Onlayn ictimai-siyasi qəzet
Zaporojye Atom Elektirik Stansiyasında (AES) yanğın çıxması Ukrayna və Rusiya arasında yeni mübahisələrə yol açıb. Rusiya tərəfi yanğının çıxmasında Ukraynanı, Ukrayna isə Rusiyanı günahlandırır. “Rosatom”un iddiasına görə, Zaporojye AES-in soyutma sistemində baş verən yanğın Ukraynanın pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirdiyi hücum səbəbindən çıxıb. Ukrayna prezidenti Vlodimir Zelenski isə Zaporojye AES-də yanğın çıxaranın Rusiya olduğunu iddia edir. Onun sözlərinə görə, AES ruslar tərəfindən ələ keçirildiyi ilk gündən bəri Moskva təkcə Ukraynanı deyil, bütün dünyanı nüvə partlayışı ilə qorxudaraq, öz iradəsini hər kəsə qəbul etdirməyə çalışır.
Bəs hansı tərəf haqlıdır? Kim nüvə müəssisəsində böyük insidentlər çıxarmağa çalışır?
Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a açıqlamasında bildirib ki, hazırkı vəziyyətdə Zaporojye AES-də təxribatın kim tərəfindən çıxarıldığını müzakirə etmək yersizdir: “Çünki təxribatın kim tərəfindən törədilməsindən asılı olmayaraq, məsuliyyəti Rusiyanın üzərində qalır. Nədən ki, Zaporojye Ukraynanın beynəlxalq qurumlar tərəfindən tanınmış ərazilərə daxildir. Rusiya tərəfindən işğala məruz qalıb və Ukraynanın o bölgəni qurtarmaq hüququ var. Qurtarmaq üçün isə mübarizə aparmalıdır və bu da istər-istəməz AES-in zərər görməsi perspektivi yaradır”.
Bununla belə, Heydər Oğuz xatırlatdı ki, 2 həftə əvvəl Musavat.com-a verdiyi açıqlamada Rusiya və işğal olunmuş Ukrayna ərazilərində nüvə müəssisələrində təxribat törədilmə ehtimalından danışıb və bu gün də öz fikrində qalır:
“Rusiya ilə ABŞ müdafiə nazirlərinin təcili telefon danışıqlarını şərh edərkən bildirmişdim ki, onlar arasındakı söhbətin əsas məğzi Ukraynanın planlaşdırdığı nüvə təhlükəsi ilə bağlı ola bilər. Çünki Rusiya ilə ABŞ arasında yaradılan “Qırmızı telefon” xətti məhz bu cür təhlükələri aradan qaldırmaq üçün nəzərdə tutulub. Məlum olduğu kimi, ABŞ-ın nüfuzlu nəşrlərindən olan “The New York Times”ın öz mənbələrinə istinadən yazmışdı ki, Rusiyanın müdafiə naziri Andrey Belousov iyulun 12-də Pentaqona zəng edib və Amerikalı həmkarı ilə Ukrayna kəşfiyyatının Rusiyada keçirməyi planlaşdırdığı məxfi əməliyyatla bağlı müzakirə aparıb.
Bildirilir ki, Belousov ABŞ-ın müdafiə naziri Lloyd Ostinə əməliyyatla bağlı xəbərdarlıq edib və amerikalılar da ukraynalılardan “bunu etməməyi” tələb ediblər. Mən də bu məlumatı şərh edərkən bildirmişdim ki, Rusiya ilə ABŞ Müdafiə nazirləri arasında “Qırmızı telefon” danışıqları bir dəfə yox, iki dəfə baş tutub - bunlardan ilki 12 iyulda, digəri isə 26 iyulda. Qəribədir ki, Ostinlə Belousov arasındakı telefon danışıqları ərəfəsində Rostov AES fəaliyyətini tədricən dayandırmağa başlamışdı. “Rosenerqoatom” konserni rəsmi açıqlamasında bildirmişdi ki, iyulun 16-da saat 15:21-də generatorun mühafizəsinin yanlış işləməsi səbəbindən 1 nömrəli enerji bloku söndürülüb. Nəticədə Rusiyanın cənubunda elektrik təchizatı müvəqqəti məhdudlaşdırılıb. “Rosenergoatom” həmçinin bildirmişdi ki, AES-in yalnız 2-ci və 4-cü blokları normal işləyir. 3 saylı enerji blokunda isə iyunun 22-dən planlı təmir işləri aparılır. Zənnimcə, bu məlumat Rusiyanın iyunun axırlarından etibarən Rostov AES-i dayandırmağa başladığını göstərirdi. Çünki AES-ləri birdən-birə söndürmək mümkün deyil. Əks halda soyutma sistemində problem yaranar, kəskin isinmə səbəbindən nüvə “kömürü” əriyər və nətəcədə partlayış baş verə bilər.
Digər təhlükə obyekti kimi isə, Zaporojye AES-i göstərmişdim. Qeyd etmişdim ki, bu müəssisənin vurulması müharibənin getdiyi əraziləri yaşanmaz hala gətirə bilər və rus qoşunlarını dərhal Ukraynanı tərk etmək məcburiyyətində buraxar. Nüvə partlamasının yaradacağı ekoloji problem Ukraynanı təhdid etsə belə, hər halda, Rusiyanın uzun illər bu bölgələrə yaxınlaşmasını əngəlləmiş olar”. Ukrayna qoşunlarının avqustun 6-da Rusiyanın Kursk vilayətinə hücumunun da bu mülahizələri gücləndirdiyini deyən Heydər Oğuzun fikrincə, əməliyyatın əsas hədəfi Kursk AES-i ələ keçirmək ola bilər: “Kursk AES Rusiyanın üçüncü ən böyük nüvə enerjisi istehsal edən müəssisəsidir. Rostov AES də həmçinin. Hər ikisi yerləşdikləri vilayətin enerji ehtiyacının 75-80%-ni ödəyir. Zaporojye AES isə daha böyükdür. Avropanın ən böyük AES-i sayılır.
Sözsüz ki, bu müəssisələrdə baş verəcək istənilən təxribat hadisəsi Rusiyanın Ukraynaya nəqliyyat marşrutunun tamamilə bağlanması anlamına gəlir. Bu baxımdan, sözügedən nüvə santrallarında ortaya çıxan istənilə xoşagəlməz hadisə ilk növbədə Ukraynanın maraqlarına uyğundur. Bununla belə, dünyanın ikinci hərbi qüdrətinin işğalına məruz qalan və Qərb tərəfindən yetərli səviyyədə dəstəklənməyən Ukraynanın son çarə kimi belə mübarizə üsullarına əl atmasını qınamaq da mümkün deyil. Məncə, Rusiya necə böyük bir təhlükəli işə girişdiyini anlamalı və geri addım atmalıdır. Əks halda o, təkcə böyük bir nüvə imtahanıyla üzləşməyəcək, həm də ən yaxın potensial müttəfiqi sayılan slavyan ölkələrini əbədi itirəcək və bütün bəşəriyyətin qınağına məruz qalacaq”.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ