İnsanlara hürriyət, millətlərə istiqlal!

Yüksək bal yığan abituriyentlər hansı xarici universitetə qəbul ola bilər - şərtlər

Təhsil eksperti Adil Vəliyev: “Xarici ölkələrin ali təhsil müəssisələrində istər hüquq, istərsə də tibb təhsili almaq mümkündür, lakin...”

Hazırda abituriyentlərin ən gərgin dövrüdür. Onlar ixtisas seçimini ediblər və yekun nəticənin açıqlanmasını gözləyirlər. Bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə elektron ixtisas seçimi avqustun 20-də saat 08.59-da başa çatıb. Rəsmi məlumata görə, ali təhsil müəssisələrinə 82870 elektron ixtisas seçimi ərizəsi təqdim edilib. Ən çox ərizə I qrupa verilib. Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, nəticələr üç gün ərzində elan ediləcək. Elektron ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyentlər isə müsabiqəyə buraxılmayıb.

Bəllidir ki, hər il xeyli yüksək-500-550 civarında bal toplayan abituriyentlər var ki, onlar arzuladıqları ixtisaslara - hüquqşünaslıq, beynəlxalq münasibətlər, tibb, stomatologiya və s. düşə bilmirlər. Bunun obyektiv və subyektiv səbəbləri var. Qəbul imtahanlarının çətinliyi, prestijli fakültələrdə yerlərin azlığı əsas səbəblərdir. Məsələn, tibb, hüquqşünaslıq ixtisaslarının bir neçə universitetdən başqa açılmasına icazə verilmir.

Bu il isə yüksək bal toplayanlar çoxdur və xeyli 500-570 bal toplayan abituriyent istədiyi ixtisasa düşə bilməyəcək. Hansı ki, onlarının çoxunun savadı, bilik, qavrama səviyyəsi heç də 600 bal toplayanların əksərindən aşağı deyil. Sadəcə, hansısa texniki səbəblərdən - sürüşdürmə, vaxtın düzgün bölüşdürülməməsi, həyəcan səbəbindən qəbul imtahanında nisbətən az bal əldə edib.

Bəs DİM imtahanlarının nəticələri üzrə xaricdə tibb, hüquq təhsili verən universitetlərə qəbul olmaq mümkündürmü? Əgər mümkündürsə, onların diplomları gələcəkdə Azərbaycanda tanınacaqmı?

Abituriyentlərin çoxu ikinci cəhddə iştirak etmək istəyir' — Təhsil eksperti

Təhsil eksperti Adil Vəliyev “Yeni Müsavat”a mövzunu şərh edərkən qeyd etdi ki, bu il keçən ilə nisbətən yüksək bal toplayan abiturientlərin sayından artım müşahidə olunub: “Bu, sözsüz ki, müəyyən ixtisasların keçid balına öz təsirini göstərəcək. İstər prestijli, istərsə də digər ixtisaslarda müəyyən qədər bal artımını müşahidə edəcəyik. Düşünürəm ki, bunun əsas səbəbi valideynlərin və abituriyentlərin bal artımı ilə bağlı müəyyən qaydalardan məlumatsız olması və bu istiqamətdə maarifləndirmə işlərinin kifayət qədər aparılmamasıdır. Çünki yüksək ballı ixtisasa qəbul olma şanslarının olmadığını düşünürlər. Buna görə də bəzən 550 bal toplayan abiturient ilk sıralarda əvvəlki illərə baxır və statistikaya baxmadan 400 ballıq ixtisasları seçir. Bu ixtisaslarda da müəyyən qədər artım olur. Bu bütün qruplar üzrə demək olar ki, oxşar hal kimi görünür. Bəzi xarici universitetlər Dövlət İmtahan Mərkəzinin (DİM) nəticələrinə görə qəbul həyata keçirirlər. Məsələn, Türkiyə universitetləri. Lakin bunun üçün kifayət qədər yüksək bal toplamaq lazımdır. Xarici ölkələrin ali təhsil müəssisələrində istər hüquq, istərsə də tibb təhsili almaq mümkündür. Lakin yeni qaydalara əsasən Azərbaycana qayıtdıqda diplomun tanınması üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmək, DİM-in təyin etdiyi imtahanda iştirak etmək lazımdır. Tibb təhsili olanlar isə əlavə olaraq Səhiyyə Nazirliyinə müraciət etməlidirlər”.

Qeyd edək ki, ali məktəblərin bakalavr pilləsində qəbul üçün elektron qaydada həyata keçirilən ixtisas seçiminin nəticələrinə görə, I ixtisas qrupu RK alt qrupu üzrə 13015 plan yeri, Rİ alt qrupunda isə 6975 plan yeri ayrılıb ki, 25.138 abituriyent tələbə olmaq üçün ixtisas seçimi edib.

II ixtisas qrupu üzrə 14550 plan yeri var ki, 18.188 abituriyent ixtisas seçimini edib.

III ixtisas qrupu DT alt qrupu üzrə 13494 plan yeri mövcuddur ki, 21, 890 abituriyent ixtisas seçimi edib. IV ixtisas qrupu üzrə 4600 plan yeri var. Bu qrupda 6785 abituriyent tələbə olmaq üçün ixtisas seçimi edib.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR