Общественно-политическая интернет газета
30 ilə yaxın vaxt ərzində Ermənistandan işğal etdiyi Azərbaycan ərazilərindən çıxmaq tələb olundu. Bununla bağlı qətnamələr qəbul olundu, danışıqlar aparıldı, tələblər qoyuldu, vaxt verildi, güzəştlər təklif olundu, ancaq bildiyimiz kimi, işğalçı ölkə torpaqlarımızı tərk etmədi. Nəticəni isə bütün dünya gördü: 2020-ci ilin payızında ermənilər növbəti dəfə və davamlı təxribatlar törətməyə başlayanda, səbr kasamız daşdı, əks-hücum başladı. 44 günlük Vətən Müharibəsi ilə işğala son qoyuldu.
Biz bu qələbə ilə təkcə işğala son qoymadıq, həm də Ermənistana ömürlük dərs verdik, anlatdıq ki, utopik ideyalarından, hansısa “Böyük Ermənistan” nağıllarından, xülyalarından birdəfəlik əl çəkməlidirlər. Məsələnin bu hissəsi artıq bitmiş sayılır.
Postmüharibə dövründə də kifayət qədər böyük işlər gördü Azərbaycan və onun Ali Baş Komandanı İlham Əliyev. Ermənilərin Laçın yolu ilə qanunsuz daşımalarının, gediş-gəlişinin qarşısını almaq üçün ciddi mübarizə aparıldı. Hansı ki, bu işi sülhməramlılar həyata keçirməli idi, ancaq 2 il ərazində bunu etmədilər. Əksinə, ermənilərin qanunsuz silah-sursat daşımalarına göz yumdular. Nəhayət, bu işi də Azərbaycan tamamladı: Laçın yolunun başlanğıcında – Gorusla şərti sərhəddə sərhəd-keçid məntəqəsinin qurulması ilə bu iş də tamamlandı...
Əlbəttə, hələ tamamlanmamış, həllini gözləyən məsələlər də var: Sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərdən qanunsuz silahlı erməni dəstələri çıxarılmayıb, Xankəndidə Azərbaycanın idarəetməsinə keçid yubandırılır.
Bunun üçün isə iki məsələ həllini tapmalıdır: 1. Ermənistan sülh müqaviləsini imzalamalıdır; 2. Qarabağ erməniləri Azərbaycan vətəndaşlığını qəbul edərək, ölkə qanunları ilə yaşamağa razılaşmalıdır. (Bu kontekstdə birgəyaşayışla bağlı isə məkrli bir iddialar sezilməkdədir, bunu yekunda xüsusi qeyd edəcəyik-E.M)
Əlbəttə, bütün müharibələrin mütləq bir sonu var. Dünyada tarixən ən çətin çözülən münaqişələr isə separatçılığın nəticəsində baş verən savaşlardır. Tarix həm də sübut edib ki, dünyada indiyədək hər hansı bir separatçılıq həmin millətə xoşbəxtlik gətirməyib. Əksinə, bu iddiaya düşənlər, onların ölkələri hər zaman rəzil, bədbəxt olublar.
Əslində, 30 illik işğal dövründə Ermənistan, erməni separatçıları regionun, dünyanın ən bədbəxt bir ölkəsinə, toplumuna çevrilmişdi. Ermənilər bütün regional layihələrdən, inkişafdan qalmışdılar. Vətən Müharibəsi zamanı isə başlarına dəyən yumruqdan sonra, habelə postmüharibə dövründə daha da rəzil duruma düşdülər.
Ancaq fakt bundan ibarətdir ki, “erməni xəstəliyi” hələ sağalmayıb, habelə xarici təsir dairələrinin sövqetmələrinə, təzyiq və təxribatçı missiyalarına yenə də boyun əyməkdədirlər. Vaxtaşırı təxribatlar törədirlər, tnaşeylər, səngərlər qazmağa cəhd göstərirlər, atəş açırlar və s.
Lakin bunun paralelində pozitiv bir proses də getməkdədir: sülh müqaviləsi üzrə aparılan danışıqlarda irəliləyişlər olduğu bildirilir, kommunikasiyaların açılması üçün razılaşmalar olduğu bəyan edilir. Bu yöndə danışıqlar intensivləşib və iyun və iyul aylarında mühüm görüşlər planlaşdırlır. Bu pozitivlər isə məhz Azərbaycanın dirənişlərinin nəticəsidir!
Belə bir həssas zaman kəsiyində birgəyaşayışa hazırlaşmaqla bağlı çağırışlar da var və bu kövrək məsələdə bəzi ermənipərəst güclərin hiyləgər gedişi müşahidə olunur...
Bəli, qeyd etdiyimiz kiki, bütün münaqişələrin, savaşların yekunu var və bunun ardınca uyğun yaşayış, davranış formalarının tapılması da mütləqdir. Nəzərə alsaq ki, söhbət Qarabağda ermənilərin məhz vətəndaş olaraq yaşamasından gedir və gedəcək, o zaman məsələnin daha mürəkkəb olduğunu hər kəs fərq edir. Uzun zaman düşmən olmuş millətlərin birgəyaşayışı təbii ki, asan məsələ deyil, bunun üçün çox əmək sərf etmək və zaman lazımdır. Ancaq ortada bir qəribə hal, qeyri-adekvat davranış var: müəyyən mərkəzlər bu yöndə çağırışı elə şəkildə edir ki, sanki guya problemi yaradan, sülhü yubadan separatçılar yox, azərbaycanlılardır. Hansı ki, müharibəni də məhz ermənilər başlayıb, bütün faciələr də məhz onların separatçılıq, işğalçılıq siyasətinin nəticəsidir, danışıqları da hər dəfə onlar pozub. Faktlar danılmazdır.
Bu gün qalib Azərbaycan yalnız sülh təbliğatı aparır və bunun üçün var gücü ilə çalışır.
Bütün çağırışlarımız ondan ibarətdir ki, savaşa, separatizmə son qoyulmalıdır və birgəyaşayışın uyğun formulları tapılmalıdır.
Ədalət naminə, Qarabağdakı bəzi ermənilər başqa variantları olmadıqlarını çıxışlarında, media mənsublarına açıqlamalarında deyirlər.
Ancaq reallıq bundan ibarətdir ki, Qarabağ erməniləri separatçı, xaricdən yönəldilən və pul-parası, qazancı revanşizmdən asılı olan qrupların, “liderlərin” girovudur. Eyni zamanda çox da sadəlövh olmamalıyıq, vəhşi xislətli, türklərə nifrətlə yaşayan “dinc” ermənilər də kifayət qədərdir. Məsələn, ötən ay iki əsgərimiz yolu azaraq Ermənistana keçəndə, onları tutan ermənilərin hansı qəddarlıqları etdiyinin, nə cür vəhşiliklər törətdiyinin şahidi olduq.
Həmçinin, erməni blogerlər, xeyli sadə ermənilər də sosial şəbəkələrdə əsasən revanşist meylli çıxışlar edirlər.
Bütün prosesləri, gedişatı, mövqeləri, baş verənləri təhlil edəndə hasil olan nəticə budur: Azərbaycan nə qədər çətin və ağır olsa da, humanizm prinsiplərini prioritetə çevirib, birgəyaşayış üçün əlindən gələni edir və edəcək. Ermənilərin əksəri isə qətiyyən buna hazır olmadıqlarını davranışları ilə isbat edirlər. Tarixi missiyalarında və xarakterlərində dəyişiklik etmək istəmirlər.
Biz hər zaman adam kimi, bəşəri, insani dəyərlərə uyğun yaşamışıq, kimsəyə pislik etməmişik, qonşularımızla normal davranmışıq. Bütün dünya şahiddir ki, tarixən Azərbaycan müxtəlif millətlərin birgəyaşayış məskənlərindən olub. Azərbaycanda əsrlər boyu kürd, talış, ləzgi, udin, yəhudi, tat, avar, ingiloy və digər millətlərin nümayəndələri yaşayıb, yaşayır və heç zaman heç bir problem olmayıb.
Həmçinin, azərbaycanlılar toplum, icma şəklində yaşadıqları ölkələrdə də daim bir nümunə olublar. Məsələn, Gürcüstanda, Borçalı mahalında kompakt şəkildə yaşayan azərbaycanlılar vətəndaşı olduqları ölkədə dinc, sivil şəkildə yaşayırlar...
Ermənistanda isə ermənilərdən başqa heç bir millət yaşamır! Heç bir multikultural dəyərlərə sahib deyillər.
Başqa bir nümunə və hamının bildiyi fakt: Azərbaycanda hətta işğal dövründə və hazırda 30 mindən çox erməni vətəndaş yaşayır. Onların çoxunu qonşuları, iş yoldaşları bilir. Hətta müharibə dövründə onların bircəciyinə toxunan olmadı...
Bunları təsadüfən xüsusi vurğu ilə qeyd etmirəm. Məsələ ondadır ki, hazırda bəzi mərkəzlərdən birgəyaşayışla bağlı çağırışlar ediləndə bunun məsuliyyətini Azərbaycan və azərbaycanlıların üzərinə qoymağa cəhd edirlər. Ancaq faktlar və tarix nə deyir? Gerçəklik budur ki, biz tarixən dinc, sivil – insan kimi yaşamağı bacaran xalqıq! Sivil davranışları, birgəyaşayışa hazır olmağı beynəlxalq aləm bizdən yox, məhz ermənilərdən tələb etməlidir! Onlara treninqlər, reablitasiya keçilməlidir, başa salınmalıdırlar ki, birgəyaşayışa hazırlaşsınlar. İndiki eybəcər baxışları, davranışları, hikkələri, hər an təxribata hazır dayanmaları fonunda birgəyaşayış mümkün olmayacaq.
Azərbaycan Prezidenti dövlətimizin birgəyaşayışa təminat verdiyini və ermənilərin Qarabağda yaşamasının şərtini dəfələrlə bəyan edib: Kim vətəndaş olaraq, dinc şəkildə yaşamaq istəmirsə, yol açıqdır, gedə bilər...
Dünyanın müəyyən mərkəzləri bu məsələdə bizə hansısa bir irad bildirməməlidir, məsuliyyət yükləmək cəhdi etməməlidir, bu, növbəti qərəzdir. Dinc, adam kimi yaşamağı bacarmayan ermənilərə normal yaşamağın qaydalarını başa salmalıdırlar. Tələblər məhz onların qarşısında qoyulmalıdır. Beynəlxalq təşkilatlar bununla bağlı ermənilər arasında geniş təşviqat aparmalıdır...
Və sonda: Hazırda birgəyaşayışa dair ölkədə aparılan təbliğatda bəziləri ifrata varır. Bəli, bizim hədəfimiz sülhdür, normal həyatdır, barışdır. Ancaq bütün olanları tamamən unutmağı təklif edənlər, hətta ermənilərin guya yazıq obrazını yaratmağa çalışanlar da var. Bu kökündən yanlışdır. Şübhsəz, biz erməni vətəndaşlarla birgə yaşamağa hazırlaşmalıyıq, onları normal çərçivəyə salmalıyıq. Ancaq heç zaman tarixdə başımıza açdıqlarını unutmamalıyıq. Ermənilərə açıq şəkildə deməliyik ki, Qarabağda ölkəmizdəki digər millətlər kimi dinc vətəndaş olaraq yaşamalısan, sənə bu zaman heç bir təhlükə olmayacaq və ola bilməz! Yox, əgər yenə də hansısa separatçı meyllərin, təxribatların olacaqsa, ən ağır şəkildə cəzalanacaqsan, qanunun və beynəlxalq hüququn tələbinə uyğun şəkildə vətəndaşlıqdan, ölkədən qovulacaqsan, bu məsələdə heç bir güzəştdən söhbət gedə bilməz.
Elşad MƏMMƏDLİ
КомментарииОставить комментарий