İnsanlara hürriyət, millətlərə istiqlal!

“Zon”dakı fərqli şərtlər, əfv-amnistiya şansı

Ümumi rejim, ciddi rejim və “ömürlük”lər...

Xəbər verildiyi kimi, Biləsuvarın həbsdə olan sabiq icra başçısı Mahir Quliyev ciddi rejimli cəzaçəkmə müəssisəsindən ümumi rejimli cəzaçəkmə müəssisəsinə keçirilməsi ilə bağlı məhkəməyə müraciət edib. Müraciət Nizami Rayon Məhkəməsində icraata götürülüb.

Mahir Quliyev 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub. Korrupsiya cinayətlərində ittiham olunan sabiq icra başçısı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrum edilib. Şirvan Apelyasiya Məhkəməsi də birinci instansiya məhkəməsinin hökmünü dəyişdirmədən saxlayıb. Ali Məhkəmədə isə Mahir Quliyevin cəzası 11 ildən 8 il 3 aya endirilib.

Bəs cəza evlərindəki saxlanma şəraitlərində (ümumi rejim, ciddi rejim, ömürlük) əsas fərqlər nələrdir? Həmin dustaqlara nə olar, nə olmaz? Məsələn, onların hamısının, o cümlədən “ömürlüklər”in seçkilər zamanı səs hüququ varmı? Kimlərin əfvə və ya amnistiyaya düşmək şansı ümumiyyətlə yoxdur?

Nazir Bakını tıxacdan qurtarmağı tapşırdı - problemli ərazilər

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir: “Cəza təyin edilərkən cinayətlərin residivi nəzərə alınır. Yəni cəza əmələ uyğun təyin olunur.  Cəzaların icrası və çəkilməsi zamanı məhkumların aşağıdakı hüquqları var:

- cəzanı insan şəxsiyyətinə hörməti təmin edən şəraitdə çəkmək;

- ictimai faydalı əməklə məşğul olmaq;

- bədən tərbiyəsi və idmanla məşğul olmaq;

- istirahət etmək;

- pensiya və ya sosial müavinət almaq;

- ilk tibbi yardım daxil olmaqla, tibbi rəydən asılı olaraq ambulator və ya stasionar şəraitdə tibbi yardım almaq;

- öz hüquq və vəzifələri barədə, o cümlədən məhkəmə tərəfindən təyin edilmiş cəzanın icrası qaydası və şərtləri barəsində məlumat almaq;

- hüquq və azadlıqlarının müdafiəsi üzrə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada təklif, ərizə və şikayətlə dövlət dilində və ya başqa dildə müraciət etmək, zəruri hallarda isə bu məqsədlər üçün cəzanı icra edən müəssisə və ya orqan tərəfindən təqdim edilən tərcüməçi xidmətindən istifadə etmək;

- cəzanın icrası və çəkilməsi ilə əlaqədar barəsində qəbul edilən qərarlara dair öz rəyini bildirmək və ya onlardan şikayət etmək;

- dini ayinlərin icra edilməsində iştirak etmək;

- hüquqi yardım almaq;

- “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz psixoloji yardım almaq;

- təhsil almaq və peşə hazırlığı keçmək;

- əcnəbi, vətəndaşlığı olmayan və ya qaçqın statusuna malik olan məhkumların qısa müddətdə şəxsi məsələlər üzrə öz dövlətlərinin Azərbaycan Respublikasındakı diplomatik və konsulluq nümayəndəlikləri ilə və ya onlara himayədarlığı öz üzərinə götürmüş milli, yaxud beynəlxalq təşkilatlarla əlaqəyə girmək;

- cəzanın çəkilməsinin təxirə salınması və ya onun ləğv edilməsi, xəstəliyə görə cəzanı çəkməkdən azad edilməsi, ittiham hökmünün icrası müddəti ilə əlaqədar cəza çəkməkdən azad edilməsi, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi, amnistiyanın tətbiq edilməsi, müalicə müəssisəsində saxlanma vaxtının cəzaçəkmə müddətinə daxil edilməsi, məhkumluğun vaxtından əvvəl götürülməsi üçün ərizə ilə məhkəməyə, əfv edilmək üçün isə Azərbaycan Respublikasının Prezidentinə bilavasitə və ya qanuni nümayəndələrinin vasitəsilə, habelə yetkinlik yaşına çatmayan və ya fiziki pozuntulardan, yaxud psixi xəstəlikdən əzab çəkən məhkumlar barəsində isə onların müdafiəçilərinin və qanuni nümayəndələrinin vasitəsilə müraciət etmək.

Məhkumların hüquqları Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində nəzərdə tutulur. Cəzaların icrası və çəkilməsi zamanı məhkumların qanunvericiliklə nəzərdə tutulmuş hüquq və azadlıqları təmin olunur. Məhkumların hüquq və azadlıqları yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada məhdudlaşdırıla bilər.

Məhkumlar saxlanıldıqları müəssisəsinin dəyişdirilməsi ilə məhkəməyə müraciət hüquqları da tanınır. 2019-cu ildə Ədliyyə Nazirliyinin Kollegiyası tərəfindən təsdiqlənən və həmin ilin noyabrın 1-dən qüvvəyə minən “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti haqqında Əsasnamə”də əksini tapıb. Beləliklə, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin bu Əsasnamə və digər hüquqi aktlar ilə müəyyən edilmiş səlahiyyətlər daxilində penitensiar müəssisələrdə cəza çəkən məhkumların cəzadan şərti olaraq vaxtından əvvəl və xəstəliyə görə azad edilməsi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza ilə əvəz edilməsi və cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi ilə bağlı tədbirlər görmək vəzifəsi var.

Qeyd edək ki, yeni Əsasnamənin qəbul edilməsi ilə əlaqədar Ədliyyə Nazirliyi üzrə 25 iyun 2008-ci il tarixli 16-T nömrəli əmri ilə təsdiqlənmiş Ədliyyə Nazirliyinin Penitensiar xidməti haqqında Əsasnamə qüvvədən düşüb. Həmin Əsasnamədə Ədliyyə Nazirliyinin Penitensiar xidmətin penitensiar müəssisələrdə cəza çəkən məhkumların cəzadan şərti olaraq vaxtından əvvəl və xəstəliyə görə azad edilməsi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza ilə əvəz edilməsi və cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi ilə bağlı tədbirlər görmək vəzifəsi əksini tapmamışdı.

Bundan başqa, respublika quruluşlu dövlətlərdə seçki hüququ vətəndaşların seçmək və seçilmək hüququndan istifadə imkanlarını artırır, bu hüquqdan dövlət hakimiyyətinin ali orqanlarının formalaşdırılmasında ən düzgün imkan olaraq istifadə edilməsinə zəmin yaradır. Seçmək və seçilmək, hüquqi terminlərlə desək aktiv və passiv seçki hüququ şəklində həyata keçirilir. Seçki hüququ vətəndaşların dövlət və bələdiyyə orqanları üzvlərini seçmək, habelə referendumda həlledici səslə iştirak etmək hüququdur, bu hüquqa 18 yaşına çatmış hər kəs malikdir. Passiv seçki hüququ vətəndaşın seçkidə dövlət və bələdiyyə orqanlarına seçilmək hüququdur. Eyni zamanda cəzaçəkmə müəssisələrində olan məhkumların da səsvermədə iştirak hüququ var və bunun üçün müvafiq şərait yaradılır, məhkumlar istənilən seçkidə aktiv şəkildə iştirak edirlər. Seçmək hüququ ilə bağlı məhkumlara məhdudiyyətlər tətbiq edilə bilməz. Aktiv seçki hüququndan bəhs edərkən, 18 yaşına çatmış hər bir Azərbaycan Respublikasının vətəndaşı bu hüquqlara malikdir. Azərbaycanda yaşayan xarici ölkə vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin, fəaliyyət qabiliyyətsizliyi məhkəmənin qərarı ilə təsdiq olunan şəxslərin, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslərin, o cümlədən xaricdə yaşayan azərbaycanlıların bu hüququ həyata keçirmək üçün qaydalar var. Xarici ölkə vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin Seçki Məcəlləsinə görə müəyyən hallarda aktiv seçki hüququ (səs vermək hüququ) var. Seçki Məcəlləsinin 12.2-ci maddəsinə görə vətəndaşlığı olmayan şəxslər 5 ildən az olmayaraq Azərbaycan ərazisində daimi yaşayırlarsa referendumda, Milli Məclisə seçkilərdə, Prezident seçkilərində və bələdiyyə seçkilərində səsvermələrdə iştirak edə bilərlər. Əlbəttə, bu zaman digər seçicilər üçün zəruri olan özəlliklər bu seçicilər üçün də keçərlidir. Onlar 18 yaşını tamamlamış olmalı, qanunda nəzərdə tutulan formada seçki hüququnu itirməməlidirlər. Seçki Məcəlləsinin 12.3-cü maddəsi ilə xarici ölkə vətəndaşlarının bələdiyyə seçkilərində səsvermə hüququ tanınır. Lakin bu hüququn həyata keçirilməsi üçün müəyyən şərtlər nəzərdə tutulub. Xarici ölkə vətəndaşları müvafiq bələdiyyənin ərazisində 5 ildən az olmayaraq yaşamalı və onun vətəndaşı olduğu ölkənin qanunvericiliyində xarici ölkə vətəndaşlarına bələdiyyə seçkilərində səsvermə hüququ tanınmalıdır. Fəaliyyət qabiliyyətsizliyi məhkəmənin qərarı ilə təsdiq olunan şəxslər seçmək və seçilmək hüququndan məhrumdurlar. Bunun əsas səbəbi bu qrup şəxslərin öz hərəkətlərinin mənasını başa düşməməsi və ya öz hərəkətlərini idarə edə bilməməsidir. Məhkəmə qaydasında fəaliyyət qabiliyyətsiz elan olunmayan şəxslər, hətta ruhi xəstə olmasına baxmayaraq seçmək hüququndan məhrum olmur. Qeyd edilən hallardan başqa digər hallarda vətəndaşların seçmək hüququ məhdudlaşdırıla bilməz. Məhkumların da səsvermə hüququ təmin olunur. Seçki Məcəlləsinə əsasən məhkəmənin qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslər; məhkumluğun ödənilməsindən və ya götürülməsindən asılı olmayaraq, ağır və xüsusi ilə ağır cinayətlərə görə məhkum olunmuş şəxslər seçilmək hüququna malik deyillər.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR