İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski Trampa qarşı: "Ukrayna özündən kənarda bağlanan sülh sazişini..."

Ukrayna prezidenti Volodimir Zelenski Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı bildirib ki, Kiyev olmadan və Ukraynanın iştirakı olmadan bağlanacaq heç bir sülh sazişi qəbul edilməyəcək.

Musavat.com “Reuters”ə istinadən xəbər verir ki, Zelenski bu açıqlaması ilə dolayısı yolla ABŞ prezidenti Donald Trampa mesaj göndərib.

Zelenski Avropa ölkələrini vahid silahlı qüvvələr yaratmağa çağırıb və qitənin öz təhlükəsizliyini təmin etməsinin vacibliyini vurğulayıb. O bildirib ki, yalnız Ukrayna ordusu Avropanın təhlükəsizliyi üçün yetərli deyil.

“Ukrayna bizim iştirakımız olmadan əldə edilən heç bir razılaşmanı qəbul etməyəcək. Bu qayda bütün Avropaya da şamil olunmalıdır”, - Zelenski vurğulayıb.

Volodimir Zelenskinin çıxışı ABŞ prezidenti Trampın bu həftə Rusiya prezidenti Vladimir Putinlə telefon danışığından sonra gəlib. Bu, 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya tammiqyaslı hücumundan bəri ABŞ və Rusiya liderləri arasında ilk birbaşa təmas olub. Tramp və Putin gələcəkdə – böyük ehtimalla Səudiyyə Ərəbistanında görüşəcəklərini bildiriblər.

Ukrayna tərəfi dəfələrlə bildirib ki, hər hansı Tramp-Putin görüşündən əvvəl ABŞ və Avropa ilə birgə strategiya müəyyən edilməlidir. Bununla belə, Tramp administrasiyasının indiyə qədər atdığı addımlar bəzi Avropa müttəfiqlərində belə bir təəssürat yaradıb ki, Vaşinqton Ukraynanın maraqları hesabına Putinə güzəştlər etməyə hazırlaşır. ABŞ rəsmilərinin ziddiyyətli açıqlamaları isə məsələyə daha çox qeyri-müəyyənlik qatıb.

Zelenski həmçinin Kremlin Trampı mayın 9-da Moskvada keçiriləcək Qələbə Gününə dəvət edəcəyini proqnozlaşdırıb.

“Əgər Tramp Putinə görüşdən əvvəl razılıq versə, bu təhlükəli olacaq” - deyə Ukrayna lideri xəbərdarlıq edib.

O, Avropa ölkələrinə də xəbərdarlıq edərək soruşub ki, Rusiya açıq və ya “saxta bayraq” hücumu təşkil edərsə, onların orduları buna hazır olacaqmı? Saxta bayraq hücumu hücumu təşkil edən tərəfin məsuliyyəti öz üzərindən atmaq məqsədilə başqa bir qüvvənin üzərinə yönəltməsi deməkdir.

Zelenski Rusiya ilə müharibənin yanlış şəkildə başa çatmasının nəticələri barədə də danışıb: “Əgər bu müharibə yanlış nəticələnərsə, Putin əlində yalnız öldürmək və talan etmək bacaran təcrübəli döyüşçülər ordusunu saxlamış olacaq”.

O, Ukraynanın kəşfiyyat məlumatlarına istinad edərək əlavə edib ki, Rusiya bu yay Belarus ərazisinə qoşun yeridəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Fevral 2025

15 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR