Общественно-политическая интернет газета
Əlbəttə, bu ili amerikalılar da, cəmi Dünya əhli də prezident Co Baydenlə başa vuracaqdır - səhv etmirəmsə, yeni prezident səlahiyyətlərinin icrasına seçkidən sonrakı, yəni növbəti ilin əvvəlindən başlayır.
Üstəlik, hələ məlum deyil ki, növbəti ABŞ prezidenti kim olacaqdır, baxmayaraq ki, seçkilərə iki həftədən bir az artıq vaxt qalıbdır. Hələliksə ən müxtəlif proqnozları, məlumatları və mülahizələri oxumaq məcburiyyətindəyik.
Məsələn, bu yaxınlarda deyildi ki, guya xanım Harrisi dəstəkləyən milyarderlərin sayı Trampı dəstəkləyənlərdən təxminən iki dəfə çoxdur. Təkcə bu informasiya plutokratiya və oliqarxiya həvəskarları üçün əslində yetəridir - hər şeyi pulun həll etdiyini və ABŞ-ı da oliqarxların idarə etdiyini düşünən bu adamlar artıq güman edirlər ki, seçkilərin taleyi həll olunubdur və onu Harris udacaqdır!
Onların arqumentini bir az da gücləndirmək üçün deyək ki, artıq Harrisə dəstək üçün bir milyard dollardan artıq vəsait toplanıbdır.
Amma Donald Tramp da kasıb oğlan deyil, o, özü milyarderdir və seçkiyə sərf etmək üçün elə də maliyyə kasadlığı yaşamır. Güman, məhz buna görə, məsələn, bukmekerlər belə hesab edirlər ki, seçkini Tramp udacaq. Elə son sorğular da onun nisbi üstünlüyün göstərir - ən sonuncu sorğulardan birində Tramp 48, Harris isə 46 faiz dəstək almışdı...
Üstəlik, burada bir ciddi məqam da var. Bugünlərdə deyildi ki, Trampa qarşı üçüncü sui-qəsdin qarşısı alınıb. Əvvəlcə onu deyək ki, bu cəhdlərin hələ heç birinin izləri Ağ Evə aparmır. Ona görə də demək ki, guya bunları hakimiyyət təşkil edir, bu, həqiqətdən çox-çox uzaq olardı.
Bu, məsələnin bir tərəfi. İkincisi, Avraam Linkolndan başlamış Con Kennediyə qədər çox ABŞ prezidentlərinə sui-qəsdlər olubdur, amma bunun prezidentliyə namizədlərə qarşı olub-olmadığını bilmirik, hər halda, biz bu haqda oxumamışıq. Odur ki, Trampa qarşı üç sui-qəsdin olması artıq o deməkdir ki, o, nəinki çox güclü namizəddir, hətta onun bir siyasət adamı kimi ABŞ və Dünya siyasətinə təsirindən ehtiyatlananlar da var.
Amma nə qədər qəribə olsa da hətta bu kimi məqamlar da iki həftədən sonra kimin ABŞ prezidenti seçiləcəyi məsələsinə aydınlıq gətirmir, baxmayaraq ki, Trampla bağlı bunlar da son arqumentlər deyil. Belə söylənilir ki, guya yəhudi elektoratı da onu dəstəkləyəcək, hətta guya hazırda müharibə aparan baş nazir Benyamin Netanyahu hakimiyyətinin də simpatiyaları onun tərəfindədir...
Biz bunun belə olub-olmadığını dəqiq bilmirik, amma hətta olsa belə, buna təəccüblənmərik, çünki Tramp birinci hakimiyyəti dövründə İsrailə çox dəstək verdi.
Birincisi, o, Yerusəlimi real olaraq İsrailin tək və bölünməz paytaxtı kimi tanıyan ilk ABŞ prezidenti oldu. Səhv etmirəmsə, bununla bağlı qərar hələ Bill Klintonun vaxtında verilmişdi, amma D.Tramp ilk dəfə olaraq səfirliyin Təl-Əvivdən Yerusəlimə köçürülməsi haqqında qərar verdi.
İkincisi, indi “İbrahim razılaşması” adlanan siyasət də ilk dəfə onun vaxtında həyata keçirilməyə başlamışdı - ərəb dövlətləri bir-bir İsraillə münasibətlər qurmağa başladılar.
Bəlkə də elə həm də bu siyasətin bilavasitə nəticəsidir ki, hazırda Yaxın Şərqdə müharibə getdiyi bir vaxtda reallıqda heç bir İsrail-ərəb müharibəsi yoxdur, Təl-Əviv real olaraq Tehranla və onun təsiri altında olan terrorçu təşkilatlarla müharibə aparır...
Odur ki, Trampın gücünü artıran çox arqument söyləmək olar, amma onun əleyhinə çox ciddi bir arqument mövcuddur: ABŞ “dövlət maşını” və mövcud Dünya təhlükəsizlik arxitekturası onun əleyhinədir, çünki Tramp burada çox şeyi dəyişmk istəyir. ABŞ “dövlət maşını” bir tərəfə, yenicə seçilmiş NATO Baş katibi M.Rutte deyir ki, Alyans axıra qədər, tam qələbəyədək Ukraynanın yanında olacaq və Kiyevin qələbəsinə nail olacaqdır! Belə olan bir təqdirdə, kimsə az qala, “NATO-nu buraxmağa” çağıran Trampı prezident seçilməyə qoyarmı? Biz hələ onu demirik ki, yeni Rusiya - Qafqaz savaşının əks-sədası bizim Qafqaz dağlarına da gəlib çatıbdır - hamı səbrsizliklə oktyabrın 26-sı Gürcüstanda keçiriləcək parlament seçkilərini gözləyir...
КомментарииОставить комментарий