Onlayn ictimai-siyasi qəzet
Bakı bu ölkənin regional oyunçu qismində siyasi arenaya qayıtmasına dəstək verir
Sürətli geosiyasi dəyişikliklər fonunda Suriya on ildən artıqdır böhran içində olan iqtisadiyyatını dirçəltmək üçün yeni yollar axtarır. Əsas istiqamətlərdən biri enerji və qiymətli metallar sektorunda perspektivli tərəfdaş olan Azərbaycanla əməkdaşlıqdır. Bu barədə “The Media Line” xəbər verir.
Bildirilir ki, Azərbaycan qazının Suriyaya tədarükü ilə bağlı memorandumun imzalanmasından sonra müzakirələr yeni səviyyəyə yüksəlib - əsas diqqət əlaqələrin bərpasına və genişmiqyaslı iqtisadi və siyasi əməkdaşlığa yönəlib.
2025-ci ilin iyulunda imzalanmış saziş gündə təqribən 3,4 milyon kubmetr qazın tədarükünü nəzərdə tutur və tədricən ildə 1-2 milyard kubmetrə yüksəlir. Bu həcmlər fəaliyyətsiz elektrik stansiyalarını yenidən işə salmağa və Suriyanın enerji sektorunun yükünü yüngülləşdirməyə kömək edəcək. Dəməşq üçün bu, iqtisadiyyatın şaxələndirilməsi və tək tərəfdaşdan asılılığın azaldılması istiqamətində bir addımdır. Layihə qızıl hasilatı sənayesinin bərpası və ixrac potensialının genişləndirilməsi proqramına uyğundur.
Yada salaq ki, Əsəd rejiminin süqutundan sonra bu ölkəyə ilk humanitar yardım göstərən, Suriyanın ərazi bütövlüyünə, suverenliyinə güclü dəstəyini ifadə edən ölkələrdən biri məhz Azərbaycan oldu. Azərbaycan Türkiyə ilə birlikdə Suriyanın münaqişədən sonrakı dövrdə inkişafına, bərpa-quruculuq prosesinə töhfə verməyə hazırlığını ifadə etdi. Eyni zamanda 12 illik fasilədən sonra ölkəmizin Dəməşqdəki diplomatik missiyası yenidən fəaliyyətə başladı. Prezident İlham Əliyevin tapşırığına əsasən bugünlərdə hökumətin yüksək səviyyəli nümayəndə heyəti Suriyada səfərdə olub, bu ölkədə bərpa-quruculuq işlərinə Azərbaycanın nə kimi dəstək verə biləcəyini araşdırıb.
Azərbaycan-Suriya əlaqələri, eyni zamanda ölkəmizin Yaxın Şərq siyasətinin bir hissəsidir. Bakının çoxşaxəli xarici siyasəti geniş coğrafiyanı - Avropa, Mərkəzi Asiya, Yaxın Şərq və s. regionları əhatə etməklə ona böyük nüfuz qazandırıb. Rəsmi Bakının bu siyasəti müstəqil, balanslaşdırılmış olmaqla, ədalət prinsipini, beynəlxalq hüququn normalarını üstün tutur. Prezident İlham Əliyevin bu siyasəti nəticəsində Azərbaycan Yaxın Şərq regionunda da etibarlı tərəfdaş olaraq qəbul edilir.
Beləliklə, qaz sazişi ilə başlayan iqtisadi əməkdaşlıq “qızıl dövrünə” keçir, üstəlik Bakı Suriyanın regional oyunçu kimi siyasi arenaya qayıtmasına dəstək verir.

Rəşad Bayramov
AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov “Yeni Müsavat”da hazırkı Suriya hökumətinin Azərbaycanla yaxın əlaqələr qurmaqda maraqlı olduğunu önə çəkdi: “Suriya öz addımları ilə Azərbaycanla əlaqələrdə maraqlı olduğunu nümayiş etdirir. Keçid dövrünün prezidenti Əhməd əl Şaraanın Azərbaycana səfəri bunun bariz göstəricisidir. Ölkəmizin Suriya münaqişəsində neytral və barışdırıcı mövqe sərgiləməsi, eləcə də əvvəldən bu ölkənin ərazi bütövlüyünü dəstəkləməsi və ümumiyyətlə, bayaq da qeyd etdiyim kimi, aparılan siyasət Azərbaycanın Suriya üçün etibarlı tərəfdaş olduğunu nümayiş etdirib.
Ölkəmizin Suriyanın qaz təchizatındakı roluna gəldikdə isə deyim ki, hələ 2010-cu ildə, yəni Suriyada vətəndaş müharibəsinin başlamasından əvvəl Azərbaycan və Suriya arasında təbii qazın alqı-satqısına dair 20 illik razılaşma əldə olunmuşdu. Həmin razılaşmaya əsasən Suriya Azərbaycandan ildə 1-1,5 mlrd. kubmetr təbii qaz idxal edəcəkdi. Lakin Suriyada müharibə bu razılşamanın icrasına imkan vermədi.
İki ölkə arasında enerji sahəsində əməkdaşlıqla bağlı müzakirələr bir də Antalyada keçirilən Diplomatiya Forumunda Azərbaycan Prezidenti İlham Əliyevlə Suriya Prezidenti Əhməd əl-Şaraa arasında baş tutan görüşdə bərpa olundu. Həmin görüşdə Azərbaycan Dövlət Neft Şirkəti SOCAR-ın Suriyanın şərqindəki neft və qaz sahələrinin bərpasına dəstək verməsi məsələsi müzakirə olunmuşdu. Yəni başqa sözlə, Azərbaycanın Suriyanın qaz təchizatına dəstək verməsi özündə təkcə qaz satışını yox, həm də ölkəmizin bu sahədə təcrübəsi, texnoloji bacarıqları sahəsində Suriyanın işlək olmayan infrastrukturunu canlandırmasını ehtiva edir".

Züriyə Qarayeva
Politoloq Züriyə Qarayevanın sözlərinə görə, Azərbaycan-Suriya münasibətlərində son aylarda müşahidə edilən yaxınlaşma Yaxın Şərqdə yeni geosiyasi mərhələnin formalaşdığını göstərir: “Uzun illər davam edən müharibə və sanksiyalardan sonra Suriya üçün iqtisadi reabilitasiya və beynəlxalq əlaqələrin bərpası həyati əhəmiyyət daşıyır. Azərbaycan isə bu prosesdə həm enerji, həm də bərpa-quruculuq istiqamətində mühüm tərəfdaş rolunda çıxış etməyə başlayıb. İki ölkə arasında 2025-ci ilin iyulunda imzalanmış qaz sazişi münasibətləri sırf iqtisadi əməkdaşlıq səviyyəsindən strateji tərəfdaşlıq müstəvisinə keçirir. Gündə 3,4 milyon kubmetr qazın Suriyaya tədarükü ilə başlayan bu proses illik 1-2 milyard kubmetr həcmə qədər genişlənə bilər ki, bu da Dəməşqin enerji sisteminin yenidən fəaliyyətə başlamasına və sənaye sektorunun dirçəlməsinə şərait yaradacaq. Bu addım Suriyanın uzun illər ərzində enerji asılılığını azaltmaq, həmçinin xarici investisiyaları cəlb etmək niyyətinin göstəricisidir. Azərbaycanla əməkdaşlıq Dəməşq üçün təkcə enerji təminatı deyil, həm də regional iqtisadi inteqrasiyaya qayıdış imkanıdır. Eyni zamanda layihə qızıl və digər qiymətli metalların hasilatı sahəsində birgə fəaliyyətə zəmin yaradır. Suriyanın son dövrlər bu sahədə həyata keçirdiyi bərpa proqramı Azərbaycanın texnoloji təcrübəsi və resurs potensialı ilə uzlaşır. Beləliklə, iqtisadi əməkdaşlıq siyasi yaxınlaşmanı da sürətləndirir və iki ölkənin qarşılıqlı maraqlarını möhkəmləndirir. Azərbaycan tərəfi üçün bu əməkdaşlıq həm də Yaxın Şərq regionunda nüfuzun genişlənməsi baxımından mühüm geosiyasi qazancdır. Bakı uzun müddətdir balanslaşdırılmış və çoxtərəfli diplomatiya xəttini davam etdirir. Azərbaycanın həm Türkiyə, həm ərəb ölkələri, həm də Qərb və Rusiya ilə paralel şəkildə əməkdaşlıq qurması onun xarici siyasətini sabit və etibarlı edir. Bu mənada, Suriyanın yenidənqurma prosesinə cəlb olunmaq Azərbaycanın regionda etibarlı tərəfdaş obrazını daha da gücləndirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan müstəqil xarici siyasət modeli burada özünü bir daha göstərir - Bakı siyasi maraqlar uğrunda deyil, qarşılıqlı fayda və suverenliyə hörmət prinsipləri əsasında əməkdaşlıq təklif edir.
Suriyanın siyasi reabilitasiyasına və iqtisadi dirçəlişinə dəstək verən ölkələr sırasında Azərbaycanın olması Dəməşq üçün həm psixoloji, həm də diplomatik cəhətdən mühüm əhəmiyyət kəsb edir. 12 ildən sonra Azərbaycanın Dəməşqdəki diplomatik missiyasının fəaliyyətinin bərpası bu istiqamətdə atılmış ən vacib addımlardan biridir. Bu, təkcə diplomatik jest deyil, həm də real siyasi mesajdır. Bakı regionda sabitlik və inkişafın tərəfdarıdır. Nəticə etibarilə, Azərbaycan-Suriya əlaqələri artıq yeni mərhələyə qədəm qoyur. Qaz sazişi ilə başlanan bu əməkdaşlıq tədricən enerji təhlükəsizliyi, sənaye bərpası, infrastruktur və mədəni diplomatiya istiqamətlərini də əhatə edən çoxşaxəli tərəfdaşlığa çevrilir. Bakı Suriyanın regional siyasətdə yenidən aktiv oyunçuya çevrilməsini dəstəkləməklə həm öz geosiyasi mövqelərini möhkəmləndirir, həm də Yaxın Şərqdə ədalət və əməkdaşlıq prinsiplərinə əsaslanan yeni diplomatik nizamın formalaşmasına töhfə verir. Bu proses, şübhəsiz ki, hər iki ölkə üçün “qızıl dövr” adlandırıla biləcək yeni reallığın başlanğıcıdır".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
05 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ