Общественно-политическая интернет газета
Bəri başdan deyim ki, bizim hakimiyyətin Avropa Şurasının Azərbaycana yönəlik indiki siyasətini tənqid etmək üçün bütün haqları var - əlbəttə ki, onlar bu xüsusda tənqidi fikirlər səsləndirməkdə əsasən haqlıdırlar. Amma ən azı iki ciddi məqam var ki, bunlar bizim Avropa Şurasındakı üzvlüyümüzün tamam faydasız olmadığnı deməyə əsas verir. Nədir bu məqamlar?
Birincisi, biz öz milli qanunvericiliyimizi Avropanın və eləcə də dünyanın demokratik standartlarına uyğunlaşdırdıq. Bəli, nəzəriyyəçi-hüquqşünaslar demişkən: Avropa qanunvericiliyinin bizim milli qanunlara inkorporasiyası baş verdi...
Amma çox təəssüf ki, belə vacib və həm də çox mütərəqqi bir qanunvericilik prosesi axıradək aparılmadı, bir növ yarımçıq qaldı, çünki bir müddətdən sonra sərbəstlik hiss edən hakim partiya əsas qanunlarımızı öz siyasi maraqlarına və planlarına uyğunlaşdırdı.
İkincisi, ölkəmiz Avropa Şurasına üzv olandan sonra, ən əsası da Avropa İnsan Haqları Məhkəməsinin yurisdiksiyasını tanıyandan sonra nə qədər insana qarşı hüquqi təqiblərə son qoyuldu, nə qədər insan hətta həbsdən azad edildi və neçə -neçə insanımıza elə bizim öz milli hüquq-mühafizə orqanlarımız tərəfindən vurulmuş mənəvi ziyan ödənildi və ya kompensasiya edildi!..
Bəli, insanlarımız daha bir, özü də çox ciddi hüquqi dəstək və müdafiə imkanları və mexanizmi qazandı!
Odur ki, burada sual olunur: məgər bunlar azdırmı? Əlbəttə ki, az deyil, amma hakim dairələr Avropa Şurasına həmişə keçmiş Dağlıq Qarabağ problemi prizmasından baxıblar və həmişə Şuranı onda ittiham ediblər ki, guya o, gözləntilərin əksinə olaraq Qarabağ problemini həll etmədi, hərçənd, dəfələrlə yazılıb və deyilib ki, Avropa Şurası belə problemlərlə məşğul olmur, onun fəaliyyət predmeti üzv dövlətlərdə insan haqlarının və demokratiyanın vəziyyətidir, Qarabağ problemilə məşğul olmaq üçün BMT, ATƏT kimi təşkilatlar və ən əsası da, biz özümüz varıq!..
Amma çox təəssüf ki, Şura tədricən Qarabağ problemilə də “məşğul” olmağa başladı. Kaş ki, o, heç bunu etməyəydi! Qeyd edək ki, bunda bizim deputatların da xidməti az olmamışdı. Onlar Avropa Şurasına üzvlüyün ilk günlərindən ermənilərə və Ermənistana qarşı ifşaedici çıxışlar etməyə başladılar – belə bir ümidlə ki, Avropanın bu tribunasından da milli maraqlar üçün istifadə etmək lazımdır. Əlbəttə ki, onlar haqlı idi və bu, həm də ədalətli yanaşma idi.
Beləliklə, tədricən keçmiş Dağlıq Qarabağ problemi də Şuranın məşğul olduğu predmetə çevrildi, hərçənd, bundan da əvvəl, Şuraya üzv olarkən bizim götürdüyümüz öhdəliklərin sırasında belə bir maddə də vardı ki, Bakı Dağlıq Qarabağ problemini yalnız və yalnız dinc vasitələrlə həll edəcək – bəli, Strasburq lap əvvəldən, necə deyərlər, bizə belə bir şərt sırımışdı. Qərəz, bütün bunların nəticəsi bu oldu ki, Avropa Şurasında R.Koçaryan və S.Sarqsyan kimi cəlladlar peyda olmağa başladılar və onlar hətta avropalı parlamentarilər qarşısında çıxışlar da etdilər, təşkilat özü isə tədricən açıq-aşkar ermənipərəst siyasət yürütməyə başladı, hərçənd, səhv etmirəmsə, arabir onun tribunasından azərbaycanpərəst bəyanatlar da səslənirdi...
Odur ki, bir daha yazının əvvəlindəki fikrə qayıdaraq təkrar bildiririk ki, bizim hakimiyyət Avropa Şurasını tənqid etməkdə haqlıdır.
Amma burada çox maraqlı bir sual yaranır: doğrudanmı Avropa Şurasının bizə qarşı tənqidi yanaşmasında bircə ədəd belə olsun, haqlı irad yoxdur? Bizə elə gəlir ki, burada bir az ciddi düşünmək lazımdır, axı biz də, necə deyərlər, tamam mələklər deyilik, ən azı ona görə ki, insan haqları və demokratiya müstəvisində bir xeyli problemlərimiz var.
Ona görə də Avropa Şurasının da tənqidinə ciddi münasibət göstərməliyik. Məsələn, belə şayiələr gəzir ki, bizim deputatlarımız Şuradakı müzakirələr zamanı əsl teatr-tamaşa qururlar: bir hissəsi bizim hakim partiyanın təmsilçiləri kimi çıxış edir, digər qismi isə müxalifətçi rolunu oynayır...
Etiraf edək ki, bu şayiələrin nə dərəcədə doğru olub, ya olmadığını bilmirik, amma o da məlumdur ki, parlamentimizdə və Avropa Şurasındakı təmsilçilərimiz arasında real müxalifətin üzvləri yoxdur, burada “müxalifətçilər” rolunu hakimiyyətyönümlü təkmandatlı cırtdan partiyaların üzvləri oynayırlar!
Yox, bunu “ənənəvi müxalifət”ə dəstək cəhdimiz kimi yozmayın, onların da həqiqi müxalifət adlanmağa nə qədər layiq olması çox böyük bir sualın predmetidir, amma on illərdir ki, parlamentə “propiska” olunan və yaxud da hazırda olunmaqda davam edən, heç cür artmayan-azalmayan və elə bircə mandatla qalan hakimiyyətyönümlü təkmandatlı cırtdan partiyaları da həqiqi müxalifət kimi qəbul etmək olmur axı!..
Ona görə də bizim tarixçilər deyəndə ki, guya Azərbaycanda hələ ötən əsrin əvvəllərində qadınlara seçki hüququ verilib, adam qeyri-ixtiyari olaraq etiraz etmək istəyir ki, bəylər, gəlin bir az təvazökar olaraq, çünki hətta indinin özündə bizim seçkilərlə və seçki hüququ ilə bağlı bir xeyli problemimiz var, özü də söhbət təkcə qadınların hüququndan da getmir, eyni məntiqlə bura kişiləri də əlavə etmək olar...
Əlbəttə, biz hər şeyi inkar etmək və siyasi nihilizmə yuvarlanmaq fikrində deyilik. Hazırda bizim hakim partiyanın bütün səviyyəli seçkiləri həqiqətən də udması üçün çox ciddi əsasları və imkanları var – axı ölkə qarşısındakı ən böyük problem, bəli, Dağlıq Qarabağ problemi həll olunub, işğal altındakı torpaqlarımız tamam azad edilib!..
Doğrusu, bir adi vətəndaş kimi biz heç vaxt ümidimizi itirməmişdik, daim düşünürdük ki, gec-tez bu müharibədə qalib gələcəyik, torpaqlarımızı azad edəcəyik, amma heç vaxt inanmazdıq ki, nəinki Şuşa, hətta erməni separatçılarının mərkəzinə çevrilmiş Xankəndi də azad olunacaq! Bəli, artıq bunlar yuxu deyil, gerçək reallıqlardır...
Amma İkinci Qarabağ Savaşındakı qələbə ölkənin daxili siyasətində də bir dönüş nöqtəsi olmalı idi.
Fəqət, baş verdimi bu? Çox təəssüf, hələ bu suala dərhal təsdiqləyici cavab verə bilmirik. Məsələn, bəzi məlumatlara görə, sonuncu parlament seçkilərində seçici fəallığı aşağı olub. Bir daha deyirik ki, biz bunun dəqiq belə olub-olmamasını bilmirik – hər halda, belə deyirlər. Əlbəttə, seçici fəallığının aşağı olmasının çox səbəbləri ola bilər, onlardan biri də bu ola bilər ki, insanlar seçkilərə inanmırlar...
Sonda çox kiçik bir haşiyə kimi qeyd edək ki, bu son günlərdə Gürcüstanın baş naziri cənab İrakliy Kobaxidze dedi ki, ola bilsin, ölkəsinin parlamenti tək partiyalı olacaq.
Üstəgəl, o, bunun “mexanizm”ini də göstərdi- əsas müxalifət partiyası anti-konstitusion elan olunur və beləliklə də parlamentdə yalnız hakim partiyanın deputatları qalırlar!..
Bundan başqa, gürcü hökuməti ölkənin QHT-lərini, yəni “üçüncü sektor”u özü maliyyələşdirmək istəyir, halbuki bu vaxta qədər QHT-lər hökumətin fəaliyyətinə nəzarət edirdilər!
İndi belə çıxır ki, Gürcüstan hökuməti özü özünə “nəzarət etməyi” planlaşdırır. Çox tanış mənzərədir, deyilmi? Ən başlıcası isə, bunun sonunu proqnozlaşdırmaq elə də çətin bir məsələ deyil, hamıya bəllidir...
Odur, gürcülərə deyərdik ki, qardaşlar, bütün bunları etməyə qəti tələsməyin. Etsəniz, korrupsiya yenə fontan vuracaq. Ən başlıcası isə, bütün bunlardan sonra ölkəni güc üsulları ilə idarə etməli olacaqsınız, hansı ki, müasir dünyada yalnız demokratiyadan uzaq Asiya ölkələri üçün xarakterikdir.
Həm də bu vaxta qədər qazandıqlarınızın hamısını tamamilə itirəcəksiniz, ən azı ona görə ki, bu yaxınlarda belə deyildi ki, Avropa İttifaqı Gürcüstan vətəndaşları üçün mövcud olan vizasız rejimi də ləğv etməyi düşünür...
КомментарииОставить комментарий