Общественно-политическая интернет газета
İsrailin keçmiş rabitə naziri (2017-2019) Ayub Kara Azərbaycanla xoş münasibətdə olan siyasətçidir. Əslən durus olan Ayub Kara 2 dəfə Azərbaycanda olub. Qafqazın Xirosiması kimi tanınan Ağdamı ziyarət edib. Səfər təəssüratları ilə bağlı o, belə yazmışdı: “Orada gördüklərim mənə I Livan müharibəsi zamanı şahidi olduğum dəhşətli vəziyyəti xatırlatdı. Əslində, Qarabağda gördüklərim Livanda gördüklərimdən də pis idi”. O, Xocalıda ermənilərin törətdiyi cinayəti soyqırım kimi təsbit edib.
Ayub Kara İsrail Türkiyə münasibətlərinin normallaşması üçün də böyük işlər görüb.
O, ABŞ-da fəaliyyət göstərən və yerli yəhudilərə bağlı “jns.org” saytında “Can Azerbaijan once again help mend Turkish-Israeli ties?” (Azərbaycan Türkiyə-İsrail əlaqələrinin bərpasına bir daha kömək edə bilərmi?) adlı məqalə ilə çıxış edib.
Məqalədə deyilir ki, Türkiyədə antisemitizm artmaqdadır. İstanbul Universitetinin yanındakı bir kitab mağazasında girişə “Yəhudilərə icazə verilmir” yazılmış lövhə vurulub. İzmirdə sinaqoqda “qatil İsrail” yazılmış şüarlar asılıb. Hazırda Türkiyədə bir çox taksi sürücüsünün israillilərə xidmət etmək istəmədiyi barədə məlumatlar var.
Bunlar son vaxtlar bildirilən antisemitizmə bağlı hadisələrin yalnız bir neçəsidir.
Bütün bu hadisələr Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın terror təşkilatının 7 oktyabrda törətdiyi dəhşətli qırğına baxmayaraq, HƏMAS-ı “azadlıq qrupu” adlandırmasından sonra baş verib. Ərdoğanın bəyanatı İsraili Türkiyədən diplomatik heyətini geri çəkməyə vadar edib.
2010-cu ildə “Mavi Mərmərə” hadisəsindən sonra bir çox israilli Türkiyə-İsrail münasibətlərinin sona çatmasını istəyirdi. İndi də son hadisələrdən sonra yəqin ki, eyni hiss çoxlarına hakim kəsilib. Buna baxmayaraq, İsrailin Türkiyə-İsrail münasibətlərindən əl çəkməsi məqsədəuyğun deyil.
Türkiyə və İsrailin bir çox ortaq siyasi və iqtisadi maraqları var. İki ölkə arasında gərginliyə baxmayaraq, Ərdoğan da daxil olmaqla hamı bunu yaxşı bilir. Əgər İsrail Fars körfəzi ölkələri ilə birləşsə və Türkiyə İranın müttəfiqi olaraq qalsa, bu, Türkiyənin maraqlarına xidmət etməz.
Ərdoğan bütün sünni ərəb dövlətlərinin İsraillə əməkdaşlıq edə biləcəyini başa düşür, ona görə də Türkiyənin təklənib İranın tərəfində qalacağı reallığından çəkinir. Beləliklə, o, İrandan çox İsrailə ehtiyacı olduğunun fərqindədir. Buna görə də müharibədən əvvəl o, İsrailə yönəlik siyasətini daha dostcasına həyata keçirirdi. Türkiyə küçələrində fələstinlilərə xalqın dəstəyinə baxmayaraq, bu reallıq indi də dəyişməyib.
Bu kontekstdə Azərbaycan kimi antisemitizm tarixi olmayan, həm İsrail, həm də Türkiyə ilə yaxşı münasibətləri olan bir ölkə iki ölkə arasında vasitəçi ola bilər. Bu, Ərdoğanı anti-İsrail mövqeyindən uzaqlaşdıra və onu Qəzza böhranından kənarda qalmağa inandıra bilər. Azərbaycanın vasitəçiliyi İsraillə Türkiyə arasında müharibədən əvvəlki barışıqda da böyük rol oynayıb. Bəs nədən Azərbaycan bir daha buna cəhd etməsin?
Türkiyə ilə İsrail arasında münasibətlərin yaxşılaşması Azərbaycanın maraqlarına uyğundur. İki ölkə arasındakı düşmənçilik Azərbaycanı narahat vəziyyətdə qoyardı, çünki Azərbaycan həm Türkiyə, həm də İsraillə güclü hərbi, siyasi, strateji və iqtisadi əlaqələrə malikdir. Azərbaycan İsrailin enerji ehtiyacının 40%-ni təmin edir və silah-sursatının 60%-dən çoxunu yəhudi dövlətindən alır. Bundan əlavə, Azərbaycanda Azərbaycan-İsrail dostluğuna böyük dəyər verən 3 min (orijinalda səhvən 30 min gedib) nəfərlik yəhudi icması çiçəklənir. Yəhudi və Azərbaycan xalqları arasında yaxşı münasibətlər çoxəsrlik tarixə malikdir və çiçəklənən müsəlman-yəhudi münasibətlərinin necə görünə biləcəyinin nümunəsidir.
Üstəlik, ravvin Şmuel Simantovun müsahibəsində dediyi kimi, Azərbaycan da Türkiyəyə çox yaxındır.
“Əvvəla, Azərbaycan prezidenti ilə Türkiyə prezidenti qardaş kimi yaxın dostdurlar. Beləliklə, Azərbaycan bu məsələdə tərəflərə çox kömək edə bilər. Bundan əlavə, münasibətləri yaxşılaşdırmaq üçün istifadə edilə bilən bir çox başqa şeylər də var. Türklər və azərilər yəhudilərə sadiq xalq kimi baxırlar. Antisemitizm mahiyyətcə mədəniyyətin bir hissəsi deyil. Ona görə də İsrailin Türkiyə ilə sülh bağlaması elə də çətin olmamalıdır. Türk diasporu ilə Azərbaycan diasporu bütün dünyada bir-biri ilə əlaqədədir və qarşılıqlı təsirə malikdir”.
Beləliklə, ümid etməyə əsas var ki, Azərbaycan bir daha İsrail-Türkiyə münasibətlərini düzəldə bilər, bu da iki ölkə arasında müharibədən əvvəlki yaxınlaşmanın bərpasına gətirib çıxarar...
Yazının orjinalı burada
КомментарииОставить комментарий