Свобода людям, независимость нациям!

Arzuolunmaz sənətçilər - Moskvada saxlanan ABŞ vətəndaşı Nərgizin suçu

Məşhur estrada müğənnisi Nərgiz Zakirovanın Rusiyaya səfər edərkən aeroportda saxlanması və onun bu ölkəyə girişinə qadağa qoyulmasının ortaya çıxması Rusiya-Ukrayna müharibəsinin, ifrata varmış düşmənçiliyin əhatə dariəsinin miqyasını da göstərdi.

Bu müharibəyə artıq nəinki iki ölkənin, eləcə də ətraf ölkələrin cəmiyyətlərinin bütün təbəqələri qarışıb - siyasətçilər, hərbçilər, sənətçilər, sıravi vətəndaşlar, bir sözlə, hər kəs.

Qırxıq başıyla, bol tatuajlarıyla ekssentrik görünüşlü Nərgiz Zakirova əslən asiyalıdır, Özbəkistandandır, hazırda ABŞ vətəndaşıdır, amma o da Avropada gedən bu amansız müharibənin zərərçəkənlərindən biri olub, onu aeroportdan Özbəkistana deportasiya ediblər. Nə var, nə var, müğənni qadın Ukraynada aparılan müharibəyə qarşı olduğunu bildirmiş, aqressorun kim olduğunu dəqiq göstərmişdi. Vəssalam. Bu, bir çox həmkarları kimi, onun da adının Rusiyada “arzuolunmaz şəxslər” siyahısına salınmasına səbəb olub (Nərgiz Zakirova haqqında sonrakı abzaslarda ətraflı bəhs ediləcək).

6592d68a94a60c10fc4bba6f2aed695c19e31efc_599_399_c.jpg (117 KB)

Rusiya tərəfinin tərtib etdiyi siyahı genişdir, burada əcnəbi “no var”çılar (müharibəyə qarşı olanlar) və pasifistlərlə yanaşı, Rusiya vətəndaşı olan, amma trivial ifadə ilə desək, “düşmən dəyirmanına su tökən” yerli artistlər də var. Ən məşhurları bunlardır: Maksim Qalkin, Valeri Meladze, Boris Qrebenşikov, Svetlana Loboda, Vera Brejneva və ayrı-ayrı musiqi qruplarının üzvləri.

Rusiyada onları “xain” hesab edirlər, çünki bu şəxslər Ukraynada “qardaş qanı” axıdılmasına qarşı çıxıblar və Kremlin militarist siyasətinin düzgün olmadığını bildiriblər. Bu isə istənilən totalo-avtoritar rejmlərdə cəzalandırıma üçün əsas verən hərəkətdir.

Ukrayna və bir sıra Avropa ölkələri də Rusiyadan olan, ancaq Moskvanın təcavüzkar siyasətinə hansısa formada dəstək verən sənətçilərin ölkəyə girişini qadağan ediblər. Bunların arasında da Filip Kirkorov, Polina Qaqarina, Yevgeni Petrosyan, Vladimir Vinokur və başqaları var. Ukraynanın “arzuolunmaz rus artistlər” siyahısında 100-ə yaxın sənət adamı var. Siyahı az qala hər gün yenilənir, bəlkə də artıq “arzuolunmazlar”ın sayı 100-ü keçib.

Məsələ belədir ki, jurnalistlər Rusiya-Ukrayna müharibəsinə dair suallarla sənətçilərə müraciət edirlər, onlar da cavab verir, öz mövqelərini açıqlayırlar, beləcə, ya Rusiyanın, ya da Ukrayna və Avropanın “qara siyahısı”na düşürlər. Bəzən isə artistlər öz içlərindən gələn səslə mövqe bildirirlər, səflərini göstərirlər. Belələri də iki qrupa bölünür: vicdanının səsinə qulaq asanlar və sərvət-şöhrət tamahlarının təhrikinə gedənlər.

Nərgiz Zakirova vicdanının səsinə qulaq asanlardandır. O rus estradasının nümayəndəsi sayılır və daha çox bu ölkədə populyardır.

Ancaq N.Zakirova özünü təkcə özbək və rusiyalı saymır, o, keçmiş “sovet ulduzları”ndandır və dağılmış SSRİ-nin bütün respublikalarına yaxın sayır. Onun Rusiyaya girişi 2072-ci ilə qədər yasaqlanıb. Yasaq başa çatanda Nərgizin 102 yaşı olacaq.

Hazırda onun 52 yaşı var. O, məşhur estrada ulduzları Batır və Fərrux Zakirovun bacısı qızıdır. Nərgizin anası Luiza və atası Polad Morduxayev da estrada ulduzları olublar, özbək estradasının banisi Batır Zakirovun ansamblında birlikdə çıxış ediblər. Bu üçlük isə Özbəkistanın xalq artistləri Kərim Zakirovun və Şayəstə Zakirovanın ailəsində doğulub. Şayəstə Zakirova Üzeyir Hacıbəyovun Özbəkistanda tamaşaya qoyulan “Leyli və Məcnun” operasında Leylinin ilk ifaçısı olub.

Bundan başqa, Zakirovlar nəslində başqa sənətçilər də var. Onlar öz populyarlıqları üçün sovet dönəminə, rus mədəniyyətinə borcludurlar. Ancaq bu, o demək deyil ki, Nərgiz bəzi şovinist və yaltaq sənətçilər kimi hərbi aqressorun yanında yer almalıydı. O da Vaxtanq Kikabidze, Valeri Meladze və başqaları kimi anlayır ki, bu gün Ukraynanı hədəfə alan rus şovinizmi sabah onun xalqının da üstünə gələ bilər.

Ən qəribəsi odur ki, 2017-ci ildə Ukrayna dövləti də Nərgizin bu ölkəyə girişini yasaqlayıb - Krımda konsert verdiyi üçün.

Beləcə, hər iki ölkənin sənət adamları çətin sınaq qarşısındadırlar. Onlar müharibə aparan ölkələrin birində “patriot”, o birində “xain” adlandırılırlar.

Ən yaxşısı haqqın tərəfində olmaqdır, ancaq onda da iş qarışır: çünki tərəflərin hər ikisi özünü haqlı, düşmənini “zalım” sayır.

Həqiqət isə dəyişmir. Vətənini qoruyanlar, təcavzkar zalıma qarşı çıxanlar həmişə haqlıdır.

Нет комментариев

Новости автора