Свобода людям, независимость нациям!

ABŞ Bakı ilə İrəvan arasında sülh istəyirmi?..

 

Bəri başdan deyək ki, hər halda, özümüzü buna inandırmaq istəyirik – Vaşinqtonun sülhə çağırışlarını səmimi qəbul edir və belə hesab edirik ki, bunlar həqiqətən də ABŞ-ın xoş məramını əks etdirir. Üstəlik, indiki vaxtda ABŞ-ın regionda sülh üçün çalışması həm də bir neçə aspektdən məntiqli görünə bilərdi.

Birincisi, qarşıdan prezident seçkiləri gəlir, daha doğrusu, onlara üç aydan da bir qədər az vaxt qalıb. Demokratlara bir neçə istiqamətdə ciddi dönüş lazımdır ki, bunu seçki təbliğatına çevirə bilsinlər.

Onlar deyəsən, İranın İsrailə qarşı mümkün hücumunun qarşısını ala bildilər. Hər halda, bu məsələdə hətta yeni prezident Məsud Pezeşkianla ali dini rəhbər Seyid Əli Xameneyi arasında ciddi fikir ayrılığı yaranıb.

Prezident M.Pezeşkian İsrailə hücumun İran üçün çox ağır nəticələrə gətirib çıxara biləcəyini iddia edir. Maraqlıdır ki, dini lider Xameneyi hələ onunla razı olduğunu bəyan etməyə tələsmir, amma prezidentə opponentlik də etmir. Adətən belə hallarda deyirlər ki, susmaq da razılıq əlamətidir.

Daha sonra, bir neçə gündür ki, diqqətlər yenidən Rusiya-Ukrayna cəbhəsinə yönəlib. Belə ki, müharibə Rusiyanın içərilərinə doğru keçib, ukraynalılar Rusiyanın Kursk vilayətinə hücuma keçiblər və bir neçə mühüm obyekti nəzarətə götürüblər.

Hamı ukraynalıların bu uğurunu ABŞ-la və burada üç aydan sonra keçiriləcək prezident seçkilərilə bağlayır. Amma Vaşinqton da bu məsələdə hələ ki, müəlliflik iddiasında bulunmur. Hətta ukraynalıların uğurunun ABŞ-dan aldıqları yeni hərbi texnika ilə bağlı olduğunu iddia edən mülahizələr də təkzib olundu. Üstəgəl, yalnız bir-iki gündən sonra ABŞ dairələri bəyan etdilər ki, onlar Kiyevin hücumunu dəstəkləyirlər və onu özünümüdafiə aktı kimi dəyərləndirirlər. Burada bir məqam var: ABŞ və yaxud da Avropa nə qədər sussa da, hamıya bəllidir ki, nəinki Ukraynanın hücumunun, hətta üçüncü ildir ki, müqavimət göstərməsinin arxasında ABŞ və Avropa dayanır. Məgər bu, kimin üçünsə sirdirmi?..

Qayıdaq Cənubi Qafqaza. ABŞ-ın bu regionda sülh istəməsinin bir təsdiqi də bu ola bilər ki, İrəvandan fərqli olaraq, Vaşinqtonda yəqin, başa düşürlər ki, Ermənistanın Rusiya ilə münasibətlərinin dəyişməsi üçün onun Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması zəruridir. Olsun. Necə deyərlər, bütün bunlar çox gözəl. Amma burada sual yaranır: əgər Vaşinqton regionda sülh istəyirsə, bəs onda niyə belə intensiv şəkildə İrəvanı silahlandırır? Təəssüf ki, biz bunun dürüst cavabını bilmirik. Bildiyimiz odur ki, təkcə istəmək azdır. Bəli, ABŞ iki əsrə yaxındır ki, Yaxın Şərqdə də sülh istəyir. Amma sülh varmı bu bölgədə? ABŞ otuz il Azərbaycanla Ermənistan arasında da guya sülh istədi. Amma təmin edə bildimi bu sülhü? Yox, bunu Azərbaycan özü etdi!..

O ki qaldı İrəvanın silahlandırılmasına, əlbəttə, bu, Rusiyaya qarşı deyildir, amma İrana qarşı ola bilər, necə ki, hazırda kiçik İsrail özündən qat-qat böyük olan İrana meydan oxuyur! Amma İrəvan Moskvadan uzaqlaşmasının qarışığında ABŞ-dan təminatlar istəyə bilər və aydındır ki, bu təminatı ona yalnız Vaşinqton verə bilər.

Burada bir məsələni də qeyd edək. Bu günlərdə Zəngəzur dəhlizi məsələsi Ermənistanla sülh sazişinin konteksindən çıxarıldı. Bu, Bakının sayca, səhv etmiriksə, ikinci, ya üçüncü güzəştidir. İrəvan da güzəşt edəcəkmi? Onun güzəşti tez bir zamanda Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarını öz əsas qanunlarından çıxarmaq olardı, çünki Bakı Nikol Paşinyanla yox, Ermənistanla saziş bağlamaq istəyir və çalışır ki, bu saziş digər hakimiyyətlərin də dövründə öz hüquqi qüvvəsini-gücünü saxlasın.

Bəli, prinsip etibarilə, istənilən sazişi pozmaq olar. Tarixdə belə hallar çox olubdur. Çox da uğurlu müqayisə olmasa da, məsələn, ötən əsrdə sovetlər alman faşistlərilə Molotov-Ribbentrop Paktını imzalamışdılar, amma az sonra almanlar onu pozdular, özü də qəfil, heç bir xəbərdarlıq etmədən, birtərəfli qaydada! Ermənilərin də alman faşistlərindən elə bir fərqləri yoxdur (məgər onlar İrəvanın mərkəzində faşist Njdeyə heykəl ucaltmayıblarmı!), onlar sadəcə, daha kiçik, necə deyərlər, cırtdan-liliput faşistlərdi. Odur ki, bizə də onlarla sülh sazişi imzalamaq üçün çox ciddi təminatlar lazımdır...

Нет комментариев

Новости автора