu, xeyir əlaməti deyil, ölkə kapitalizmə doğru gedir.
Bunun əksinə olaraq sovet xalqı psixoterpaevt Kaşpirovskiyə inanırdı. Onun seansları olan vaxt azı 30 milyon adam ona baxırdı. Bəziləri hətta deyirdilər ki, onun çıxışlarına baxandan sonra xeyli yüngülləşirlər, guya ki, bu adam məsafədən, yəni teleekrandan insanları müalicə edir.
Əlbəttə, bunların hamısı aldanış və özünütəqlin idi. Adam, sadəcə, necə deyərlər, zamanın nəbzini tutmuş, “haqqın yolunu tapmış” ütük biri idi və qısa zamanda pul və şöhrət qazanmışdı.
Sonra ortalığa o qədər ekstrasens-mekstrasens, maq-muq, cadugər-madugər, falçı-malçı çıxdı ki, Kaşpirovskinin səsi o xorda eşidilməz, özü isə fırıldaqçılar cəngəlliyində görünməz oldu. Adamın şöhrəti azaldı. Sovet xalqının başı müstəqil dövlətlər qurmağa, məhəlli müharibələrə, bazar iqtisadiyyatına, özəlləşdirməyə-filana qarışdı, Kaşpirovskini unutdu. Çox adam elə bilirdi, o ölüb.
Heç demə, xətakün sağ imiş. Arada deputat olub, orda-burda seanslar verib, Jirinovskinin partiyasına qoşulub, elə onun kimi məclislərdə dava-zad da salıb. Hətta Kaşprovski 1995-ci ildə Budyonovsk xəstəxanasında yüzlərlə insanı girov götürən Şamil Basayevi hipnoz eləmək istəyib. Hökumət düşünürmüş ki, Kaşpirovski Şamili uyduracaq, onlar da qandallayıb aparacaqlar Butırkaya. Amma alınmayıb. O zamanlar Basayev bütün Rusiyanı hipnoz eləmişdi, ona güc çatardımı? Ondan sonra xəlayiq görüb ki, Kaşpirovskidə elə bir qabiliyyət yoxdur.
Budur, o, 30 ildən sonra yenə fırıldaq arenasına qayıdıb. Düzdür, indi internet əsridir, insanlar Moskvada oturub Tokiodakı, Monrealdakı, Sidneydəki dost-tanışı ilə görüntülü danışa bilir, amma ekstrasenslərə, mistik qüvvələrə, fövqəlinsani qabiliyyətlərə inam 1988-ci ildəkindən fərqli deyil, hətta daha dərindir.
85 yaşlı Kaşpirovski də düşünüb ki, öz köhnə qabiliyyəti və şöhrəti ilə ömrünün qürub çağında milyonçu ola bilər. Elə də olub. Adam 4 günün içində 6 milyon rublu qatdalayıb qoyub keysinə.
Maşallah olmasın heç, deməzsən ki, 85 yaşı var. Saçı-başı da əvvəlki kimidir, həm qapqaradır, həm də müğənni Kobzonunku kimi həlqəvidir. Yaxşı qalıb. Bəlkə də heç özü deyil.
Amma onun postsovet məkanının informasiya, efir məkanında yenidən peyda olmasının bir minusu o olub ki, Tatyana Çerniqovskaya adlı bir psixolinqvist akademik adamın fırıldaqçı olduğunu deyib.
İndi siz işə baxın, Kaşpirovski və adamları akademiki məhkəməyə vermək istəyirlər, ondan 15 min dollar təzminat tələb edirlər. Guya alim onun işgüzar nüfuzuna zərbə vurub.
Bax, belə bir dövrana gəldik, dələduzun biri görkəmli elm xadimini, rus demişkən, “neprav” çıxarır.
Bəlkə də özümüzdə Mirzə Cəlil sağ olsaydı, Şeyx Nəsrullah yosunlu adamlar onu məhkəməyə verər, təzminat istəyərdilər, deyərdilər, elm ölü diriltməyi, dua ilə ağır xəstələri sağaltmağı istisna etmir.
КомментарииОставить комментарий