İnsanlara hürriyət, millətlərə istiqlal!

Zümrələr ölkəsində zülmlər – Hindistan on illərdir Kəşmiri FV rejimi ilə idarə edir

Hindistan və Pakistan arasında yaranan təhlükəli gərginliyin dünya mediasında əks-sədasına diqqət etdikdə Hindistan tərəfinin daha fəal olduğunu, mətbuata daha çox informasiya ötürdüyünü görürük.

Amma belə situasiyalarda daha çox və daha bərk qışqırmaq hələ hay-küyçü tərəfin haqlı olduğuna dəlalət edə bilməz. Bu, o deməkdir ki, tərəflər arasında həm də informasiya müharibəsi gedir və bu sahədə Hindistan daha hazırlıqlıdır, ən azı təşəbbüsü ələ keçirib.

Biz illərlə həm rayonlarımızı ard-arda işğal edən, həm də bizi dünya mediasında haqsız qələmə verən ermənilərin bizə qarşı apardığı informasiya müharibəsində necə həyasızlıqlar etdiyini çox görmüşük. Ona görə də yaydığı informasiyalarla özünü haqlı göstərən tərəfin fitnə-fəsadı bizə təsir etməz.

Hindistan və Pakistan arasındakı konfliktin tarixi 80 ilə yaxındır.

1947-ci ildə Böyük Britaniya Hindistandan çəkilib gedəndə müstəqillik aktında nəzərdə tutulan bölünmə planına görə, Kəşmirin Hindistana və ya Pakistana qoşulmaq hüququ olub. Yəni ayrıca knyazlıq kimi yaşayan Kəşmir xalqının seçim haqqı varmış. Knyazlığın hökmdarı maharaca Hari Sinqh ərazinin müstəqilliyini elan etmək fikrinə düşüb. Belə olsa, Kəşmir də regiondakı Nepal və Birma (Myanma) kimi müstəqil dövlət olacaqmış. Ancaq 1947-ci ilin ortalarında Kəşmirdə icmalararası toqquşmalar və antimonarxiya hərəkatı başlayıb. Knyazlığın müsəlman əhalisini qorumağı öz qardaşlıq borcu sayan Pakistanın silahlı qüvvələri 1947-ci ilin oktyabrında Kəşmirin şimal bölgələrini tutub və əhalini soyqırımdan qurtarıb. Bu təqdirdə knyazlıqda öz hakimiyyətini və legitimliyini itirən maharaca kömək üçün Hindistana müraciət edib və knyazlığın bu ölkəyə qoşulması haqqında sənəd imzalayıb. Ondan sonra Kəşmirə hind qoşunları yeridilib. Müharibə başlanıb, Pakistan Kəşmirdə daha irəli gedə bilməyib. Hindistan isə Pakistanın tutduğu yerləri ondan geri almağı bacarmayıb. Hər iki tərəfdə ölənlərin ümumi sayı 7,5 min nəfər olub. 1949-cu il yanvarın 1-də BMT-nin himayəsi altında atəşkəs xətti qurulub.

kesmir.jpg (37 KB)

Nəticədə Cammu, Kəşmir vadisi və Ladaxın çox hissəsini Hindistanda qalıb. Pakistan isə Azad Kəşmir və Gilgit-Baltistanı əyalətinə nəzarətə yiyələnib. Pakistanın razılığı ilə Aksay-Çin bölgəsi, yaşayış olmayan Trans-Karakoram buzlaqları və Demçok sektorunun bir hissəsini əhatə edən ərazi Çinə keçib.
Burada əsas məqam odur ki, Hindistanın Kəşmirin 55 faizinə yiyələnməsi heç də qanuni və ədalətli olmayıb. Çünki Kəşmir knyazlığının maharacası hind əsilli yox, müsəlman olsaydı, o zaman o, knyazlığın Pakistana qoşulması haqqında sənəd imzalayacaqdı. Belə məsələlər isə refenrendumda həll olunmalıdır. 1947-ci ildə Kəşmirdə heç bir referendum olmayıb. Əslində xalq səsverməsi olsa da, Kəşmirin əhalisinin əksəriyyəti müsəlman olduğu üçün bölgə xalqı səs çoxluğu Pakistanla birləşməyi seçəcəkdi.

Bir sözlə, lap başlanğıcda bu regionda məsələləri ədalət yox, hərbi güc, zorakılıq həll edib. Ona görə də 78 ildir Kəşmirdə sülh və əmn-amanlıq yoxdur. İndiyə qədər bu bölgəyə görə Hindistan və Pakistan arasında 3 dəfə böyük müharibə, çox sayda lokal toqquşmalar olub.

Bu sonuncu hadisə - terrorçuların turistlərə atəş açaraq 26 nəfəri qətlə yetirməsi onlardan biridir.

Maraqlıdır ki, bu hadisənin üstündən yarım saat keçməmiş Hindistan terrora görə Pakistan dövlətini ittiham edib. Halbuki terrorçu qruplar Pakistanın özündə də vaxtaşırı məscidlərdə və bazarlarda kütləvi qətliama səbəb olan terror aktları törədirlər və Pakistan dövləti beynəlxalq terrorizmin öhdəsindən gəlmək üçün ciddi cəhdlər göstərir. Yəni dərin və dəqiq araşdırmalar olmadan bir terror aktının həyata keçirilməsində hansısa dövləti ittiham etmək absurddur.

Pakistanın baş naziri BMT baş katibi ilə telefon danışığında məhz bu arqumenti irəli sürüb, gərginliyə səbəb olmuş terror aktının müstəqil şəkildə araşdırılmasını istəyib, Hindistan isə münaqişənin gərginləşməsində maraqlı görünür. Tərəflərin bir-birinə etimadı sıfıra enib.

Belə ehtimallar var ki, münaqişənin kəskinləşməsi Hindistanın hakim partiyasına, eləcə də baş nazir Modiyə sərf edir. 2027-ci ilin prezident seçkilərində xalqdan yetərli qədər səs almaq üçün hakimiyyət belə bir gərginlik yaratmaqda maraqlıdır. Çünki 2019-cu ildə də eyni taktikadan istifadə edilib: Pakistanla Hindistan arasında münasibətlər gərginləşib, hərbi-vətənpərvərlik ritorikasından istifadə edən Modi tərəfdarları xalqdan etimad votumu alıblar.

Ümumiyyətlə götürsək, Hindistan nə qədər qanuni seçkilər keçirən, müstəqil məhkəmə hakimiyyətinə malik olan ölkə olsa da, bu dövlətin daxilində icmalar, kastalar arasında ayrı-seçkiliklər, ədalətsizliklər olması hər kəsə bəlli faktdır. Bu ölkədə müsəlmanları sevmir, təqib edir, hətta dini ayinləri keçirmələrinə mane olur, adamların dini hisslərini tez-tez təhqir edirlər. Mülki əhaliyə qarşı hərbi cinayətlər (qəllər, adam oğurluğu, səbəbsiz həbslər, işgəncələr) törədən Hindistan hərbçiləri heç vaxt tribunala çəkilmir. Bunu “Amnesti international” təşkilatı da öz hesabatlarında qeyd edib.

Onilliklərdir ki, Kəşmir bölgəsində gah rəsmi, gah da qeyri-rəsmi şəkildə fövqəladə vəziyyət rejimi hökm sürür. Belə hərəkətlər yerli icmalarda qəzəb dalğası doğurur və narazı insanları terrorçu qruplarda birləşərək partizan müharibəsi aparmasına səbəb olur.

Bu ilin aprelində Hindistan parlamentində müsəlman fondlarının dövlət nəzarətinə verilməsini nəzərdə tutan qanun da qəbul edilib və bu cəmiyyətdə gərginlik yaradıb. Görünür, ona görə də hökumət Pakistanla münasibətləri gərginləşdirir. Çünki bu halda islamafob qərarları əsaslandırmaq, müsəlman əhalini üsyançı, terrora dəstək verən obrazda təqdim etmək daha asan olacaq.

Azərbaycanın Pakistan-Hindistan münasibətlərinə, Kəşmir məsələsinə mövqeyi bir az Kipr məsələsində tutduğumuz mövqeni andırır. Dövlətlərin ərazi bütövlüyünə hörmət ifadə etməklə yanaşı, bilirik ki, 1974-cü ildə Türkiyə qətiyyətli hərəkət edərək Kiprin türk əhalisini qorumasaydı, onlar kütləvi qətliama, soyqırıma uğrayacaqdılar. Pakistan isə 1947-ci ildə olduğu kimi, indi də Kəşmirin müsəlman əhalisini qorumasa, bölgədə “bismillah” deyən qalmayacaq.

Ayrıca, bizim Pakistana vəfa borcumuz var. Bu dövlət həmişə Azərbaycanın yanında olub, haqq işimizi müdafiə edib. İndi isə haqqın tərəfində durmaq növbəsi bizimdir.

Öz xalqını brahmanlara (din adamları), kşatrilərə (zadəgən və əsgərlər), vayşilərə (tacirlər, ustalar və fermerlər), şudralara (fəhlələr) və pariyalara (toxunulmazlar, üzdəniraqlar) bölən cəmiyyət başqa xalqları ədalətlə idarə edə bilməzlər.

Araz Altaylı, Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 May 2025

BÜTÜN XƏBƏRLƏR