İnsanlara hürriyət, millətlərə istiqlal!

“Zelenski erası bitir” iddiası - ABŞ-ın Ukrayna ilə bağlı yeni planı nə?

“Ukrayna prezidenti Vladimir Zelenskinin siyasi karyerası sona yaxınlaşır”. Bu barədə ABŞ dəniz piyadalarının kəşfiyyat xidmətinin keçmiş əməkdaşı, hərbi analitik Skott Ritter deyib.

O, yaxında Ukraynada çevriliş olacağını istisna etməyib: “Zelenski Ukraynanı tərk etmək məcburiyyətində qala bilər. Artıq Zelenskinin hakimiyyətdə qalmasının bir anlamı yoxdur”.

Amerikalı hərbi analitikin bu qənaəti nədən qaynaqlanır? Doğrudanmı Zelenski erası bitir? Onun devrilməsi ən çox kimə lazımdır? Məlumdur ki, Ukrayna prezidentini ABŞ xəfiyyə sistemi də güclü şəkildə qoruyur. Belə çıxır, ABŞ Zelenskidən imtina etməyə hazırlaşır?

Hərbi ekspert Ədalət Verdiyev “Yeni Müsavat”a mövzunu şərh edərkən bildirdi ki, Rusiya-Ukrayna müharibəsinin daha erkən bitməsi proqnozlaşdırılırdı, bunun da bəlli səbəbləri var idi: “Ukraynanın məğlub olması gözlənilirdi, çünki iki dövlətin hərbi potensialı arasında kifayət qədər böyük fərq vardı. ABŞ dəniz piyadalarının kəşfiyyat xidmətinin keçmiş əməkdaşı, hərbi analitik Skott Ritterin fikirləri Ukraynanın daxili işlərinə müdaxilə kimi dəyərləndirilə bilər. Ukrayna müstəqil dövlətdir. Xalqı, ordusu sayəsində, həmçinin ona dəstək verən Avropa və qeyri-region dövlətləri ilə bərabər Rusiyaya qarşı qeyri-bərabər müharibədə ciddi nailiyyətlər əldə edir. Dünyanın ikinci ən böyük ordusu Ukrayna ordusu qarşısında kifayət qədər ciddi itkilər verib. Rusiyanın Ukrayna ilə bağlı planları tamamilə alt-üst olub. Belə olan halda Ukrayna xalqı prezident seçimində yalnız özü qərar qəbul edə bilər.

Ədalət Verdiyev: Erməni terrorunun qurbanı olmuş azərbaycanlı  jurnalistlərin xatirəsi daim qəlbimizdə yaşayacaq - AZƏRTAC

Ədalət Verdiyev

Hərbi ekspertlərin siyasi mövzulara şərh verməsi məhdud dünyagörüşündən xəbər verir. Bu düşüncələrin ABŞ-ın Ukrayna ilə bağlı planlarına təsir edəcəyini düşünmürəm. Ukraynanın ABŞ, o cümlədən “böyük səkkizlik” ölkələri ilə dinamik münasibətləri var. Silah ixracatında ləngimələr olsa da, bu məsələlər iki dövlət arasında, yaxud üçtərəfli münasibətlərlə tənzimlənməlidir. Hər hansı analitikin fikirləri xüsusi önəm daşımır".

Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirovun fikrincə, belə fikirlərin bu dönəmdə yayılması təsadüfi deyil: “Qərb ölkələri, o cümlədən ABŞ məsələ ilə bağlı müəyyən dəyişikliklər etmək fikrindədir. Zelenskinin tarixdə Mavr rolu oynadığı düşünülürdü, artıq işini gördüyü, getmək vaxtı olduğu deyilirdi. Hesab olunur ki, Ukrayna ilə bağlı planlar reallaşıb. Bu fikirlərin müəyyən əsasları var. Hadisələrin ssenarisini yazanlara Zelenski kimi idarəetmədə təcrübəsiz, paralel olaraq, xalqın rəğbətini qazanmış şəxs lazım idi. Hesab edirəm ki, bu fikirlərin səsləndirilməsi həm beynəlxalq, həm də Ukrayna ictimaiyyətinin nəbzinin yoxlanması məqsədini daşıyır. Zelenskinin hakimiyyətdən hansı ssenari ilə getməsini proqnozlaşdırmaq çətindir. Hər bir halda düşünürəm ki, ABŞ və Qərb dünyası Ukraynada istədikləri ssenarinin yekunlaşmaq üzrə olduğu qənaətindədirlər. Rusiyanı hərbi, iqtisadi cəhətdən zəiflətmək və gələcəkdə Qərb-Çin qarşıdurmasında Rusiyanı yenidən öz əlləri ilə dirçəltmək siyasətini yürütməyə çalışırdılar. Bu mərhələdə buna nə dərəcədə nail olduqlarını demək çətindir, çünki Rusiya-Qərb qarşıdurması davam edir. Bu proseslərdə Rusiyanın Çin, İran və bir sıra digər dövlətlərin qütbündə təmsil olunması Qərbin əslində istəyinə nail olmamasından xəbər verir. Hesab edirəm ki, fevralın 24-də başlayan münaqişə ilə bağlı Ukraynaya hər sahədə dəstək verən ABŞ-da ciddi şəxslərin belə fikirlər səsləndirməsi təsadüfi deyil. Ukrayna ilə bağlı yeni mərhələyə keçid dövrüdür”.

ERMƏNİLƏR XANKƏNDİNDƏN QAÇIRLAR, NƏ VAR Kİ, BELƏ QAÇMAĞA?!" - Xəyal Bəşirov  » Xeberdar.net

 Xəyal Bəşirov

X.Bəşirov Ukraynada baş verən proseslərin gündəmə fərqli təqdim olunduğuna diqqət çəkdi: “Yeni proseslərin şahidi ola bilərik. Bu, Zelenskidən imtina etmək demək deyil, sadəcə, onun üzərinə düşən missiyanı başa çatdırmasından xəbər verə bilər. Zelenskinin proseslərdə qəsdən iştirak etdiyini iddia etmək çətindir, amma o, proseslərin ssenarisindən xəbərdardır. İstənilən halda dövlətin, dövlətçiliyin, ümummilli maraqların təhlükəsizliyinin təmin olunması hər şeydən önəmlidir. Əks halda, demokratik proseslərin canlanmasından danışmağa dəyməz”.

Nigar HƏSƏNLİ,
Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR