İnsanlara hürriyət, millətlərə istiqlal!

Ziya Bünyadovun qətli ilə bağlı SİRR PƏRDƏSİ ARALANIR - Cinayəti törədən...

Akademikin qətlinə görə tutulan Mahir Zeynalov müəmması 

Bakı şəhəri Səbayel Rayon Məhkəməsində Azərbaycan Respublikasının vətəndaşı Bağırov Akif Əlimirzə oğlunun barəsində həbs-qətimkan tədbiri seçilib. İşin hallarından görünür ki, akademik Ziya Bünyadovun qətlinə görə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Zeynalov Mahir Nurhüseyn oğlunun azadlığa buraxılmasına nail olmaq üçün xarici xüsusi xidmət orqanının tapşırığı ilə Bağırov Akif Əlimirzə oğluna külli miqdarda pul vəsaiti göndərilib.

Akif Bağırov bu istiqamətdə yollar axtarmaq üçün həmin vəsaitləri məsuliyyətə cəlb edilmiş digər Azərbaycan Respublikası vətəndaşına verib və bu vəsaitlər Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi çərçivəsində həyata keçirilmiş tədbirlər zamanı aşkar edilərək sübut qismində götürülüb.

Səbayel Rayon Məhkəməsinin qərarı ilə Akif Bağırov barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Ziya Bünyadovun qatillərinin arasında həqiqətən də Mahir Zeynalov adlı adam var. Hazırda Qobustan qapalı həbsxanasında qətldə birbaşa iştirak etmiş şəxslərdən biri - Nizami Nağıyev ömürlük məhkumluq həyatı yaşayır. Onu və Qabil Babayevi hadisə yerinə aparan Mahir Zeynalov da onunla bərabər ömürlük həbsdədir. “Yeni Müsavat”ın əməkdaşı bir neçə il əvvəl Qobustan həbsxanasında Nizami Nağıyevlə görüşüb qətlin tarixçəsi və sifarişçi ilə bağlı fikirlərini öyrənmişdi. Hökmə görə, dəstə üzvləri 1997-ci ilin yanvarında Bakıda yığıncaq keçiriblər.Yığıncaqda Nizami Nağıyev, Cavanşir Aslanov, Mahir Zeynalov, Qalib Babayev, Tariyel Ramazanov, “Nəsrullah” adlı şəxs iştirak edib və akademik Ziya Bünyadovun xidməti, siyasi fəaliyyətinə son qoymaq qərarlaşdırılıb. Qətlin həyata keçirilməsi planı qurulub, dəstə üzvlərinin hər birinin rolu öz aralarında bölüşdürülüb. Yığıncaqda akademikin İran müşteyidləri tərəfindən ölümünə “fətva” verildiyi vurğulanıb. Bildirilib ki, Ziya Bünyadov İslam tarixinin tərcüməsində guya kobud səhvlərə yol verib. Hökmdə bildirilib ki, Nizami Nağıyev, Mahir Zeynalov, Xanlar Cabbarov, Maarif Əliyev, Rövşən Həsənov, Qədir Abbasov, Rizvan Məmmədov, Qalib Babayev Tariyel Ramiz oğlu Ramazanov istintaqa məlum olmayan, özlərini İran İslam Respublikası vətəndaşları kimi təqdim edən “Məhəmməd” və “Nəsrullah” adlı şəxslərin 1993-cü ildə Azərbaycanda, o cümlədən Bakı şəhərində İslam dininin müdafiəsi pərdəsi altında ağır və xüsusilə ağır cinayətlər törədilməsi məqsədilə yaratdıqları “Vilayəti Əl-Fəqih Hizbullah” adlı cinayətkar birliyə qəbul olunublar. 1993-cü ildən 2000-ci ilin oktyabrınadək orada iştirak ediblər. 21 fevral 1997-ci il saat 16 radələrində dəstə 2 qrupa ayrılıb. Tapança-pulemyotla silahlanmış Tariyel Ramazanov və Cavanşir Aslanov akademik Ziya Bünyadovun evə qayıtma vaxtını mobil telefon vasitəsilə 2-ci qrupa məlumat verib. Nizami Nağıyev bıçaqla, Qalib Babayev isə tapança ilə silahlanıb Mahir Zeynalovla birlikdə avtomaşınla akademik Ziya Bünyadovun yaşadığı binanın yaxınlığında növbəti zəngi gözləyiblər.

Ziya Bünyadovun qatilinin həbsdən buraxılması kimlərə maraqlıdır? - AÇIQLAMA

Axşamüstü saat 6 radələrində Tariyel Ramazanov akademik Ziya Bünyadovun evinə gəlməsi barədə Mahir Zeynalova məlumat verib. O, kənar şəxslər barədə işarə vermək məqsədilə avtomaşında qalıb, Qalib Babayev binanın tinində, Nizami Nağıyev isə 3-cü girişin qarşısında mövqe tutub. Akademik Ziya Bünyadovun mənzilinə tək getməsi barədə Qalib Babayevin işarəsindən sonra Nizami Nağıyev binanın 3-cü girişinə daxil olaraq gözləyib. 1-ci və 2-ci mərtəbələrin arasındakı meydançada Ziya Bünyadovun arxa tərəfinə keçib və onun sağ və sol qabırğaaltı, qarın nahiyələrinə, sol əlin arxa bayır səthinə 5 dəfə ardıcıl zərbə vurub. Həmin vaxt hadisə yerinə Qalib Babayev də özünü çatdırıb və “Makarov” markalı səsboğucusu olan tapançadan Ziya Bünyadovun sifətinin sağ yanaq nahiyəsinə və boynuna atəş açıb. Akademikin həyatına son qoyan hər 2 şəxs Mahir Zeynalovla birgə avtomobillə hadisə yerindən qaçıb.

ziya 2.jpg (212 KB)

 Nizami Nağıyev

3 il sonra dəstə üzvlərindən Nizami Nağıyev və Mahir Zeynalov tutulublar. Nizami Nağıyev qətldən 5 ay sonra Gömrük Komitəsinə işə düzəlib, tutularkən də gömrük inspektoru olub. Atası Adil Nağıyev həmin vaxt Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini daşıyıb. Nizami Nağıyev “Yeni Müsavat”a demişdi ki, Ziya Bünyadovu onlara Aydın kimi tanıdıblar, onun və bir müxalifət liderinin qətlini sifariş veriblər. Sifarişi alan Tariyel Ramazanov Milli Elmlər Akademiyasının işçisi olub. 2000-ci ildə qətlin üstü açılarkən o və dəstənin digər üzvləri ölkədən qaçıblar. Nizami Nağıyev onların İrana qaçdıqlarını ehtimal etdiyini bildirmişdi.

Son həbsdən belə anlaşılır ki, 27 il keçməsinə baxmayaraq, hələ də Ziya Bünyadovun işində maraqlı olan dairələr var. “Bu işlə bağlı külli miqdarda pul xərcləmək hansı dairələrin marağında ola bilər və niyə məhz Mahir Zeynalovu azadlığa çıxarmaq istəyirlər” sualına cavab vermək hələ ki araşdırma mövzusudur.  Yalnız onu qeyd edək ki,  Ziya Bünyadovun qətlinə görə tutulan Mahir Zeynalov qətlin birbaşa iştirakçısı olmayıb. Hadisə yerinə isə onun idarə etdiyi maşınla gedilib. 

Elşən MƏMMƏDƏLİYEV, 
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR