İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəngəzur dəhlizi həm də qərbi azərbaycanlıların qayıdış yolu olacaq

Sabiq nazir: “Məsələnin həlli zamanı çatanda bunu istəyib-istəməyəcəyini Ermənistandan heç kim soruşmayacaq”

Zəngəzur dəhlizinin açılması gec-tez baş verəcək. Bu günədək bu prosesin reallaşması üçün Azərbaycan üzərinə düşən bütün işləri görüb. Ermənistan isə xarici təsirlərlə dirəniş göstərib. Zəngəzur məsələsinə MDB-nin təşkilat olaraq pozitiv münasibəti açıq ifadə olunub, Rusiya bu dəhlizin açılması üçün çalışır. Ermənistandan da qismən yumşalma mövqeyi sezilir. Baş nazir Nikol Paşinyan ötən həftə dəhlizi Rusiya Federal Təhlükəsizlik Xidmətinin monitorinq etməsinin mümkünlüyünü bildirib.

Zəngəzur dəhlizi təkcə nəqliyyat yolu deyil, bu, həm də siyasi, strateji, eyni zamanda tarixi, mənəvi əhəmiyyətə malikdir.

Hazırda müzakirə mövzularından biri də Qərbi Azərbaycandan deportasiya edilmiş soydaşlarımızın doğma yurdlarına qayıdışı məsələsidir. Bu baxımdan Zəngəzur dəhlizi həm də Qərbi Azərbaycana qayıdış haqqına sahiblənmək üçün keçiddir, yoldur. Bu kontekstdə biz ciddi tarixi-siyasi bir yolun başlanğıcındayıq. Prosesin sürətlənməsi üçün nələr edilməlidir?

fikret.jpeg (167 KB)

Fikrət Yusifov

Sabiq maliyyə naziri, professor Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, Zəngəzur dəhlizi Ermənistanın məsələsi deyil. Bu məsələ Ermənistanın boyundan yüz dəfə böyük çəkiyə malik olan bir məsələdir. Bir qədər də dərindən baxsaq, bu heç Azərbaycanın da məsələsi deyil. Bu məsələ Qərblə Şərqin ən böyük güclərinin yüz milyardlarla dollar marağını özündə daşıyan bir məsələdir və elə bu səbəbdən də o həll olunacaq: “Dünyada gedən bəzi siyasi proseslər fonunda Zəngəzur dəhlizi məsələsi, sadəcə olaraq, indi gündəmin bir saylı məsələsi deyil, lakin o, böyük güclər üçün çox önəmlidir və bu səbəbdən öz həllini tapacaqdır. İnandırıram ki, məsələnin həlli zamanı çatanda Ermənistanın bunu istəyib-istəməyəcəyini ondan heç kim soruşmayacaq.

Təbi ki, Zəngəzur dəhlizi ilə məsələnin bu şəkildə qoyluşu Azərbaycan olaraq bizi məmnun edir. Naxçıvanla yolun açılması, onun blokadadan çıxması demək olacaq, Qərblə Şərqi birləşdirən ən qısa quru yolun Azərbaycan üzərindən keçməsi isə ölkəmizə həm siyasi və həm də iqtisadi dividentlər gətirəcək.

Qərbi Azərbaycana isə bütün hallarda qayıdışımız baş tutacaq. Çünki o torpaqlar bizim əzəli yurdumuzdur. İnsan harada yaşamasından asılı olmayaraq gec-tez öz yurduna qayıdır. Biz də Qarabağa qayıtdığımız kimi Qərbi Azərbaycana da qayıdacağıq. Zəngəzur yolunun açılması Qərbi Azərbaycana qayıdışımızı asanlaşdıracaq və tezləşdirəcək. Bizi Qərbi Azərbaycana Zəngəzur yolu aparacaq. Azərbaycan dövlət və xalqı Qərbi Azərbaycana qayıdış üçün həm siyasi-diplomatik, həm iqtisadi-sosial, təbliğat sahələrində fəaliyyətini daha da gücləndirməlidir.

Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanmasını istəyir və buna çalışır. Sülh müqaviləsinin imzalanması azərbaycanlıların ata-baba yurdları olan Qərbi Azərbaycana qayıdışına da imkanlar açacaq. Deməli, biz həm də sülh müqaviləsinin imzalanması üçün Ermənistana təsirlərimizi artırmalıyıq".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR