Onlayn ictimai-siyasi qəzet
Prezident İlham Əliyev Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayıb.
Publik hüquqi şəxs statusu alacaq Mərkəz tibb müəssisələrinin akkreditasiyası, tibbi xidmətlərin keyfiyyətinin və əlçatanlığının yüksəldilməsi üzrə tədbirlər görülməsi, habelə tibb müəssisələrində daxili keyfiyyət təminatı sistemlərinin qurulması və inkişafı ilə bağlı dəstək xidmətləri göstərilməsi sahələrində fəaliyyət göstərəcək. Yeni qurum hansı zərurətdən yaradılıb? Bunun səhiyyəmizə nə kimi töhfəsi olacaq?
Qeyd etmək yerinə düşər ki, səhiyyə sistemində son dövrlər bir sıra dəyişikliklər edilib. Vaxtilə səhiyyə sahəsi ilə əlaqəli bütün funksiyalar Səhiyyə Nazirliyinin səlahiyyətində idi - həm səhiyyə siyasətini müəyyənləşdirirdi, həm xidmət göstərirdi, həm də xidmətə, vəsaitin ödənilməsinə nəzarət edirdi. Bütün tibb müəssisələri də Səhiyyə Nazirliyinin nəzdində idi. Daha sonra İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB yaradıldı, bəzi istisnalarla əksər xəstəxanalar Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılıb, TƏBİB-ə verildi. Pandemiya dövründən səhiyyə qurumları arasında bir sıra anlaşılmazlıqlar ortaya çıxırdı ki, bununla bağlı zaman-zaman mediada yazılar işıqlandırıldı. Bununla belə, klinikalarla bağlı narazılıqlar, oradakı çatışmazlıqlar, əhalinin şikayəti də tez-tez gündəmə gəlir. Bütün bu səbəblərdən dolayı bir sıra ekspertlər vahid səhiyyə qurumunun yaradılamsını da təklif edirdi. Bəs yeni yaradılan bu mərkəz problemlərin həllində nə kimi rol oynayacaq?
Musa Quliyev
Milli Məclisin deputatı Musa Quliyev mövzu ilə bağlı “Yeni Müsavat” a dedi ki, Azərbaycanda səhiyyə sahəsində, tibbi xidmətlərin göstərilməsi istiqamətində islahatlar aparılır: “Bu islahatların da ən böyük nəticəsi icbari tibbi sığortanın tətbiq olunması və bütün ölkəni əhatə etməsidir. Eyni zamanda, səhiyyə sektoru da sürətlə inkişaf edir. Kifayət qədər maddi-texniki bazaya və kadr potensialına malik olan özəl sektor da var. Ancaq bunun idarə edilməsində və tibbi xidmətlərə əlçatanlıqda, o cümlədən dərman vasitələrinə əlçatanlıqda tibbi xidmətin nəzarət göstərilməsində həkim- pasiyent, səhiyyə müəssisəsi, vətəndaş-səhiyyə müəssisəsi arasındakı münasibətlərin daha sivil tənzimlənməsində belə problemlər ortaya çıxarsa, bir orbitr rolu kimi çıxış edən təşkilatın olmaması kimi problemlər də var. Bu problemlər vətəndaşları narahat etdiyi kimi, dövlətin də diqqətindən yayınmır. Prezidentin verdiyi yeni bir fərmanla tibb müəssisələrinin akkreditasiyası və keyfiyyətinə nəzarət mərkəzinin yaradılması Səhiyyə Nazirliyinin daha bir istiqamət üzrə səlahiyyətlərinin genişlənməsinə və keyfiyyətli xidmətin artırılmasına, səhiyyə müəssisələri arasında sağlam rəqabətin formalaşmasına səbəb olacaq. Eyni zamanda, belə bir mərkəzin yaradılması tibb müəssisələrinin fəaliyyətinə də nəzarəti gücləndirəcək. Həm məsuliyyəti artıracaq, həm də beynəlxalq standartlara uyğun səviyyədə həm müəssisələrin maddi-texniki bazasının qurulması, tibb protokollarının tərtib olunması, xəstələrin qəbulu, müayinəsi, müalicəsinin daha yüksək səviyyədə həll olunmasına öz təsirini göstərəcək. Bütövlükdə götürüləndə bu addım da səhiyyədə aparılan islahatların növbəti bir mərhələsidir. Hesab edirəm ki, qısa müddət ərzində Azərbaycan səhiyyəsini daha yüksək səviyyədə olduğunu görəcəyik”.
Adil Qeybulla
Tanınmış həkim, tibb elmləri doktoru Adil Qeybulla isə hesab edir ki, ümumiyyətlə tibb müəssisələrinin keyfiyyətinə diqqət daim artırılmalıdır: “Çünki özəl klinikaların sayı günü-gündən artır. Özəl klinikaların bəziləri tibb ixtisası olmayan sahibkarların xarakterinə uyğunlaşdırılıb, onun başı ilə işləyir. Çox ciddi qüsurlar, problemlər var. Bunlar aradan qaldırılmalıdır. Mülkiyyət formasından asılı olmayaraq bütün tibb müəssisələrində tibbin qanunları, beynəlxalq qanunlar işləməlidir. Ayrı-ayrı tibb müəssislərinin akkreditasiya məsələsi, oradakı fəaliyyətin qanunauyğunluğuna nəzarət lazımdır. Bütün bunların səbəbindən zərurət ortaya çıxıb, belə bir struktur yaradılmasına ehtiyac yaranıb. Fikrimcə, bu struktur özəl klinikalardakı özfəaliyyətə son qoyacaq. Orada diplomsuz fəaliyyət göstərmələr, müxtəlif qeyri-qanuni fəaliyyətlər yuva salıb. Bunları da aradan qaldırmaq, fəaliyyət növünü şəffaflaşdırmaq, Azərbaycan səhiyyəsini şəffaflaşdırmaq, dələduzluğu aradan qaldırmaq kimi istiqamətlərdə dəyişiklik vacibdir”.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ