Свобода людям, независимость нациям!

3 dəfə tankı vuruldu, yaralandı, xəstəxanadan yarımçıq çıxıb, erməni tankında Xocavənd döyüşünə yollandı...

Qarabağ qazisinin Şəhid oğlu Yusif Ələsgərovun dastan kimi döyüş hekayəsi

Onun tankı ilk dəfə Füzuli uğrunda döyüşlərdə vuruldu. Sonra Cəbrayılda və Qubadlıda. İki dəfəsində özü də yaralanıb. Hər ikisində də hospitalda müalicə olunub. Hər dəfə də hospitaldan yarımçıq çıxıb, döyüşə qatlıb...

Savaş dostları danışır ki, Qubadlıda döyüşərkən, tankın pulemyotunda oturan Yusif 69 ermənini şəxsən vuraraq, məhv edib. Yalnız bir döyüşdə...

Sonra onların tankını vurublar. Lüləsi qopub. Əmr gəlib ki, ekipaj tankı tərk etsin. Tankı tərk edərkən, daha bir mərmi düşüb yaxınlığa. Partlayşın gücü ekipaj üzvlərini ətrafa atıb. Komandir tanka çırpılıb və ağır yaralanıb (sonradan bəlli olub ki, onurga sütunu sınıb). Yusif özü də yaralanıb - kontuziya və boyun nahiyəsindən ağır zədə alıb. Lakin o halda belə yaralı komandirini atəş altında buraxmayıb. Onu çiyninə alaraq, atəş xəttindən çıxardıb. Komandir də, Yusif də hospitala yerləşdirilib.

Yusif Ələsgərov

Vəziyyəti bundan belə döyüşməsinə imkan verməyib. Həkimlər onun ordudan azad olunması ilə bağlı sənədlər hazırlayıb. Lakin müddətdən artıq hərbi xidmətçi, çavuş Yusif Yaşar oğlu bununla razılaşmayıb və israrla döyüşə dönməyi tələb edib...

O mənim qonşum, qohumum, sevimli fizika müəllimim Sabir Ələsgərovun nəvəsi, qardaşımın sinif yoldaşı Yaşarın oğludur. Babası həyatımda böyük rol oynayıb. Atası Yaşar isə 1-ci Qarabağ müharibəsinin qəhrəman qazilərindən biridir. Topçu Yaşar! Ən sərrast atıcılaradan, artilleristlərimizdən olub. Döyüşlərdə iki dəfə yaralanıb. Bir dəfə qolundan güllə dəyib. Sonra isə yanına mərmi düşüb və kontuziya alıb. İkinci qrup qazimizdir. Hazırda Tovuzun N saylı hərbi hissəsində onun fotosu şərəf lövhəsindədir.

1996-cı ildə, artıq atəşkəs zamanlarında doğulub, Yusif. Tovuzun sərhəd kəndi Yuxarı Öysüzlüdə, Qarabağ qazisinin oğlu olaraq dünyaya göz açıb. Və Qarabağ onun həyatına, hətta Şəhadətinə əbədiyyən yazılıb...

Atası Yaşarla danışırıq. Toxdaqdı, qürurludu qazimiz. “Vətən sağ olsun”, deyir. Yusif dəfn olunanda da, bayrağı öpüb, gözünün üstünə qoyub və məhz belə deyib: “Vətən sağ olsun!”

Şəhid Yusif Ələsgərovun Yuxarı Öysüzlü kəndindəki evi

Yəni Şəhidlərimiz belə ailələrdən, bu cür qürurlu kişilərdən dərs alaraq, döyüşə gedirlər. Hər bir Şəhidin hekayəsi bir qəhrəmanlıq dastanıdır.

Yusifin dastanı isə bir ayrıdır. Onu davam etdirək.

Həkimlər də, atası da ona deyib ki, xidmətini şərəflə həyata keçirtdin, daha səhhətin və yaraların imkan vermir. Sən ordudan tərxis olun və evə dön.

Yusif atasına deyib ki, Şuşaya qədər gedəcək: “Şəhid olsam, haqqını halal et”.

Hər gün əvvəlki heyətindən yeganə döyüş vəziyyətində olan mexaniklə danışırmış. Ermənilərdən qənimət götürülmüş yaxşı vəziyyətdə olan tanklardan birini rəngləyib, döyüşə hazırlayırmışlar. Yusif mexanikdən gündə bəlkə də iki dəfə soruşurdu: “Bizim tank hazır olmadımı”...

Nəhayət, gün gəlir və tank hazır olur. Yusif öz imzası və ərizəsi ilə müalicəsini yarımçıq qoyaraq, döyüşə yollanır. Yeni komandir və qismən yeni heyətlə yeni tankında düşmənin üstünə gedir. Tank heyəti Xocavənd uğrunda döyüşlərdə qəhrəmanlıqlar göstərir. Qrupda 7 tank varmış və düşməni qabaqlarına qataraq, qovurlarmış. Döyüşün bir fraqmentində tank əleyhinə raketlə vurulur, Yusifin tankı. Qəhrəman heyətin hamısı tankın içində həlak olur.

Yusifin Şəhid nəşi bir neçə gün sonra doğulduğu torpaqda - Yuxarı Öysüzlü kəndinin qədim qəbristanlığında dəfn olunur.
Azərbaycan durduqca adı duracaq, hər birimizin fəxr yeri olacaq.

Şəhidlər ölməz!

Rauf Arifoğlu

Нет комментариев