İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni Qafqaz savaşının ilk atəşı açıldı, bəs, tətiyi kim çəkdi: ABŞ, Avropa Birliyi, Fransa, yoxsa Rusiya..?

Rəsmi İrəvan Cənubi Qafqazda yeni savaş planları quran və bu regiona aid olmayan xarici güclərin məhz Ermənistanı daha böyük fəlakətlərə sürüklədiyini nəhayət ki, anlamalıdır… Çünki Azərbaycanın bütün hərbi təxribatlara mütləq daha ağır əks zərbə ilə cavab verəcəyi qətiyyən şübhə doğurmur, Ermənistanı biabırçı məğlibiyyət gözləyir…

Azərbaycan-Ermənistan sərhəddində sükut pozuldu. Halbuki, son bir neçə ay ərzində nisbi sakitlik hökm sürürdü, atəşkəs prinsipinə hər iki tərəf qarşılıqlı olaraq, riayət edirdi. Ancaq Ermənistan həmişə olduğu kimi, yenə də hərbi təxribat törətmək vərdişlərindən sona qədər imtina etməyi bacarmadı. Və Ermənistan tərəfdən açılan atəşlə Azərbaycan əsgəri yaralandı.

Təbii ki, Azərbaycan-Ermənistan sərhəddində erməni təxribatı qətiyyən gözlənilməz deyil. Çünki Azərbaycanın hərbi-siyasi rəhbərliyi bu ermənilərin əvvəl-axır yeni silahlı təxribatlar törədəcəyini bilirdi. Ona görə də, Azərbaycanın Silahlı Qüvvələri daim Ermənistanın hərbi təxribatlarını dəf etmək üçün döyüşə hazır vəziyyətdə saxlanılır. Və indiki situasiyada bu, qaçılmaz reallıq sayılır.

Rəsmi İrəvanın son açıqlamaları və davranışları Ermənistanın intensiv şəkildə yeni savaşa hazırlaşdığını biruzə verməkdəydi. Paşinyan hakimiyyəti sülh prosesindən addım-addım uzaqlaşırdı. Baş nazir Nikol Paşinyanın və onun yaxın ətrafının açıqlamalarında yekun sülh sazişinin imzalanmasına deyil, məhz bu prosesin ləngidilərək, uzadılmasına yönəlik məqamlar ön plana çıxarılmaqdaydı. Və üstəlik, Paşinyan hakimiyyəti Ermənistanın Azərbaycana qarşı ərazi iddailarını israrla gələcəyə daşımaq üçün avantürist “ideyalar” irəli sürməkdəydi.

s1oHmLCtucJIoQ2aafYq.jpg (24 KB)

Maraqlıdır ki, Ermənistan sürətlə silahlanma və ordunun döyüş qabiliyyətinin yüksəldilməsi istiqamətində də xüsusi canfəşanlıq edirdi. Hətta nə qədər qəribə də olsa, Paşinyan hakimiyyətinin təmsilçiləri Ermənistanın yeni “ultra müasir silahlar” istehsal etməyə başladığı barədə də propoqandaya da start vermişdilər. Belə ki, erməni deputat Armen Xaçatryan Ermənistanın hərbi sənayesində inqilabi dəyişikliklərin baş verdiyini, istehsal olunan “yeni silahlar”ın artıq ordunun ixtiyarına verildiyini bildirmişdi.

Məsələ ondadır ki, erməni deputat “yeni silahlar”ın bəlkə də dördüncü və ya beşinci nəsil olduğunu, hətta bu məsələdə Ermənistanın bəzi inkişaf etmiş ölkələri belə, qabaqladığını iddia etmişdi: “İstehsal tempini qoruyub saxlasaq, bir-iki ildən sonra dünyada erməni nailiyyətləri kimi tanınan yüksək texnoloji hərbi məhsullarımız olacaq. Ermənistan kiçik ölkədir, ancaq ultra müasir, hərbi texnika istehsal etməyə çalışırıq. Bu hərbi texnika yüksək texnologiyalardan istifadə edilməklə, istehsal olunur. Əlbəttə ki, bütün bunları uzun müddət gizlətmək mümkün olmayacaq”.

Erməni deputat Ermənistanın PUA istehsalı ilə bağlı da planları barədə də danışıb. Onun fikrincə, Azərbaycan və Türkiyənin müasir silahlara sahib olması Ermənistanı bu məsələdə daha çevik davranmağa məcbur edir: “Bir neçə ildən sonra yüksək döyüş qabiliyyətinə malik müasir ordumuz olacaq və yaxın illərdə Ermənistanın hərbi məhsulları beynəlxalq bazarlarda yaxşı tanınacaq”.

Təbii ki, Ermənistanın müasir hərbi texnika istehsal etmək “xəyalı” ola bilər. Ancaq belə “xəyalları” reallaşdırmaq o qədər də asan məsələ deyil. Xüsusilə də, müasir hərbi texnika istehsalı, yüksək döyüş qabiliyyətli ordunun qurulması Ermənistan kimi kiçik və zəif ölkələr üçün utopik xəyallar kateqoriyasına daxildir. Çünki bütün bunlara fantastik məbləğlərdə maliyyə vəsaiti və məhz yüksək texnologiyalara çıxış imkanları tələb olunur. İqtisadiyyatı tamamilə çökmə mərhələsində olan, maliyyə-iqtisadi cəhətdən xarici ölkələrdən asılı vəziyyətdə qalan, 15 milyard dollar yaxın borcun altında əzilən Ermənistan üçün belə “xəyallar” sadəcə, əlçatmazdır.

1fd5784624185cfe42d583a67be17464.jpg (243 KB)

Böyük ehtimalla erməni deputatın bu açıqlaması müəyyən avantürist hədəflərə hesablanıb. Qərbəki himayədarların, xüsusilə də, Fransanın Ermənistanı yeni savaşa hazırlaşdırdığı artıq heç kəsə sir deyil. Son vaxtlar Fransa Ermənistana silah-sursat və hərbi texnika göndərilməsini ciddi şəkildə intensivləşdirib. Ola bilsin ki, rəsmi İrəvan Fransadan, Hindistandan, İrandan və hətta Rusiyadan göndərilən silahları Ermənistanın istehsal etdiyini bəyanlamaq niyyətinə düşüb. Əks halda, Ermənistanın ultra müasir hərbi texnika istehsal edə biləcəyinə hazırda yalnız sadəlövhlər inana bilər.

Belə anlaşılır ki, Ermənistanı silahlandıran dövlətlər, o cümlədən Fransa da gələcəkdə üzləşə biləcəyi problemləri nəzərə alaraq, öz məkrli planlarını ört-basdır etməkdə maraqlıdır. Hər halda, rəsmi Bakı Ermənistanın silahlandırılmasını Fransaya və bu prosesdə iştirak edən digər dövlətlərə bağışlamayacaq. Azərbaycan vaxtı çatanda Fransa da daxil olmaqla, həmin ölkələrin Cənubi Qafqazdakı geopolitik və geoiqtisadi hədəflərini tamamilə bloklaya bilər. Və Azərbaycan regionda şəriksiz geopolitik iradə sahibi olduğundan belə imkanlara da sahibdir.

Üstəlik, onu da nəzərə almaq lazımdır ki, rəsmi Bakı ABŞ, Avropa Birliyi, Fransa və Rusiyanın Cənubi Qafqaz ətrafında qurduğu oyunların hamısını səbrlə qeydə alır, gələcəyə yönəlik nəticələr çıxarır. Ona görə də, Azərbaycanın hərbi-siyasi rəhbərliyi Ermənistanın yeni hərbi təxribatlarının o qədər də uzaqda olmadığını bilməmiş deyildi.

Hər halda, Avropa Birliyinin mülki müdafiə missiyası adı altında Fransa və Almaniya hərbi kəşfiyyatçılarının Azərbaycanla sərhəddə məlumat toplamaqla məşğul olduqları indi hər kəsə məlum reallıqdır. Fransanın hərbi-kəşfiyyat peyklərinin Azərbaycanın üzərinə yerləşdirildiyi də artıq qeydə alınıb. Çexiya vətəndaşı olan “alpinist” kəşfiyyatçının həbsi isə Ermənistanın savaşa hazırlaşdırma prosesinin artıq son mərhələdə olduğunu göstərirdi.

1528745391_4e61f958d4a76fb410b67ebb35ebd14c.jpg (420 KB)

Bütün bunları nəzərə aldıqda, Ermənistandan açılan snayper atəşi ilə törədilmiş hərbi təxribat Cənubi Qafqazda törədilməsinə çalışıldığı yeni regional savaş öncəsində yoxlama da ola bilər. Yəqin ki, bu savaşda maraqlı olan xarici güclər Azərbaycan ordusunun hansı sərtlikdə və çeviklikdə hərbi reaksiya verəcəyini əvvəlcədən test etmək niyyətinə düşüblər. Bu baxımdan, Azərbaycan ordusunun verdiyi sərt reaksiya əskində, indi Ermənistanı və onu yeni savaşa sürükləyənləri müəyyən mənada, məyus etmiş olmalıdır.

Məsələ ondadır ki, Azərbaycan əsgərinin snayper atəşi ilə yaralanmasına cavab olaraq, endirilən əks zərbə Ermənistanın sərhəd postunun darmadağın edilməsi və canlı qüvvə itkisi ilə nəticələnib. Üstəlik, məlum olub ki, rəsmi İrəvan Azərbaycanla sərhəd bölgəsində terrorçu təşkilat olan “Yerkrapah” Könüllülər Birliyinin terorçularını yerləşdirib. Və Azərbaycan ordusunun “Qisas” əməliyyatının nəticələri indi Ermənistanın hərbi-siyasi rəhbərliyini düşündürməlidir.

Hər halda, rəsmi İrəvan Cənubi Qafqazda yeni savaş planları quran xarici güclərin məhz Ermənistanı daha böyük fəlakətə sürüklədiyini nəhayət ki, anlamalıdır. Çünki Azərbaycanın Ermənistanın hər hansı hərbi təxribatına mütləq daha ağır zərbə ilə cavab verəcəyi qətiyyən şübhə doğurmur. Ermənistanı yeni savaşda yalnız daha biabırçı məğlibiyyət gözləyir. Üstəlik, rəsmi Bakı Ermənistanın açdığı atəşdə tətiyi kimin – ABŞ, Avropa Birliyi, Fransa və ya Rusiyanın çəkdiyini də tam dəqiqliyi ilə bilir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR