Onlayn ictimai-siyasi qəzet
Bu qadının bir çox adı olub: Ursula Kuçinski, Ursula Burton, Ursula Hamburger, Rut Verner. Sovet ordusunun Baş Kəşfiyyat İdarəsində isə onun kod adı “Sonya” olub. 1939-cu ildə qadın casus Moskvaya Adolf Hitlerə qarşı sui-qəsd planı göndərib. Lakin mərkəz planı təsdiqləməyib.
Almaniyalı kommunist Ursula Kuçinski Bakı şəhərinin Sabunçu qəsəbəsində anadan olan kəşfiyyatçı Rixard Zorgenin təklifi ilə sovet kəşfiyyatı ilə əməkdaşlığa cəlb olunub. Zorge onun yetişdirilməsində əhəmmiyyətli rol oynayıb. 1933-1934-cü illərdə Ursula Moskvada kəşfiyyat təlimi keçib, daha sonra Çin və Polşada kəşfiyyatın tapşırıqlarını yerinə yetirib.
1938-ci ilin sonundan Ursula Kuçinski özünü iki uşaq və onların dayəsi ilə yaşayan burjua xanımı kimi təqdim edərək İsveçrədə məskunlaşıb. Çünki belə bir xarakter çətin ki, hansısa ölkənin əks-kəşfiyyatı üçün maraqlı ola bilərdi. Agent “Sonya” vaxtaşırı Almaniyaya köçən iki ingilis kommunist - Cim (əsl adı Aleksandr Alan Fut) və Len (Leon Çarlz Burton) ilə əlaqə saxlayıb. Onların hər ikisi əvvəllər İspaniyada respublikaçıların tərəfində, beynəlxalq briqadaların ingilis batalyonunda döyüşüb. Ursula Kuçinski daha sonra Leon Burtonla evlənib.
1939-cu ilin yayında agentlər Ursulaya Münhendə başlarına gələn vacib hadisəni danışıblar.
Şəhərin mərkəzində yerləşən Odeonsplatz meydanında İspaniyada Frankonun tərəfində vuruşan alman Kondor legionunun həlak olmuş pilotlarının xatirəsinə SS əsgərlərinin paradı keçirilib. Parad bitən kimi Cim və Len restoranlardan birinə daxil olublar. Onlar masada əyləşdikdən sonra Adolf Hitler bir neçə SS əsgərinin müşayiəti ilə restorana daxil olub.
1920-ci ildə məhz “Hofbrayhaus” restoranında Almaniya Fəhlə Partiyasının ilk iclasında Hitler nasistlərin 25 bəndlik siyasi proqramını oxuyub. Hitlerin mətbuat katibi Otto Ditrixin xatirələrinə görə, fürer hakimiyyətə gəldikdən sonra Münhendə kafe və restoranlara baş çəkməyə davam edib.
Restoran sahibi Hitleri ehtiramla qarşılayıb. Tüstü onu qıcıqlandırdığı üçün ziyarətçilərdən siqaretlərini söndürmələri istənilib. Cim və Lenin trestoranda Hitlerlə qarşılaşması onlar üçün gözlənilməz olub. Həmin vaxt Hitlerin yanında iki qız da olub. Onlardan biri Yeva Braun, ikincisi isə nasist liderinin digər mümkün məşuqəsi, ingilis qadın Yuniti Mitford olub.
Fürerin vaxtaşırı bu restorana gəldiyini dəqiqləşdirən sovet agentləri sui-qəsd planı hazırlayıblar. Çünki Hitlerin bəyanatları ətraf dünya üçün təhlükə vəd edirdi.
İngilislərlə baş verənləri müzakirə etdikdən sonra Ursula Kuçinski radio ilə mərkəzə “Hitlerə yaxınlaşmaq və onu məhv etmək” fürsəti haqqında məlumat verib. Görünür, Moskvanın cavabı mənfi olub. Mərkəz agentlərin Münhendə qalmasına belə icazə verməyib - onlara İsveçrəyə qayıtmaq və radiooperator olmaq üçün təhsil almaq əmri verilib. Len sui-qəsdin baş tutmayacağına görə çox məyus olub.
Ursula Kuçinskinin həyatını araşdıran britaniyalı bioqraf Benedikt Makintayr bildirib ki, “Sonya” Hitleri öldürməyə daha çox yaxın olub.
Rut Verner isə bu barədə deyib: “Hələ biz cavab almazdan öncə siyasi hadisələrin gedişatı bu ehtimalı aradan qaldırıb”. Görünür, “siyasi hadisələrin gedişatı” dedikdə Rut Verner hər iki ölkənin xarici işlər nazirləri İoahim fon Ribbentrop və Vyaçeslav Molotov arasında Moskva şəhərində avqustun 23-də Almaniya-SSRİ arasında imzalanan bir-birinə hücum etməmə paktını nəzərdə tutub.
İctimai olaraq hücum etməmə haqda razılığa gəlindiyi elan edilsə də, gizli protokol əsasında Polşa, Litva, Latviya, Estoniya və Finlandiyanın daxil olduğu ərazilər Sovet İttifaqı və Almaniya arasında nüfuz dairələrinə bölünüb.
“Tayms”ın köşə yazarı Mark Bricin fikrincə, Ursula Kuçinski Hitleri restoranda partlatmağı bacarsaydı, bu, dünya müharibəsinin olma ehtimalını sıfıra endirəcəkdi. Lakin Sovet İttifaqı bu məsələyə başqa prizmadan nəzər yetirirdi.
1939-cu ildə Almaniyada nasist partiyasının siyasi mövqeyi həmişəkindən daha güclü idi. Hitler ölsəydi, 3-cü Reyxə başqa biri - Hess, Görinq, Himmler və ya Göbbels başçılıq edəcəkdi. Bütün hallarda Almaniyada Hitlerin ideologiyası öz yerində qalacaqdı. Eyni zamanda nasist müstəntiqləri sovet agentlərinin hadisədə iştirakından xəbərdar olsaydılar, təcavüz etməmək paktı pozulacaqdı.
Bu da öz növbəsində Stalinin planlarının bir hissəsi deyildi. Lakin bir müddət sonra Stalinin qorxduğu başına gəldi. Pakt 1941-ci ilin 22 iyununda, nasist Almaniyasının “Barbarossa” əməliyyatı ilə Sovet İttifaqına hücum etməsi ilə qüvvədən düşdü.
Ursula Kuçinskiyə gəlincə, o, müharibənin sonuna qədər sovet kəşfiyyatının tapşırıqlarını yerinə yetirməkdə davam edib.
İlkin Nəcəf
20 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ