Onlayn ictimai-siyasi qəzet
Haqq söz imiş ki, dinsizin öhdəsindən imansız gələr. Düzdür, müasir dövrdə dinsizlik və imansızlıq insanların şəxsi işi olduğuna görə bu ifadə dini tolerantlığa ziddir, ancaq siyasi anlamda, sözgəlişi işlədəndə ziyanı yoxdur.
Söhbətin qayəsi odur ki, RF prezidenti Putin Avropa ölkələrinin başına oyun açanda, onları sarılarını udacaq qədər bərk qorxudanda haqsız deyilmiş. Başına gəlməyən bilməz. Qıraqdan o avropalıların hamısı mələk kimi görünür, amma o “mələk”lər kollektiv şəkildə haqsızlıq edəndə görürsən ki, yoox, bunlar xoşməramlı mələk deyillər, şeytanlığı da bacarırlar.
O gün Rusiyada xarici siyasət işlərinə baxan Lavrov da demişdi ki, kollektiv Qərb bizi sözəbaxan uşaq sayırdı, cibində gəzdirmək istəyirdi, amma yanıldılar.
(Görün, dünyanın harasıdır ki, bayaqdan bəri zəhləmiz gedən adamlardan sitat gətiririk).
Budur, dünənə qədər sevə-sevə “hellou, Yurop” dediyimiz Avropanın deputatları bizə də diş qıcayıblar, sözü bir yerə qoyaraq AŞPA-da deputatlarımızın mandatını tanımayıblar və buna görə biz çox hiddətlənmişik. İndi qurdalamağa başlamışıq ki, keçmişdə AŞPA-da bizə qarşı hansı haqsızlıqlar olub.
Biri elə bu dəqiqələrdə yadıma düşdü. 10-12 il qabaq AŞPA-nın qış sessiyasında deputat nümayəndəliyimizin rəhbəri Səməd Seyidovun kürkünü oğurlamışdılar. Biz o vaxt bunu çox açıb-ağartmadıq, amma haradan baxsan, eşşəklik idi. Tərifli Avropada belə hərəkət? Heyrətlənmişdik. Çünki eyzən eşidirdik ki, orada həyətlərin çəpəri yoxdur, insanlar elə dürüstdürlər, belə vicdanlıdır, küçədən tapdıqları 100 min avronu gətirib polisə təhvil verirlər və s. Amma o cür elit bir yerdə - parlamentdə deputatın kürkünü çırpışdırırlar. Özü də qışın soyuğunda. Heç olmasa, qabağı yaza gedə, deyəsən, eybi yox, kostyumla yola vermək olar.
Elə Erkin Qədirli də o sessiyaların birində bir əlini cibinə qoyaraq saymazyana çıxış edəndə düz eləmişdi. Göstərmişdi ki, ədaya qalsa, onu biz də bacarırıq. Düzdür, buna görə ona Avropada bir söz deyən olmasa da, öz ölkəmizdə az qala deputatı linç edirdilər ki, avropalı həmkarlarına qarşı sayğısızlıq eləyib. Lap düz eləmişdi. Onlar kürk oğurlayanda, haqsız erməniyə qahmar çıxanda yaxşıydı?
İndi baxıram, bizdə bəzi demokrat qardaşlar “bəlkə biz də nəyisə düz eləməmişik, avropalı deputatlar ona görə bizimlə belə davranıblar” havasına girir, rəhmətlik Mollanın “bəs oğruda günah yoxdur” replikasını aktuallaşdıran ortam yaradırlar.
Nahaq yerə belə edirlər. Düzdür, bəlkə də o gənc jurnalistləri topdan həbs etmək lazım deyildi, amma Avropanın bizimlə apardığı dava jurnalistlərlə bağlı deyil, yorğan davasıdır. Daha dəqiqi, bu yuxarı Qarabağdakı yal-yamac, dərə-yarğan davasıdır. Kəsəsi, avropalılar deyirlər ki, Qarabağ erməniləri o yerləri tamam-kamal almışdılar, dövlət qurmuşdular, yaşayırdılar, siz təzədən ortalığı niyə qarışdırdınız, insanlara niyə problem yaratdınız.
Mübahisə bunun üstündədir. Vaxtilə dünyanın 200-dən çox ölkəsini, vilayətini işğl edib, müstəmləkəyə çevirmiş Fransa indi azadlıq, haqq-ədalət carçısı çıxıb, başımızı yarır ki, Qarabağda hərbi əməliyyat keçirmisiniz. Bizim böyüklər də deyirlər, bəli, keçirmişik. Belə deyəndə də onların başı çönür, deyirlər, onda biz də sizə qarşı qətnamə, bəyanat verəcəyik.
Bu məntiqlə sabah 500 erməni gəlib Hacıqabulda dövlət qurduqlarını elan etsələr, bizim hüququmuz yoxdur ki, onlara qarşı hərbi əməliyyat keçirək.
Odur, bir avtobus erməni Başqırdıstanda hegemonluq edir, yerli camaat da etriaz edəndə tutub basırlar türməyə. Onlara bir söz demək olmaz! Onlar ərköyün camaatdır, həmişə haqlıdırlar. Düzdür, özlərinin içində, Ermənistanda ala qarğa bala çıxartmır, Ded Xasanın millətindan başqa heç kimi yola vermirlər (onları da erməniləşdirib bitiriblər artıq), amma özləri dünyanın hər tərəfində müstəsna hüquqlara malikdirlər. Hətta o gün məlum oldu ki, Taylanda restoran açıb, müştərilərnə “Armenian lavaş”, “Armenan ayran”, “Armenian imambayıldı”-zad satırlar.
Bizim rayonlar 30 il erməni işğalında qaldı, söküldü, daşındı, yandırıldı, uçuruldu, bir salamat bina qalmadı, minlərlə dinc sakinimizi öldürdülər, Avropa erməniyə “gözün üstə qaşın var” demədi, amma 100 ilin başında bir hərbi əməliyyat keçirmişik, bizi xor görürlər.
O vaxt rəhmətlik deputat Şamil müəllim “Jak Şirak qudurub” deyəndə, onu qınamışdılar. İndi məlum olur ki, müəllim düz deyirmiş.
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ