Общественно-политическая интернет газета
Aprelin 29-da təxminən on saat davam edən müzakirələrdən sonra Gürcüstan parlamenti ölkədə kütləvi etirazlar doğuran “xarici agent” adlandırılan qanun layihəsini ikinci oxunuşda qəbul edib. Hakimiyyət 2023-cü ilin martında kütləvi etirazlar zamanı geri götürülmüş “Xarici təsirin şəffaflığı haqqında” qanunun yenidən gündəmə gətirilməsini “xarici donorların şəffaflıq vədlərinə baxmayaraq, Gürcüstanda radikal qrupların və partiyaların məxfi maliyyələşdirilməsini artırması ilə” əsaslandırır. “Xarici agentlər haqqında” qanuna qarşı Avropa İttifaqı, ABŞ, BMT, NATO, Avropa Şurası və ayrı-ayrı Qərb dövlətlərinin rəhbərləri çıxış ediblər.
Dünən həm hakim “Gürcü arzusu”, həm qanuna qarşı müqavimət göstərən müxalifət qüvvələri iki müxtəlif məkanda mitinq keçiriblər. Müxalifətin aksiyası ciddi qarşıdurmalarla yadda qalıb. Hökumətin aksiyası isə daha izdihamlı alınıb.
“Qlobal müharibə partiyası” NATO və Avropa İttifaqına həlledici təsirə malikdir, Gürcüstan və Ukrayna isə bunun üçün yemdir”. Hakim “Gürcü arzusu” partiyasının fəxri sədri və təsisçisi Bidzina İvanişvili mitinqdə belə deyib.
O, deyib ki, Buxarest sammitində Gürcüstan və Ukraynanın Şimali Atlantika Alyansına üzv olacağına dair vəd verilsə də, bunun baş vermədiyini və onların taleyin ümidinə buraxıldığını vurğulayıb. İvanişvili Gürcüstanın Avropa İttifaqından uzaqlaşmadığını və 2030-cu ilədək ölkənin bu quruma üzv olacağını vəd edib. Onu da deyib ki, həm Avropa Birliyi, həm NATO Gürcüstanı qapı arxasında saxlamada davam edirlər. Vaxtilə Ukrayna ilə bərabər Gürcüstana da “iki göy muncuq” vermişdilər-Avropa İttifaqına və NATO-ya üzvlüklə bağlı. Saakavşili aylardır türmədə kömək gözləyir. O ölkələr ki, onu oda və ortaya atmışdılar, indi heç Tiflis həbsxanasında ona baş çəkmirlər. Elə biri bu üzsüz Fransa hakimiyyəti. Gəlib sərhədimizdə dayanıb erməniyə canıyananlıq edirlər, amma gedib Mişaya baş çəkmirlər? Çünki səmimi və etibarlı adamlar deyillər.
Bu qanunun yenidən gündəmə gəlməsi hökumət-prezident qarşıdurmasını daha da gərginləşdirib. Zurabişvili bəyan edib ki, qanunu imzalamayacaq.
2018-ci ildəki prezident seçkisində müstəqil namizəd, Fransa doğumlu Salome Zurabişvili ikinci turda 60%-dən bir qədər az səs topladı və müxalif Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadzeni demək olar ki, 20% səs çoxluğu ilə məğlub etdi.
Salome Zurabişvili prezident seçilməzdən əvvəl Saakaşvili hökumətində xarici işlər naziri olmuşdu. Onu Gürcüstana dəvət edən də indi həbsdə çürüyən Saakaşvili olub. Zurabişvili əslində Gürcüstana yaxın birisi sayıla da bilməzdi. O, Fransaya köçmüş gürcü mühacirlərinin nəslindəndir. Seçki kampaniyasının lap əvvəlindən gürcü dilini bilməməsi onun opponentləri tərəfindən istehza mövzusuna çevrilmişdi. Hakim “Gürcü arzusu”nun birinci turda xanım Zurabişviliyə ciddi dəstəkləri yox idi. Lakin artıq ikinci turda bu dəstək daha açıq və həlledici oldu. İndi isə elə həmin hakim “Gürcü arzusu” Zurabişvilinin necə deyərlər “əlində qalıb”. Ötən il qanunla hökumətin icazə vermədiyi xarici səfərlərə gedən prezidentə impiçment tətbiqi alınmadı, “Gürcü arzusu” parlamentdə yetərli səs toplaya bilmədi.
Zurabişvilinin Rusiyaya münasibəti çoxdan bəllidir. Təsadüfi deyil ki, o, seçkilərdə qalib gəldikdən dərhal sonra Moskva ilə əməkdaşlıqdan imtina etdiyini açıqladı. Rusiya-Ukrayna müharibəsi başlayanda isə açıq şəkildə Kiyevi dəstəklədi. Prezident Gürcüstan hökumətini Avropa İttifaqına can atmaq əvəzinə, Rusiyaya meylli xarici siyasətdə ittiham edir. Zurabişvili Rusiya ilə Gürcüstan arasında hava nəqliyyatının bərpasına da sərt reaksiya verib. Prezidentin səlahiyyətlərində müəyyən məhdudiyyətlər olsa da, Zurabişvili Gürcüstan Silahlı Qüvvələrinin Ali Baş Komandanıdır.
Müstəqilliyin ilk illərində Gürcüstanda qadın siyasi liderlərin önə çıxması müşahidə olunurdu, amma bu proses məsələn, Almaniyadakı kimi heç vaxt hamar getməyib. İndi də parlament partiyalarından ayrılmış kvota ilə mandat daşıyan qadınlar, hətta partiya sədrləri (məsələn, Eka Baseliya və İnma İnaşvili) də var. Zərif cinsin siyasətdə ən parlaq mümayəndəsi kimi isə mənim yaddaşımda parlamentin sabiq spikeri (2001-2008) və müəyyən illərdə prezident səlahiyyətlərini də icra edən Nino Burcanadze hələ də “ilişib”qalıb
Qərbin adamı olan Salome Zurabişvilinin adətən “qaşınmayan yerdən qan çıxarması” qadın müstəqilliyi deyil. Gürcüstan bizim təkcə yaxın qonşumuz deyil, həm də strateji, hərbi və iqtisadi partnyorumuzdur. O səbəbdən Gürcüstanda baş verənləri diqqətli izləməkdə fayda var...
КомментарииОставить комментарий