Общественно-политическая интернет газета
Ermənilərin TIR həyasızlığı davam edir. Bu gün İrəvanda akkreditə olunmuş diplomatik korpus və beynəlxalq təşkilatların nümayəndələrinin Azərbaycanla sərhədə “humanitar yük” adı ilə göndərilmiş TIR-ların dayandığı sərhəd kəndi Kornidzora gələcəyi gözlənilir.
Avropa Birliyi missiyasının erməni lobbisinə satılmış üzvləri isə çoxdan ordadırlar. Beləcə, haylar dəridən-qabıqdan çıxır ki, vəziyyəti şişirdib ona “beynəlxalq böhran statusu” versinlər, Azərbaycanı hədəfə gətirsinlər. Nə yazıq ki, kapitulyant ölkədəki xarici diplomatlar, özəlliklə qərbi avropalılar suveren haqlarımıza qarşı bu çirkin oyunun və siyasi şounun fəal iştirakçıları olmağa məmnuniyyətlə razı olublar...
“ABŞ Azərbaycanın Laçın dəhlizinin davam edən blokadasından dərin narahatdır. Humanitar yardımın dayandırılması pisləşən vəziyyəti daha da ağırlaşdırır və sülh prosesində etimadın möhkəmləndirilməsi səylərini sarsıdır. Laçın dəhlizi ilə açıq və sərbəst tranzit dərhal bərpa edilməlidir”.
Bu barədə ABŞ-ın Ermənistandakı səfirliyinin dünənki açıqlamasında bildirilir.
Adamın inanmağı gəlmir ki, bunu bəyan edən ABŞ səfiri cəmi iki həftə öncə Ermənistan TV-nə müsahibəsində Qarabağdakı erməni azlığın Azərbaycan tərkibində dinc və təhlükəsiz yaşayacağına əmin olduğunu söyləyib – hansı ki, erməni toplumunda az qala şok effekti yaratmışdı.
Əcəba, indi bu narahatlığın adı, nədəni nə? Biz hansı xətanı işlədib, hansı yanlışı eləmişik ki, erməni azlığa görə əl-ayağa düşmüsüz? Azərbaycan götürdüyü hansı öhdəliyi, beynəlxalq hüququ, konvensiyanı, qoşulduğu mötəbər təşkilatların nizamnamələrini pozub? Hansısa ölkənin ərazisinəmi girib? Ya bəlkə Xankəndində etnik təmizləmə aparıb və ya aparmaq istəyir? Axı buna can atan ölkə Ağdamdan humanitar yol təklif eləməz!..
“Paris Laçın dəhlizi ilə hər iki istiqamətdə insanların, malların və yüklərin sərbəst hərəkətinin bərpasını, həmçinin Dağlıq Qarabağ əhalisinin qaz və elektrik enerjisi ilə fasiləsiz təmin olunmasını TƏLƏB edir (seçdirmə bizimdir – Z.S.)”.
Diplomatik əndazəni aşan, açıq-aşkar daxili işlərimizə qaba müdaxilə niyyəti güdən bu sırtıqlıq nümunəsi isə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında yer alıb.
Davamı da var: “Fransa Dağlıq Qarabağla bağlı üçtərəfli bəyanatın öhdəliklərinə zidd olaraq və danışıqlar prosesini təhlükə altına qoyan Laçın dəhlizinin davam edən blokadasından təəssüflənir”.
Oxşar mövqeyi dünən Fransanın Azərbaycandakı səfiri ifadə edib – gəmidə oturub gəmiçi ilə dava edən xanım Ann Buayon...
“Paris tələb edir...” Çağırış və ya xahiş edir yox a, TƏLƏB edir!
Hansı haqla? Neçə-neçə xalqı soyqırıma məruz qoyan və buna görə tükü də tərpənməyən, Afrikada hələ də müstəmləkəçi siyasət aparan bir dövlət nə haqla ərazimizdəki bir ovuc erməniyə vəkillik edir, bizi hansısa etnik azlığın hüquqlarını pozmaqda suçlayır?
Madam belədir, onda biz də tələb edirik ki, Fransa öncə həmin soyqırımlarını tanısın (saxta erməni soyqırımını tanıdığı kimi) və o xalqlardan üzr istəsin, onlara böyük təzminatlar ödəsin...
Uydurma blokadaya gəlincə, əvvəla, qoy Fransa XİN-i getsin adını çəkdiyi 10 noyabr üçtərəfli bəyanatı təzədən oxusun. Bəli, onun 6-cı bəndində Laçın yolundan danışılır. Ancaq ondan öncə 4-cü bənd var. 4-cü! Orda nə yazılıb, bilirlərmi? Yadlarına salırıq: “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir”.
Fransa rəsmilərindən kimsə, nə vaxtsa bircə dəfə bundan, 4-cü bənddən danışıbmı? Eşidən olubmu? Yoxdur belə şey. Amma əvəzində Fransa XİN-i utanmazcasına car çəkərək, rəsmi Bakını “Dağlıq Qarabağla bağlı üçtərəfli bəyanatın öhdəliklərinə zidd” davranışda ittiham edir! Biz də ermənidən çox ermənilik etməyə çalışan çoxüzlü və ksenofob Fransanın söykəndiyi həmin o 10 noyabr sənədi əsasında TƏLƏB edirik: qanunsuz silahlı birləşmələr ərazimizdən çıxarılsın!
Ancaq Azərbaycan bunu təkcə tələb etmir, bir azdan həm də reallaşdıracaq. Çünki Laçının girişində yoxlama postu qoymaq kimi bu da bizim suveren haqımızdı. Bu haqqı nə Paris, nə də Vaşinqton və ya Moskva əlimizdən ala, qəsb edə bilməz.
Odur ki, nə qədər istəyirsiniz, tələb edin...
КомментарииОставить комментарий