Общественно-политическая интернет газета
Bir doktor simsarım var, şahmat həvəskarıdır, şahmatçılarımız nəsə bir uğur qazananda zəngləşir, xeyli danışırıq.
Qulu həkim millətpərvər adamdır, həmişə deyir ki, beyinə, zəkaya qalsa, dünyanın 5 millətindən biriyik.
Doğrusu, mən də o cür düşündüyüm üçün sözümüz tutur. Bu günlərdə Azərbaynın şahmat üzrə beynəlxalq reytinqdə 5-ci olması ikimizin də fikrini təsdiqlədi, amma güman ki, doktorun başı qarışıq olduğu üçün həmin informasiyanı görməyib, yoxsa zəng edərdi. Mən də zəng etmədim ki, xəstələrlə işləyən adamdır, mane olmayım.
O xəbər isə gerçəkdən də qürurdoğurucu tipdən idi. Təsəvvür edin, ilk beşlikdə Çindir, Hindistandır, ABŞ-dır, Rusiyadır, bir də bizik. İkisi milyard yarım əhalisi olan ölkədir, birinin (ABŞ-ın əhalisi) 334 milyon, o birinin (Rusiyanın) 146 milyon sakini var. Bizimki isə 10 milyondur. Görün, kimlərlə kəllə-kəlləyə gəlirik – intellektual müstəvidə.
Bildiyiniz kimi, şahmat zəka, düşüncə oyunudur, bunu yalnız iti zəkası olanlar yaxşı oynayır. Biz az sayımızla 5-ci yerdəyiksə, demək, başımız var. “Başı var, oxumur” söhbəti elə-belə çıxmayıb.
“Başın var, heyif ki, qarpıza işlədirsən” söhbəti də realdır. Bizdə o qədər kəlləli adam var ki, İQ-indən, intellektindən ya istifadə etmir, ya da, məsələn, qarpızın yetişmiş və ya kal olduğunu məhsulu kəsmədən təyin etmək kimi boş-boş şeylərə işlədir.
Amma, düzü, son vaxtlar xalqımızın dünyanın 5 ağıllı, kəlləli millətindən biri olmasından quşqulanmışam. Buna səbəb bank kartındakı pullarını dələduzlara qapdıranların olmasıdır.
Belə hiylələlərin qurbanı olmaq, kələkbazlara pul qapdırmaq şahmat üzrə dünyanın beşincisi olan millətə yaraşmır. Sadə kələklərin qurbanı olmaq küçə itinin gözlərinə linza qoyaraq xaski cinsli it kimi baha qiymətə alıcıya sırıyan eloğlularımızın adına ayıbdır.
Görünür, saysız-hesabsız ağıllı, ayıq-sayıq, savadlı adamlarımızla yanaşı, yumşaq desək, sadəlövh insanlarımız da var və onlar fırıldaqçıların toruna düşərək həm öz pullarını əldən verirlər, həm də xalqımızın ümumi İQ reytinqinin balını aşağı salırlar.
Hər gün ən azı 20 həmvətənimizin bank fırıldaqçılarından ziyan çəkdiyi barədə xəbər gəlir. Onların içində 10 min manatını kələkbazlara peşkəş edənlər var. Allahın lənətinə gəlmiş dələduzların kasıbın kartındakı son 30 manata tamah saldıqları da olur.
Bir günə 20 vətəndaşımız aldanırsa, bu, 10 gündə 200, 100 gündə 2 min, 300 gündə 6 min, ildə 7+ min adam edir. Bu qədər kartlı sadəlövhümüz varsa, biz ağıllı millətlərin ilk beşliyində duruş gətirə bilərikmi? Əsla.
Özü də xalqımızın igid-igid oğullarını aldadanlar, görün, kimlərdir? Dünənə qədər avropalıların muncuqla aldatdığı Afrika ölkələrinin kələkbazları. Budur, illərdir elə ölkələrdən – Nigeriyadan, Seneqaldan, Hindistandan utanmadan, usanmadan sosial şəbəkədəki daxili poçtumuza, elektron ünvanlarımıza mesaj yazırlar, ölmüş qohumumuzdan qalan mirası bölmək istəyirlər. Ta hamını bezdiriblər.
Heç demə, bu ölkədə kartı, elektron ünvanı olan hər kəsin xarici ölkədə Adrian adlı milyonçu qohumu var, adam qəzada ölüb, malı-mülkü ortada qalıb.
O yaramaz Adrian hər kimdirsə, bu ölkədəki işlək soyadların hamısına uyğun pasportu var: Adrian Abdullayev, Adrian Babayev, Adrian Vəliyev, Adrian Quliyev... ta Adrian Zülfüqarlıya qədər. Hətta Adrian Paşasoy da varmış.
Dostlardan biri deyir ki, 15 ildən çoxdur hamıya bu mesajlar gəlir, görəsən, onu göndərənlər görmürlərmi ki, bu fırıldaq daha işləmir. Biri də deyir ki, görünür, işləyir deyə, əl çəkmirlər.
Amma təkcə Adrianın ortada qalan mirası deyil, başqa hiylələr də var, məsələn, belə bir fırıldaq: “Yutubda 5 filmi bəyən, 50 manat qazan, kartının nömrəsini göndər, hesabına pulunu yatıraq”. Bu, təzə kələkdir və ona düşənlər var.
Hərçənd belə bir şübhə var ki, həmvətənlərimizin bir yarısının pulunu kartından çəkənlər xarici ölkələrdə oturanlar deyil, öz ölkəmizdə də bu işlə məşğul olanlar var. Yenə bu fakt təskinlik yaradır, xalqın yeni-yeni hiylələr düşünən kəsiminin əqlinə, intellektual potensialına şübhəni bir az azaldır. Həm də pullarımız yad ölkələrin kartlarına getmir, öz kartımızdan öz kartımıza köçür.
Dünən yayılan informasiyaya görə eləsinin birini Hövsanda tutublar, soyadı Fəttahov imiş. Fəttahov 8 həmvətənimizin kartını “fəth” edib və 5 min manatdan çox pul məngirləyib. O, həmin pulu qısa müddətdə xərcləyibsə, heç, xərcləməyibsə, görək, necə olur.
Fəqət hiss olunur ki, Fəttahov kimi “ustalar” çoxdur. Onların hamısını cələkləyib içəri qoymaq və hərəsinə bir şahmat bağışlamaq lazımdır. Qoy içəridə şahmat oynamağı öyrənsinlər, özlərini püxtələşdirsinlər. Bu baş ki onlarda var, əl-əlbət, uğurlu nəticələr əldə edəcəklər.
Bax, onda biz bəlkə şahmat reytinqində 5-ci yerdən bir pillə də qabağa gedə bilərik.
P.S. Ümid edirəm ki, oxucuları bu söhbətdən sonra daha sərvaxt olacaqlar.
КомментарииОставить комментарий