Onlayn ictimai-siyasi qəzet
Məlum olduğu kimi, Azərbaycan Prezidenti "Naxçıvan MR-in sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün dövlət proqramı"nı təsdiq edib.
Bəs yeni proqram Naxçıvanda nələri dəyişəcək?
Musavat.com bildirir ki, millət vəkili Vüqar Bayramov mövzunu bu cür şərh edib:
"Naxçıvanın sistemli sosial-iqtisadi inkişafını hədəfləyən proqram bir sıra özəllikləri ilə fərqlənir. Əvvəla, proqramda mövcud vəziyyətin təhlili hərtərəfli, sistemli və obyektiv olaraq təqdim edilir. Bu, Naxçıvanda planlaşdırılan fəaliyyətlərin reallığı baxımdan çox vacibdir.
İkincisi, yalnız qlobal trendlər deyil, eyni zamanda mövcud çağırışlar da proqramda ayrıca qiymətləndirilib.
Çox vacib məqamlardan biri də proqramda GZİT (Güclü və Zəif tərəflər, İmkanlar və Təhlükələr) təhlilindən istifadə edilməsidir. Bu, region ilə bağlı ətraflı və dolğun məlumatın əldə edilməsinə imkan yaradır. Məsələn, zəif tərəflərdə dövlət xidmətlərinə əlçatanlıq səviyyəsinin aşağı olması, əlverişli biznes mühitini formalaşdıran zəruri təşviqlərin azlığı-maliyyəyə çıxış imkanlarının məhdudluğu, regionun enerji təchizatı və kommunikasiya xətlərinin aşağı səviyyədə diversifikasiya olunması, elektrik xətlərinin istismar müddətinin başa çatması, kənd təsərrüfatı və digər sahələr üzrə infrastruktur və su təminatı sistemində çatışmazlıqlar - ölkənin digər əraziləri ilə birbaşa quru nəqliyyat əlaqəsinin olmaması kimi istiqamətlər qeyd olunur. Bu qiymətləndirmə proqram çərçivəsində daha realistik planlaşdırma aparmaq baxımdan vacibdir".
Vüqar Bayramov qeyd edib ki, bununla yanaşı, Naxçıvanın təbii ehtiyatlar və xammal bazası, bərpa olunan enerji potensialı (günəş və külək enerjisi), sahibkarlığın inkişafına, ixracın stimullaşdırılmasına və əlverişli investisiya mühitinin yaradılmasına dövlət dəstəyi, beynəlxalq hava limanı və xarici ticarət üçün əlverişli iqtisadi-coğrafi mövqe kimi üstünlükləri də var:
"Bunlar isə Naxçıvanın potensialının daha yaxından istifadə edilməsinə imkan yaradır. Bütövlükdə, proqramın məqsədi davamlı iqtisadi artımın təmin edilməsi və vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması, ölkə iqtisadiyyatına tam inteqrasiyasını təmin etməkdən ibarətdir. Çox vacib istiqamətlərdən biri də məhz ölkə iqtisadiyyatına tam interqasiyadır ki, bu da bölgə və bütövlükdə Azərbaycan iqtisadiyyatı üçün yeni imkanlar deməkdir".
Millət vəkilinin sözlərinə görə, Proqramda 11 prioritet istiqamət üzrə fəaliyyətlərin dəstəklənməsi nəzərdə tutulub:
"Dövlət Proqramının həyata keçirilməsinə dair tədbirlər planında isə daha ölçüləbilən fəaliyyətlərin həyata keçirilməsi planlaşdırılır. Bütövlükdə, yeni proqram Naxçıvan iqtisadiyyatının inkişafı üçün yeni imkanlar açacaq. Bu, Naxçıvana daha çox xarici və yerli sərmayələrin cəlb edilməsinə, məşğulluğun təmin olunmasına imkan yaratmaqla yanaşı, bölgənin Azərbaycan iqtisadiyyatına reinteqrasiyası prosesini sürətləndirəcək".
Xalidə Gəray
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ