İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski “Putin öləcək və hər şey bitəcək” düşüncəsinə niyə qapıldı?

Ya gedib elçi daşının üstündə oturmalı, Rusiyanı razı salmalı, ya da o daşı İsrafilin, pardon Moskvanın başına vuracaq oğul ortaya çıxmalıdır

Gözlənildiyi kimi də oldu-Ukraynada nə atəşkəs, nə sülh var. Əlbəttə, bu savaş da nə vaxtsa bitəcək, amma ABŞ prezidenti Donald Trampın “tez-bazar sülh” vədi fiasko oldu. Tramp özünü savaşan tərəflərlə indi məhəllə qoçusu kimi aparır: Putinlə Zelenskiyə cocuyur, hədələyir, hətta arxalarınca danışır. Sonra yenə yumşaq tona keçir. 

Screenshot_3.png (587 KB)

Trampın bu savaşdan öz qazanc, vurğun niyyəti var. Ukraynanın qiymətli yeraltı sərvətlərini ələ keçirmək niyyəti Bayden administrasiyası dövründən də vardı. Amma onun rəsmiləşməsi elə o zaman da qəliz məsələ idi, indi də.

Ölkənin ərazisini kənar dövlətə, sərvətini isə əcnəbi şirkətə verənləri xalq heç vaxt bağışlamır. Yenə də ərazini izah edə bilərsən: düşmən ordusu güclü idi və sairə. Amma ölkənin sərvətinin mənimsənilməsi sənədinə həm də Tramp administrasiyasının tərtib etdiyi indiki şərtlərlə qol çəkərsənsə, bunun bədəli çox ağır ola bilər. 

Screenshot_5.png (881 KB)

Zelenski Ukraynanın şərq vilayətlərini bu savaşda uduzmuş kimi görünür, amma “qalın adamdır” ki, bu boyda itkilərə rəğmən də ayaqda durur, məsuliyyətindən də hələ ki, qaçmır, xarici təzyiqlərə də dözür. Amma ərazi işğalının üstünə o təbii sərvətlərin verilməsini də gəlsən, hətta Zelenski kimi “qalın” birisi belə dözəmməz. Ona görə də hələ amerikalılarla “söhbəti fırlayır”, sənədin imzalanmasını uzadır. Məncə də imzalamayacaq. 

Tam olaraq nəyə, hansı möcüzəyə ümid edir, anlaşılan deyil. Aydındır ki, Avropa Birliyi sifətini qorumaq, məğlubiyyətini qəbul etməmək üçün Kiyevə dəstəyini kəsmir. Amma onların da aydın planları yoxdur. Həm Rusiyadan qorxub silahlanmaq istəyirlər, həm Ukraynaya silah verib, üstəlik ordu da göndərmək barədə müzakirələr açırlar. Ortada pul var, amma plan və qərar yoxdur. Bayden aradan çıxdı, “Makronlar”ın yaxası əldə qaldı. Ukrayna da ABŞ-dan sonra batmamaq üçün “saman çöpündən” yapışmalıdır, amma bu, Ukraynaya nə ərazisini geri qaytaracaq, nə Trampın əlindən alacaq.

Screenshot_4.png (841 KB)

Ağ Ev Zelenskiylə davam etmək istəmir, amma onu hakimiyyətdən uzaqlaşdırmaq üçün nə hüquqi rıçaqı, nə altermativ yolu var. Zelenskinin payızda seçki keçirmək razılığı verib deyirlər, amma onun vədinə əməl edəcəyinə inanan da yoxdur. Avropanın Zelenskini qucaqlaması, onu müdafiə etməsi ABŞ-ın planlarını pozdu, bəlkə də “bir kor gülləyə”, bir zavala tuş gələ bilərdi, amma indi onu bu cür kobud üsullarla aradan götürmək çətindir. Rusiyanın belə fürsəti olsa, edərdi. Zelenski isə nə özünü zəhərləyəsi, nə başına güllə vurasıdır. Oyunun sonu onun üçün indi çox maraqlıdır. Son olaraq kompüter oyunundakı kimi “Putin öləcək və hər şey bitəcək” kimi düşüncəyə qapılması, bunu hətta dilə gətirməsi Zelenskinin bu oyunu xəyalən necə bitirmək arzusunu göstərdi.

Screenshot_2.png (383 KB)

ABŞ Ukrayna və Rusiyanın şərtlərini dinlədi, ağıllı adamlarla təhlil edib başa düşdülər ki, vəziyyət bunların sandığı kimi “24 saatlıq iş” deyil. Ukraynalılar və rusları bir masaya gətirsələr, bir-birini yeyəcəklər, Tramp administrasiyası isə “qan itirəcək”, diplomatik uğursuzluğa görə qınanacaq. O səbəbdən, danışıqlarda müəyyən fasilə yaranması gözləniləndir. Trampın xüsusi nümayəndəsi də işarə edib ki, Ukrayna üzrə tərəfləri qane edə biləcək sülh planı hazırlamaq mümkünsüzdür. Çünki Rusiyanın qopardığı və bundan sonra istədiyi ərazilər çox böyükdür, geri də vermir. Ukraynın geri istədikləri ərazilər də indiki hərbi durumuna uyğun deyil, hətta çox böyük iddiadır, amma onlar da geri çəkilmir.

Ona görə məşhur Azərbaycan filmində deyildiyi kimi, ya gedib elçi daşının üstündə oturmalı, Rusiyanı razı salmalı, ya da o daşı İsrafilin, pardon Moskvanın başına vuracaq oğul ortaya çıxmalıdır…


Nazim SABİROĞLU,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Aprel 2025

02 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR