İnsanlara hürriyət, millətlərə istiqlal!

Yenə məktəb, yenə bıçaq, yenə qan....

Şagirdlər niyə zorakılığa meyllidir - ekspertlərin cavabı

Fevralın 4-də saat 08:10 radələrində Ucar rayon Rəstəcə kənd tam orta məktəbinin 9-cu sinif şagirdi öz sinif yoldaşına bıçaqla xəsarət yetirib. İlkin tibbi yardım göstərildikdən sonra o, ixtisaslaşmış tibbi yardım alması üçün Göyçay Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub. Pasiyent xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdirilərək əməliyyat edilib. Vəziyyəti stabil qiymətləndirilən şagird fevralın 5-i ambulator müalicə üçün evə buraxılıb.

Qeyd edək ki, son vaxtlar məktəblərdə şagirdlər arasında baş verən zorakılıq hadisələri xeyli artıb ki, bu da cəmiyyəti ciddi şəkildə narahat edir. Bəs səbəb nədir? Niyə şagirdlər, yeniyetmələr zorakılığa bu qədər meyllidir?

Ceyhun Məmmədov. Oxu.az Saytında Ceyhun Məmmədov mövzusunda son xəbərlər -  Oxu.az

 Ceyhun Məmmədov

Mövzu ilə bağlı millət vəkili Ceyhun Məmmədov “Yeni Müsavat”a danışıb. Deputatın fikrincə, əvvəlki dövrlərlə müqayisədə bu cür hadisələr o qədər də çox deyil: “Nəzərə alsaq ki, bu gün bizim məktəblərimizdə çox sayda şagird təhsil alır və bunu tənzimləmək kifayət qədər mürəkkəb bir məsələdir. Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da zaman-zaman belə hadisələrin baş verdiyini görürük. Qeyd etdiyim kimi, bu gün vəziyyətin çox yüksək səviyyədə, çox kəskin və dözülməz olduğunu demək yanlış olardı.  Lakin sayı az olsa da, bu gün bu cür hadisələr narahatlıq doğurur. Bəli, zorakılığa meyl artmaqdadır və burada hesab edirəm ki, həm valideynlərin, həm də məktəblərin üzərinə böyük məsuliyyət düşür. Yəni valideynlər övladlarının tərbiyəsinə daha çox vaxt ayırmalı, onlarla daha çox söhbət etməli və onlarla daha çox tərbiyəli müzakirələr aparmalıdırlar. Eyni zamanda hesab edirəm ki, burada məktəblər və valideynlər arasında güclü kommunikasiya və münasibət əlaqələrinin qurulması çox önəmlidir ki, belə hallar baş verdikdə birgə əməkdaşlıq nəticəsində operativ şəkildə bu prosesin qarşısını almaq mümkün olsun. Ona görə də bu istiqamətdə səmərəli addımlar atılmalıdır”.

Kamran Əsədov izləyicini təhqir etdi — Foto

 Kamran Əsədov

Təhsil eksperti Kamran Əsədovun fikrincə şagirdlərin zorakılığa bu qədər meylli olmasının əsas səbəblərindən biri ailədə və ya sosial mühitdə gördükləri şiddətdir: “Uşaqlar ətrafda nə müşahidə edirlərsə, onu öyrənir və tətbiq edirlər. Əgər bir uşaq ailədə aqressiya və zorakılığa şahid olursa, bu onun üçün normal davranış modelinə çevrilir. Valideynlərin bir-biri ilə və ya övladları ilə sərgilədiyi münasibət onların gələcək davranışlarını müəyyən edir. Bundan başqa, məktəbdə müəllimlərin yanaşması, sinif mühitinin atmosferi və sosial münasibətlər də şagirdlərin psixologiyasına təsir edir. Əgər məktəbdə münaqişələrin həlli üçün doğru metodlar tətbiq olunmursa, şagirdlər öz problemlərini zorakılıq yolu ilə həll etməyə çalışırlar. Məktəblərdə zorakılığın qarşısını almaq üçün bir neçə əsas tədbir görülməlidir. Əvvəla, məktəb daxilində nizam-intizam qaydaları yalnız cəza yönümlü olmamalı, eyni zamanda maarifləndirici və tərbiyəvi xarakter daşımalıdır. Müəllimlər şagirdlərlə daha çox psixoloji ünsiyyət qurmalı, onların emosional vəziyyətini dəyərləndirməlidirlər. Məktəblərdə psixoloq və sosial işçilərin sayı artırılmalı, bu sahəyə daha çox diqqət ayrılmalıdır. Valideynlərlə əməkdaşlıq gücləndirilməli, uşaqların psixoloji və sosial inkişafı diqqətdə saxlanılmalıdır”.

Ekspert qeyd edir ki, şagirdlərin məktəbə bıçaq və ya digər təhlükəli əşyalar gətirməsi onların özlərini müdafiə etmək ehtiyacı hiss etməsi, təsir altında qalması və ya sadəcə maraqdan irəli gələ bilər: “Bunun qarşısını almaq üçün məktəblərdə təhlükəsizlik tədbirləri gücləndirilməli, şagirdlərin məktəbə daxil olarkən üzərlərində təhlükəli əşyaların olub-olmaması yoxlanılmalıdır. Lakin bu cür yoxlamalar repressiv xarakter daşımamalı, şagirdlərin şəxsi azadlıqlarına hörmət çərçivəsində aparılmalıdır. Daha vacibi isə şagirdlərin zorakılığa ehtiyac duymayacaqları bir mühit yaratmaqdır. Əgər məktəbdə psixoloji dəstək sistemi qurularsa, şagirdlər öz problemlərini zorakılıqla deyil, sülh yolu ilə həll etməyi öyrənərlər.

Bu cür hadisələrdə günahkarı yalnız bir tərəfdə axtarmaq düzgün olmazdı. Ailə, məktəb və cəmiyyətin ümumi təsiri nəzərə alınmalıdır. Valideynlər övladlarının psixoloji vəziyyətinə daha çox diqqət yetirməli, müəllimlər şagirdlərə təkcə akademik bilik verməklə kifayətlənməməli, eyni zamanda onların sosial və emosional inkişafına da töhfə verməlidir. Cəmiyyət isə zorakılığı təbliğ edən və normallaşdıran faktorlardan uzaq durmalı, uşaqların sağlam düşüncəli fərdlər kimi yetişməsinə şərait yaratmalıdır. Şagird məktəbə yalnız akademik bilik əldə etmək üçün deyil, eyni zamanda sosial bacarıqlar qazanmaq, ünsiyyət qurmaq, həyatı öyrənmək və gələcək cəmiyyətə hazırlanmaq üçün gəlir. Məktəb yalnız sinif otaqlarında dərs keçilən yer deyil, həm də insanların şəxsiyyət kimi formalaşdığı, sosial qaydaları öyrəndiyi mühüm bir məkandır. Ona görə də məktəbin əsas missiyası şagirdlərə bilik verməklə yanaşı, onların psixoloji və emosional rifahını da təmin etməkdir. Əgər bu aspektlər diqqətdən kənarda qalarsa, məktəblər bilik verən, lakin şəxsiyyət yetişdirməyən bir instituta çevrilə bilər ki, bu da cəmiyyətin uzunmüddətli inkişafına mənfi təsir göstərər".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR