Общественно-политическая интернет газета
Bu gün Azərbaycan Respublikasında Əlifba və Dil Günü bayram edilir! Qutlu olsun!
Yeni Azərbaycan əlifbaslnın tətbiqi müstəqil respublikamızıın ictimai-siyasi həyatında baş vermiş ən önəmli hadisələrdəndir.Dövlət müstəqilliymizin bərpasından sonra yaranmış əlverişli ortam xalqımızın (necə deyərlər) dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni yol (imkanlar) açdı və latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri qıldı. Bu əlifba ulu dədələrimizin daş üstündə nəqş etdirdiyi əlifbaya (“Orxon-Yenisey əlifbası”na) da oxşar sayıla bilır. Kiril əlifbası keçmiş Sovet imperiyasının, müstəmləkəçiliyin nişanəsi kimi incidici, itələyəciydi…
Bəlli olduğu kimi, həmişə müstəqil qardaş ölkəmiz Türkiyə Cümhuriyyətinin əlifbası latın qrafikalıdır, habelə digər qardaş ölkə Türkmənistan da bizimlə yanaşı latın qrafikalı əlifbaya keçib; o biri qardaş ölkələrdən Özbəkistan və Qazaxısanda isə hələlik kiril və latın qrafikalı əlifbalar (demək olar) paralel istifadə olunur (yaxın tarixdə latın qrafikalı əlifbaya nəhayət qəti keçid gözlənilir). Türküstandakı o biri qardaşımız Qırğız Respublikasının da əlifba islahatına başlayacağına ümid edirik. Qırğızlar, qazaxlar öz türkcələrinin dövlət dili statusunun möhkəmlənməsi, tətbiq imkanlarının və əhatə dairəsinin genişlənməsi üçün ardıcıl tədbirlər həyata keçirir. Avropadakı qardaşımız - Türk Dövlətləri Təşkilatının müşahidəçi üzvü Macarıstanda, yavru vətən Kıprısda da latın qrafikalı əlifbadan istifadə edilir.
Hətta 90-cı illərdə qardaş Tatarıstan Respublikasında latın qrafikalı əlifba layihəsi işlənmişdi; Xalq şairi Razil Vəliyevin hazırladığı “Əlifba” dərsliyini öz gözlərimlə görmüşəm; bəlli gerçəkliklər üzündən o əlifba islahatı baş tutmamış olsa da, tatar aydınlarının Türk dünyasına hərtərəfli inteqrasiya yolundan əl çəkmədiyini bilirik…
Əlbəttə, könlümüzdən keçir, Özbəkistan, Qazaxıstan və Qırğız Respublikası tam şəkildə latın qrafikalı əlifbaya keçsin, bununla da ümumtürk əlifba islahatları yolunda irəli addım atılmış olsun. Azərbaycan əlifba islahatı modeli Türküstandakı qardaşlarımızçün örnək ola bilər.
Azərbaycan Respublikası 1992-ci ildən yeni əlifbaya keçid etsə də, tam və qəti keçid yalnız 2001-ci ildə mümkün oldu.
Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında 09 avqust 2001-ci il tarixli 552 saylı Prezident Fərmanı bir tarixi hadisədir!
Əlifba, millətin daşıyıcısı olduğu dillə birgə, həmin millətin simasını səciyyələndirən önəmli faktordur. Güney Azərbaycanda (Azərbaycanın güneyində) ərəb qrafikalı fars əlifbası qüvvədədir, üstəlik, azərbaycanca təhsil, rəsmi yazışma və işləmlər faktiki olaraq mümkünsüzdür. Müstəqil Azərbaycan Güney üçün cazibə ocağı və qürur qaynağıdır. Vaxt gələr, vədə yetişər Güneyli-Quzeyli bir əlifbadan istifadə edərik. Haqq incələr, üzülməz!
Hazırda Yer üzündə yeddi minə yaxın dil mövcuddur. Alimlərin fikrincə, son yüz il içində üç mindən altı minədək dili ölüm təhlükəsi ilə üz-üzə qalıb. Yer üzündə, beynəlxalq birliyin tanıdığı 195 dövlət, bu saydan bir qədər artıq dövlət dili statusu daşıyan dil vardır. Təsəvvür edin: Yer üzündə mövcud dillərdən hər 35-dən yalnız birinin dövlət dili statusu var!
Azərbaycan dilinin dövlət dili statusu dövlətçilik tariximiz qədər qədim, şanlı-şərəfli gələnəklərə malikdir.
Azərbaycan dili yalnız Dünya azərbaycanlılarının ünsiyyət vasitəsi deyil, o, bizim qardaş xalqlarla ünsiyyətimizi təmin edə bilir, “ortaq keçmişdən ortaq gələcəyə” gedən yolda əsas istinadgahlardan biridir. Dilimiz ətraf aləm, ümumən dünya haqqında təsəvvür yaradan təbii intellektual sistem olaraq qürur qaynağımızdır. Bu dildə şedevrlər yaranıb! Həsənoğlu, Qazi Bürhanəddin, Nəsimi, Füzuli, Qurbani, Tufarqanlı Abbas, Xəstə Qasım, Vaqif, Mirzə Fətəli Axundov, Aşıq Ələsgər, Hüseyn Bozalqanlı, Hədən bəy Zərdabi… fərqli ictimai-siyasi quruluşlarda, tarixin, coğrafiyanın fərqli məqamlarında bu dildə kamil əsərlər yaradıb!
Biz dil bilgisi haqqında danışarkən, ulu dədəmiz Qaşqarlı Mahmudu (1008–1102) dərin sayğılarla anırıq. Ruhuna alqış! Onun dünyaca ünlü “Divanü Lüğat-it-Türk” əsəri ensiklopedik biligilər xəzinəsi və dil coğrafiyası xarakteri daşıyır. Türk dili, ləhcələri, tarixi, coğrafiyası, folkloru, mifologiysı və s. ilə bağlı materialları əhatə edən bu bilik xəzinəsini yaratmaq üçün o, on ildən artıq türklər yaşayan bölgələri gəzərək materiallar toplamışdır.
Bəli, dilimiz milli sərvətimizdir; o, respublikamızın hüdudlarından çox çox böyük olan mədəniyyət hüdudlarımızı göstərir. Dilimizin corğafiyası tariximizə ayna tutur, böyük gələcəyə, yeni üfüqlərə qanadlanmağımıza ruh verir.
Azərbaycan dilinin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə yiyəlik etməsinin, dövlət qurmaq, o dövləti qorumaq gücünün, milli iradənin, xəlqi cəsarətin ifadəsidir. Dilin dövlət statusu dilin zənginliyinin, istənilən əməli çalışma sahəsi üzrə fikirləri dəqiq ifadə edə bilmənin sübutu, təntənəsidir.
Dövlət dili
Dövlət dilindən, dilimizin dövlət statusundan danışarkən ortaq türk dövlətçilik tarixindəki tətbiqləri, habelə Şah və şair babamız Xətainin hökmlərini, Xalq Cümhuriyyətimizin dil və əlifba islahatı istəklərini, praktikasını dərin sayğılarla anırıq. 1926-cı ildə Baklda keçirilən I Türkoloji Qurultayda əlifba və dillə bağlı aparılan elmi müzakirələr, qəbul edilən qətnamələr, qərarlar undulmazdır.
Sonra Stalin repressiyası, totalitar rejimin basqıları gözəllikləri soldurdu, qan-qada, sürgünlır başladı… - Əlifba, dil islahatları çox ciddi zədə aldı… Amma qara buludlar Günəşi əbədi qapaya bilməzdi, təbii!
Ötən yüzilin 70-ci illərinin ortalarından başlayaraq (keçmiş) SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da güclənmiş oldu. Belə bir ortamda ana dili məsələsinin təbliği, tərənnümü ilə məşğul olmaq cəsarət tələb edirdi. Məşum 30-cu illərdə dil məsələsini qabardanların sıxışdırıldığı, rəsmən “xalq düşməni” elan ediliyi yaddaşlardan silinməmişdi...
Belə bir tarixcəyə, gerçəkliyə və də bəlirsiz perspektivə baxmayaraq, həmin o, 70-ci illərdə Azərbaycan Respublikasının başçısı olan - xalqına, doğma vətəninə və mədəni irsə ürəkdən bağlı olan dövlət və siyasət xadimi Heydər Əliyev dil məsələsində öz mövqeyini cəsarətlə ortaya qoydu. Tarixi təşəbbüs göstərən Heydər Əliyev, 27 aprel 1978-ci il tarixində Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsinin əlavə olunmasına nail oldu.
O, ana dilinin dövlət dili olaraq tətbiqi, qorunması, inkişafı uğrunda dönməz mübarizə apardı. Bu yolda ardıcıl mübarizə aparan Ümummilli lider aydınları, alimləri, şair-yazıçıları, ümumən xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb etmiş oldu. Xalq ruhundan süzülənlərlə irəligörüşlü rəhbərin iradəsi üzvi surətdə birləşdi.
Azərbaycanın dilçi alimlərinə özəl diqqət yetirən Heydər Əliyev, Azərbaycan dilinin inkişafı, zənginləşməsi yönündə müxtəlif vasitələrdən, üsullardan istifadə edirdi. O cümlədən, dilçi alimlərə yüksək diqqət-qayğı göstərilməsi, doğma dildə nəşr edilən kitabların tirajlarının artırılması və digər tədbirlər ana dilinin daha da inkişaf etdirilməsi məqsədi daşıyırdı.
Müstəqilik illərində bu xətti daha geniş axara salmaq imkanları artdı. Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmini əsas alaraq, 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzaladı. Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması, möhkəmləndirilməsi baxımından müstəsna önəm daşıyan bu Fərman, dövlət dili ilə bağlı hərtərəfli bilgiləri özündə ehtiva etməkdədir.
30 sentyabr 2002-ci ildə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun qəbul edildi. Qanuna əsasən, Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır.
Siyasi kursa sadiqlik
Prezident İlham Əliyev tərəfindən 12 yanvar 2004-cü ildə imzalanmış “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamla latın qrafikalı Azərbaycan əlifbası ilə nəşr olunacaq əsərlərin siyahısı hazırlandı. Həmin il yanvarın 14-də “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il dekabrın 30-da “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamlarla ana dilimizin həyatımızın fərqli sahələrində geniş tətbiqi gerçəkləşdi.
Çağdaş dönəmin çağırışlarını, tələb və gerçəkliklərini nəzərə alan Prezidentin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və (09 aprel 2013-cü ildə) ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı təsdiq etməsi də, milli və mənəvi varlığımızın aynası olan ana dilimizin saflığının, zənginliyinin qorunması baxımından önəmli tarixi hadisədir. Dövlət Proqramının məqsədi nə idi? - Azərbaycan dilinin istifadəsinə və araşdırılmasına dövlət qayğısının artırılması, dilimizin qloballaşma ortamında zamanın tələblərinə (trendlərinə) uyğun istifadəsi, ölkədə dilçilik araşdırmalarının yaxşılaşdırılması bə s.
Azərbaycan dilinin elektron məkanda geniş istifadəsini təmin edən tədbirlərə də vurğu etmək istərdim. Prezident İlham Əliyevin 17 iyul 2018-ci il tarixli “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından özəl önəm daşımaqdadır. Dövlət başçısının 01 noyabr 2018-ci ildə imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı da ölkəmizdə dövlət dilinin yüksək diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq etməkdədir.
“Dil hər bir millətin mənliyinin əsasıdır. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir” (Ümummilli lider Heydər Əliyev).
Zəfərin dili!
Dil haqqında danışarkən, dövlət-xalq birliyi ilə qazanılmış şanlı Zəfərimizi, Zəfər üçün türkü, şərqi deyə-deyə ölümü öldürməyə gedən qəhrəman şəhidlərimizi, igid qazilərimizi əsla unutmuruq. 08 noyabr 2020-ci ildə Müzəffər Ali Baş Komandan bu sözləri doğma dilimizdə tarixə, bu günə və gələcəyə ismarladı:
“Əziz Şuşa, sən azadsan!
Əziz Şuşa, biz qayıtmışıq!
Əziz Şuşa, biz səni dirçəldəcəyik”!
Qəhrəman şəhidlərimizin, igid qazilərimizin, bir sözlə, şanlı Ordumuzun gücü ilə, dövlət-xalq birliyinin təntənəsində işğaldan azad etdiyimiz şəhər və kəndlərimizdə qondarma adlar, yabançı dil və oğurluq “qədim erməni milli əlifbası” zibilliyə göndərilərək, öz dupduru adlarımız bərpa edilib, dövlət dilinin və əlifbamızın tətbiqi başlayıb! Ermənistan-Azərbaycan şərti dövlət sınırının Həkəri çayı üzərindəki körpüsünün üzərində - Laçın sınır qaraqolunda ermənilər Azərbaycan dili ilə yazılmış bildiriş lövhəsi ilə üz-üzə qalır.
Heç şübhəsiz, Xankəndi, Xocavənd, Xocalı, Əsgəran da öz dilimizin gözəlliyinə bürünəcək, öz dilimizi dinləyəcək, öz dilimizdə “danışacaq”, “nəfəs alacaq”!.. O gün əsla uzaqda deyil! O uzaqda olmayan günlərdən Zəngəzur üçün, Göyçə üçün, İrəvan üçün də var!
Dilimizin saflığı, qorunması, inkişafı, tətbiqi uğrunda ömür sərf etmiş bütün aydınlarımızı, elm, mədəniyyət və dövlət xadimlərimizi bir daha dərin sayğılarla yad edir, yaşayan dilçilərimizə, dili zənginləşdirən qələm adamlarımıza yeni yeni uğurlar diləyirəm!
Əlifba və Dil bayramımız qutlu olsun!
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
КомментарииОставить комментарий