Общественно-политическая интернет газета
Qəzzada müharibə təəccüblü dərəcədə çox çəkdi. İsrail yaranandan müharibələr içində olsa da onlar bir qayda olaraq çox çəkmirdi, hətta ən yadda qalanlardan və Təl-Əvivə müəyyən üstünlüklər gətirənlərdən biri “Altı günlük müharibə” adlanırdı...
Doğrusu, Qəzza kimi İranla savaşın da uzanacağı güman olunurdu, çünki İranın əhalisi də, ərazisi də çox böyükdür, özü də hərbi baxımdan nəzərə alınmayacaq dərəcədə zəif ölkə deyil: Məhəmməd Rza şah devrilən vaxt Tehranı Bağdadla neçə illər davam edən müharibəyə sövq etmişdilər ki, bəlkə bu yolla yeni molla rejimini yendirmək mümkün oldu, amma yox, qəti alınmadı və tarixdə həmin savaş “heç - heçə dava” kimi yadda qaldı...
Amma ABŞ İrana raket hücumunu edəndə və bunun ardınca atəşkəs haqda ilk kövrək razılaşma əldə olunanda belə məlum oldu ki, Təl-Əviv Tehranla cəmi ikicə həftə vuruşmağı qərarlaşıdırıbmış, amma sonradan müddət onlara çox görünüb və odur, savaşı on iki günə yekunlaşdırmağa qərar veriblər.
İndi ən maraqlısı heç bilirsinizmi, nədir? Tehran da, Təl-Əviv də, hətta Vaşinqton da özünü qalib hesab edir. İran mollaları hətta qələbə mitinqləri də keçirirlər! Tehran özünün nüvə infrastrukturunun tamamilə məhv olmadığını, İsrail, xüsusən də ABŞ isə hətta tarixdə belə bombardmanların olmadığını iddia edirlər. Ən əsası da qonşu İrandakı qələbəlikləri seyr edəndə adamın yadına bir detal düşür. Şimali Koreya futbol üzrə dünya çempionatları zamanı oyunları çəkib-montaj edir ki, guya ölkələri dünya çempionatının qalibi olub və hamı ayaq üstə durub onların ölkəsini, xüsusən də böyük rəhbər Kim Çen Inı alqışlayır!..
Elə Vaşinqton da müharibənin bitdiyini, özü də qələbə ilə bitdiyini ərz edir, tezliklə İranı danışıqlar masası arxasında görəcəyini bildirir. Tehran mollaları isə yenə də qarmaqarışıq, dolaşıq siyasət yürütmükdə davam edir, ABŞ-la mümkün danışıqları tamamilə inkar etmir, amma Beynəlxalq Atom Agentliyilə bütün təmasları dondurmağı düşünürlər, halbuki sonuncu tək-tük beynəlxalq təşkilatlardan biri idi ki, ABŞ və İsrail siyasətçilərinin və diplomatlarının dediklərini təsdiqləmir, hətta Tehranın nüvə silahı əldə etməkdən hələ çox uzaq olduğunu bildirirdilər. Qeyd edək ki, ABŞ kəşfiyyatına yaxın bəzi mənbələr də belə deyir...
Əlbəttə, demirik ki, bu məsələdə tamamilə arxayınçılıq olmalı, ABŞ və xüsusən də İsrail İranın nüvə silahı çabalarının qarşısını almamalı idilər.
Yox, Təl-Əvivi də yaxşı anlayırıq. Tehranın ruhani-siyasi elitası dəfələrlə deyibdir ki, onların ilk nüvə hədəfi məhz İsrail olacaq, yəni İranın hipotetik nüvə doktrinası heç də müdafiə xarakterli olmayacaqdır, hərçənd ki, nüvə müharibəsi iranlı mollaların düşündüyü tək asan məsələ də deyildir.
Ən çox dilxorçuluq yaradan məqamlardan budur ki, ABŞ da, Qərb də, hətta İsrail də daha çox İranla bağlı nüvə silahı kontekstində danışırlar.
Ötən gün hətta D.Trampın adından belə bir bəyanat yayıldı ki, İranda rejim dəyişikliyindən söhbət gedə bilməz, çünki sonuncu bir qayda olaraq xaosa aparır, bu isə elə də arzulanan deyil. Amma İranda rejim qalsa, bu, prosesdə uzağı yenə də müvəqqəti pauza yaradacaq, çünki mollakratiya heç bir halda ideologiyasından, regional siyasətindən, hətta nüvə avantürasından əl çəkməyəcək, yaxşı halda buna fasilə verəcək.
Bu səbəbdən də düşünürük ki, Yaxın Şərq “geosiyasi teatrının” (elə bütün mənalarda!) pərdəsi hələ tam endirilməyibdir, amma çətin ki, kimsə İranın ABŞ -İsrail dubleti qarşısında ciddi duruş gətirə biləcəyinə inansın.
Üstəlik, digər geosiyasi aktorların – qənşu Rusiyanın, Çinin, Şimali Koreyanın, daha nə bilim kimin, durub İranın tərəfində Vaşinqtona və ya Təl-Əvivə qarşı vuruşacağı da elə də inandırıcı görünmür.
Düzdür, həftədən bir azca artıq davam edən müharibədə Tehran ilk şokdan özünə gəlib Təl - Əvivə hiss olunacaq bir müqavimət göstərməyə başlamışdı.
Düşünürük, bunu ABŞ-da başa düşdülər və daha çox bu səbəbdən Donald Tramp öz vədini pozmalı oldu. Amma bizə elə gəlir ki, bunun başqa bir səbəbi də var: Vaşinqton müharibənin öz ssenarisilə, bəli, Təl-Əvivin yox, ABŞ - ın ssenarisilə bitməsini istəyir.
Odur ki, baş nazir B.Netanyahunun guya bu müharibənin nəinki regionu, hətta dünyanı dəyişdirəcəyi haqqındakı bəyanatlarını elə də ciddi qəbul etmək lazım deyil, çünki dəfələrlə yazmışıq ki, oyun davam edir.
Bəlkə irəlidə başqa nələrsə olacaqdır, amma məşhur söz var. Deyir ki, bəlkəni əkiblər, amma bitməyib, odur, çox ümidli olmayın “bəlkə”lərə...
Daim yazırıq ki, təəssüf, ABŞ özünün “geosiyasi oyuncaq”larından –İrandan əl çəkmək niyyətində deyil.
Həm də İranla savaş elə də asan, necə deyər, əlüstü məsələ deyil: amerikalıları, onların Konqresini buna razı salmaq bir o qədər də sadə proses deyil. Hazırda Konqress “deyinməkdə” davam edir, prezidenti Nümayəndələr Palatasından icazəsi olmadan İranı bombaladığı üçün möhkəm suçlayır.
Hətta respublikaçıların düşərgəsində belə Trampın hərəkətindən narazı olanlar az deyil.
Sorğular da göstərir ki, sadə əhalinin də az hissəsi (təxminən 40-45 faizi!) prezidentə dəstək verir. Ona görə ki, indki ABŞ prezidenti müharibə yox, sülh platformasında hakimiyyətə gəlib və insanlar ondan yeni müharibələr yox, sülh gözləyirlər.
Odur, Yaxın Şərqdə də vəziyyət mürəkkəb olaraq qalır: həm yaxın, həm də uzaq perspektivdə, çünki İranda rejimin dəyişməyəcəyi, mollakratiyanın hakimiyyətdə qalacağı təqdirdə, bir daha deyirik ki, uzağı pauza yaranacaq ki, bunu da heç bir halda problemin həlli, Yaxın Şərqdə sülhün fundamenti hesab etmək olmaz. O cümlədən elə bizimçün də rahatlıq olmayacaq. Gülməlisi bilirsiniz, nədir? İran hakimiyyəti daim “Mossad”ı Azərbaycanda axtarırdı, amma onun sorağı Tehrandan gəldi.
КомментарииОставить комментарий