Onlayn ictimai-siyasi qəzet
Ukrayna Prezidenti Vladimir Zelenski amerikalı podkaster Leks Fridmana verdiyi müsahibədə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ukraynaya uçan ilk dünya lideri ola biləcəyini qeyd edib.
Musavat.com bildirir ki, o, Ukraynanın hava limanlarının yenidən açılması üçün müharibənin dayandırılması, davamlı sülhün təmin edilməsi və güclü hava hücumundan müdafiə sistemlərinin olmasının vacibliyini vurğulayıb.
Zelenski bildirib ki, hazırda hava limanlarına müdafiə sistemləri yerləşdirmək mümkün deyil, çünki bu, müharibə şəraitində digər şəhərlərin müdafiəsini zəiflədə bilər: “İnsanlar təyyarələrdən daha vacibdir. Ancaq müharibə bitəndə, Trampın Ukraynaya gəlməsi simvolik bir addım ola bilər.”
"Tramp müharibəni dayandıra bilər" – Zelenski
Vladimir Zelenski Donald Trampın Ukraynada müharibəni dayandırmaq üçün real imkanlara malik olduğuna inandığını bildirib. Podkasterin ABŞ və Rusiya liderləri ilə mümkün görüş barədə sualına cavab verən Zelenski Trampın beynəlxalq səviyyədə böyük nüfuza sahib olduğunu vurğulayıb.
Zelenski qeyd edib ki, Trampın Ukrayna ilə bağlı qərarları təkcə ABŞ üçün deyil, həm də Avropa üçün böyük əhəmiyyət kəsb edir: “Avropanın liderləri hər dəfə Trampın Ukrayna ilə bağlı addımlarını maraqla izləyirlər. Onun təklif etdiyi təhlükəsizlik zəmanətləri Ukrayna üçün güclü bir zəmin yarada bilər.”
Prezident əlavə edib ki, Trampın Ukrayna üçün təhlükəsizlik zəmanətləri təqdim etməsindən sonra, Rusiya ilə müharibənin başa çatdırılması məsələsi müzakirə oluna bilər.
Zelenski həmçinin bildirib ki, Ukrayna NATO-ya daxil olarsa, alyans Kiyevin nəzarətində olan ərazilərdə fəaliyyət göstərə bilər: "NATO Ukraynanın nəzarətində olan ərazilərdə fəaliyyət göstərə bilər. Bununla razılaşmaq olar. Bu, böyük bir uğur olmasa da, müharibənin diplomatik yolla həlli üçün birinci addımdır. İkinci isə hərbi yardımdır".
Musavat.com
07 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ