Свобода людям, независимость нациям!

Adam neçə dəfə imtahan verər?..

Burada elə təsəvvür yaranmasın ki, guya bu adam, yəni bəndəniz imtahandan-filandan qorxur - yox, hələ Sovetlərin vaxtında Moskva Dövlət Universitetinin fizika fakültəsində təhsil almış, aspiranturanı bitirmiş bir adam imtahandan qorxmaz.

Üstəlik, onu da deyim ki, Sovetlərin vaxtında Moskva Universitetinin fizika fakültəsində təhsil beş il deyil, beş il altı ay idi, bu isə həm təhsilin fundamentallığına dəlalət edirdi, həm də sovet hakimiyyətinin fizika elminə xüsusi münasibətini təzahür etdirirdi - axı fizika və fiziklər həm də hərbi-sənaye kompleksi üçün potensial mütəxəssislər, potensial baza demək idi...

Belədə isə imtahandan söz düşmüşkən, həm də onu deyim ki, daha imtahanlar mənlik deyil, yaşım az qala, altımışa çatıb, bir İMTAHANIM qalıb, o da O BİRİ DÜNYADA olacaq.

Odur ki, biçarə bəndənizi bu kontekstdə yalnız və yalnız bizim gənclərimizin yaşadığı problemlər maraqlandırır və qayğılandırır, çünki onların təhsil və işə düzəlmə prosesini seyr edəndə qeyri-ixtiyari olaraq bir fikir keçir beynimdən: əcəba, insan bir ömürdə neçə imtahan verər?..

Qərəz, indi gənc orta təhsili başa vurur və imtahan verib attestat alır. Başqa ölkələrdə gənclər, səhv etmirəmsə, orta təhsilin göstəricilərinin əsasında ali məktəbə qəbul olunurlar. Amma bizdə belə deyil. Düzdür, son vaxtlar, deyəsən, bizdə də orta təhsilin göstəriciləri nəzərə alınır, gəl, bununla belə gənclərimiz ali məktəblərə xüsusi imtahan verərək qəbul olunurlar.

Həm də burada bir maraqlı məqam var: orta təhsil üçün imtahanlar demək olar ki, ali məkətəblərə imtahanlarla eyni vaxtda baş verir, yəni onlar arasında zaman fərqi də elə də böyük olmur. Üstəlik, burada bir etimad məsələsi də var: orta təhsildən sonra ali məktəbə təzədən imtahan vermək attestata, orta təhsil göstəricilərinə bir etimadsızlıq deyilmi? Olmazmı ki, orta təhsil imtahanları daha ciddi keçirilsin və gənclər bir də təzədən ali məktəblərə imtahan vermək məcburiyyətində qalmasınlar?..

Amma bu inamsızlıq mühiti təhsilin digər pillələrində də qalır: bakalavr təhsilini başa vurmuş gənc magistr olmaq üçün təzədən imtahan verir! Bəs onun bakalavr pilləsində, ali məktəbdə aldığı qiymətlər, diplom necə olsun! Ən dəhşətlisi budur ki, bununla gənclərin permanent sınağı bitmir - onlar işə düzəlmək üçün də təkrar “imtahan”lar verirlər, guya ki, onların “məntiqi təfəkkürü” yoxlanır! Sual olunur: “məntiqi təfəkkürü” kafi olmayan gənc orta məktəbi, ali məktəbi və magistraturanı uğurla başa vura, yüksək göstəricilər əldə edə bilərmi?..

Çox təəssüf ki, bizim ölkəmizdə bütün bunlar nəzərə alınmır: hələ bunlar azmış kimi, gənclər işə düzələrkən təkcə “imtahan” vermirlər, hətta müsahibədən də keçirlər!

Ona görə də daha bir sual yaranır: bu qədər imtahana ehtiyac varmı? Ali məktəb təmsilçiləri orta məktəblərin qiymətlərinə, onların müəllimlərinə, işə götürənlər isə ali məktəblərin müəllimlərinə etimad göstərmirlər! Bunu normal bir hal kimi qəbul etmək olarmı?

Burada illər bundan öncə iki müxalifətçilə ayaqüstü söhbətim yadıma düşür. Onlardan biri AXC hakimiyyəti dövründə çox yüksək vəzifə tutmuşdu. O, deyridi ki, bizim məqsədimiz diplomu öldürmək idi ki, qoy, hamının diplomu olsun!..

İndi özünüz cavab verin: belə anormal yanaşma olarmı? Mən ona dedim ki, diplomu öldürmək yox, əksinə təhsilin səviyyəsini qaldırmaqla onun reytinqini, çəkisini bir az da artırmaq lazım idi, necə ki, indi dünayda Kembricin (bir dəfə oxumuşdum ki, bu universitetin 100-dən çox məzunu Nobel mükafatı alıbdır! Bax, əsl təhsil belə olar!), Oksfordun və yaxud da Harvardın diplomunu görəndə hamı təzim edir, bu məzunlara “buyurun!” deyirlər! Bizim ali məktəblərimiz niyə belə olmasınlar? Test üsulu (bundan demək olar ki, bütün dünya istifadə edir!) təhsilin səviyyəsini qaldırmaq üçün çox mühüm addım idi, o, ilk növbədə təhsil sahəsindəki korrupsiyanı tamam aradan qaldırdı, amma onu bir az da təkmilləşdirmək, ən əsası da, ona hərtərəfli inam aşılamaq lazım idi ki, müvafiq imtahan struklarından sonra daha heç kim bizim gəncləri təkrar-təkrar imtahanlardan keçirmək həvəsinə düşməsin...

Digər bir müxalifətçinin partiyası isə ilk dəfə belə bir təklif irəli sürmüşdü: qoy, kadrlar işə imtahanla götürülsün ki, korrupsiya azalsın!

Sonradan elə həqiqətən də kadrları işə daha çox imtahanla götürməyə başladılar, amma bəzi istisnaları nəzərə almamaqla (əlbəttə, bu da kiçik nəticə deyil!), ümumilikdə götürdükdə, korrupsiya tamam azaldımı?

Mən hələ o vaxt da demişdim və yazmışdım ki, böyük hesabla korrupsiya heç də məmurların savadsızlığının nəticəsində yaranmır, o, etibarlı nəzarətin və şəffaflığın yetərincə olmaması, hakimiyyətin müxtəlif qanadları arasında balansın pozulması nəticəsində baş verir.

Odur ki, gəlin öz biçarə gənclərimizi üzücü, bitib-tükənməyən imtahanlarla yormayaq, bundansa imtahanların sayını bir az azaldaraq keyfiyyətini artıraq ki, özümüzün də öz təhsilimizə etimadımız artsın...

 

Нет комментариев

Новости автора