Общественно-политическая интернет газета
Kapitulyant ölkədə Azərbaycana qarşı növbəti siyasi hoqqabazlıq vüsət almaqdadır. Belə ki, vəzifəli şəxslərə həm Qarabağı Azərbaycanın tərkib hissəsi saymağı, həm də uydurma “erməni genosidi”nin önəmini azaltmağı yasaqlayacaq qanunun qəbulu üçün imza toplanışı davam edir. “Qarabağ Azərbaycandır” deyən, “artsaxın öz müqəddəratını təyinetmə hüququndan imtina edən” və “soyqırımı”nı şübhə altına alan məmurlara 10-15 il (!) müddətində azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
“Ayakve” adlanan təşəbbüsün müəlliflərin məlumatına görə, bu günə ölkə üzrə 5 gündə 15 minə yaxın imza toplanıb. Avqustun 19-dək daha 35 min imza (cəmi 50 min) gərəkdir ki, layihə ölkə parlamentinin gündəliyinə salınsın. Ona qədər isə MSK imzaların həqiqliyini yoxlamalıdır. Parlament layihəni məsələni gündəliyə salmaqdan imtina edərsə, o zaman təşəbbüsçülər 300 min imza toplamaqla məsələni referenduma çıxarmağı hədəfləyiblər. Hansının nəticəsi ki (əgər dəstəklənsə), hamı üçün məcburi olacaq...
Artıq aydındır ki, bu canfəşanlıqda əsas hədəf Qarabağı Azərbaycanın tərkib hissəsi kimi təsdiqləyəcək sülh müqaviləsini əngəlləmək, kövrək danışıqları pozmaqdır. İkinci hədəf - belə bir qanunun qəbulunu əsas gətirməklə Ermənistanda qarışıqlıq yaratmaq və Nikol Paşinyan komandasını hakimiyyətdən uzaqlaşdırmaqdır.
Çünki təşəbbüsün arxasında məhz sülh istəməyən və hələ də “miatsum” virusundan əziyyət çəkən radikal-revanşist qüvvələr, özəlliklə Xocalı hərbi caniləri Serj Sərkisyan və Rovert Köçəryanın “Qarabağ klanı”nın nəzarətindəki siyasi çevrələr və media dayanıb. Onlar heç olmasa, bu yolla – ermənilərin “ən yaralı” yerinə basmaqla “bulanıq suda balıq tutmaq”, yəni hakimiyyəti ələ keçirmək niyyətindədirlər.
Hərçənd, radikal müxalifətin reytinqi bu gün də hakim partiyadan xeyli zəifdir və son rəy sorğularına görə, cəmi 5-7% təşkil edir. Doğrudur, Paşinyan hökumətinə də inam yüksək deyil. Amma yenə müxalifətdən üstün olaraq qalır və haradasa 20-22% civarındadır. Çünki revanşistlərin boş hay-küyünə rəğmən, erməni cəmiyyəti daha müharibə arzulamır. Yaxud növbəti müharibədə də acınacaqlı məğlubiyyətə uğrayacağına və bu dəfə Ermənistanın öz taleyinin masa üzərinə qoyulacağına onda qəti əminlik var.
Bu mənada imza toplama kampaniyasını radikal müxalifətin öz varlığını saxlamaq yolunda son cəhdi və ya “axırıncı patronu” da adlandırmaq olar...
Böyük ehtimalla, 50 min imza toplanacaq. Lakin parlamentdəki hakim çoxluq – Paşinyanın “Mülki müqavilə” fraksiyası müvafiq qanunun qəbulunu bloklayacaq. Ardınca məsələni referenduma çıxarmaq üçün 300 min imza toplanışı mərhələsi başlayacaq. Yəqin ki, 300 imzanı da yığa biləcəklər. Lakin referendumda elektoratın əksəriyyəti radikal müxalifətin irəli sürdüyü qanun layihəsinə səs verəcəkmi? Bax bu, inandırıcı görünmür. Niyə?
Bir səbəbi yazdıq: erməni toplumunun yarıdan çoxu konfrontasiyadan yorulub və daha bir dağıdıcı savaşın Ermənistan üçün nə demək olduğunu çox yaxşı bilir. Referendumum müsbət nəticəsi isə birbaşa Azərbaycana müharibə elan eləmək anlamına gələcək, Bakının əlinə Qarabağdakı separatçı tör-töküntülərinin axırına daha tez çıxmaq üçün əlavə və çox təsirli əsas verəcək. Eyni zamanda, Ermənistanı dünyada sülh istəməyən, davakar imicini möhkəmlədəcək.
İkincisi, referendumda müsbət nəticə ölkə və xalq səviyyəsində beynəlxalq hüquqa meydan oxumaq, onu tanımamaq mənasına gələcək. Bu isə çətin ki, beynəlxalq təşkilatların, o sırada neçə vaxtdır sülh danışıqları üçün moderatorluq edən Brüsseli (AB) və Vaşinqtonu (ABŞ) məmnun eləsin. Deməli, heç kim Bakının sərt cavab təbirlərinə əl atmaqda qınamayacaq və dünya yenə bizə haqq qazandıracaq. Ermənistan isə növbəti dəfə Fransa xaric, faktiki təklənəcək.
Üçüncüsü, erməni cəmiyyəti müxalifətin avantürasına “hə” söyləməklə həm də “Qarabağ Azərbaycandır” deyən N.Paşinyan haqda öz hökmünü çıxaracaq. Ona “get!” demiş olacaq. Halbuki ermənilər üçün ən məqbul lider elə Paşinyandır.
Odur ki, yaxşı olar radikal-revanşistlər nə qədər gec deyil, “miatsum” kitabının həmişəlik bağlandığını qəbul və etiraf eləsinlər. Ən əvvəl elə öz başlarının salamatlığı üçün...
КомментарииОставить комментарий