Onlayn ictimai-siyasi qəzet
1993-cü ildə Soçidə dövlət məmurlarının pansionatının həyətində Rusiya prezidenti Boris Yeltsinin səsinin tonunu qaldıraraq kimisə təhqir etməsi ətrafdakılarının diqqətindən yayınmayıb. Həyətdə gəzişənlər elə düşünüblər ki, prezident onunla üz-üzə dayanan Rusiya Nazirlər Sovetinin sədri Viktor Çernomırdini təhqir edir. Sonra məlum olub ki, Yeltsin pencəyinin ətəyindən yapışıb yaramaz və əclaf adlandırdığı şəxs kardioloq Dmitri Neçayevdir.
Maraqlıdır, həkim hansı əməlinə görə prezidentin qəzəbinə tuş gəlib?
Qeyd edək ki, Dmitri Neçayev hələ 1980-ci illərin ortalarından Yeltsinin şəxsi həkimi olub.
21 oktyabr 1987-ci ildə Mərkəzi Komitənin plenumunda o dövrdə SSRİ Ali Soveti Rəyasət heyətinin üzvü olan Yeltsinin çıxışı planlaşdırılıb. Həmin gün o, özünü çox pis hiss edib. Amma bu çıxış vacib sayıldığından plenumdan əvvəl Neçayevi çağırıblar ki, müvəqqəti də olsa Yeltsinin sağlamlığındakı problemi aradan qaldırsın. Plenumdan əvvəl Neçayev Yeltsinə iynə vurub və bir neçə həb verib. Bu dərman təyinatı Yeltsinin səhhətini daha da ağırlaşdırıb. Hətta vəziyyət o həddə çatıb ki, mühafizəçi Aleksandr Korjakov Yeltsini iclas zalından qucağında çıxarıb.
Yeltsinin yaxın ətrafı belə qənaətə gəlib ki, onun belə vəziyyətə düşməsi Neçayevin günahıdır. Həkim qəsdən, yaxud da bilərəkdən Yeltsinə yüksək dərman dozası qəbul etdirib. Bu hadisədən sonra Neçayev Yeltsinin ailəsindən uzaqlaşdırılıb. Heç bir tibbi sübur olmadığına görə kardioloq cəzadan yaxasını qurtara bilib. Amma məsələ bununla bitməyib.
Təsadüf elə gətirib ki, Rusiya hökumətinin başçısı Viktor Çernomırdinin ürəyində problemlər yarananda baş nazirə kardioloq kimi Neçayevi məsləhət görüblər. Neçayev Çernomırdini müayinə etdikdən sonra təxirə salmadan aorta-koronar şuntlama əməliyyatının keçirilməsini zəruri sayıb. Çernomırdin Neçayevlə razılaşıb. Əməliyyat uğurla sona çatıb. Bundan sonra Neçayev Çernomırdinin şəxsi həkimi olub.
Neçayev 1996-cı il aprelin 27-dən 28-ə keçən gecə saat 01-15 dəqiqədə Miçurin prospektindəki binanın qarşısında naməlum şəxslər tərəfindən güllələnib. O, həyat yoldaşı ilə birgə xidməti “Volvo” avtomobili ilə ziyafətdən evinə qayıdarkən qətlə yetirilib. Həkim əvvəlcə həyat yoldaşını binanın giriş qapısına ötürüb, sonra maşında qalan gül buketini götürmək üçün yenidən avtomobilə yaxınlaşıb. Arxa qapını açıb içəri boylananda “TT” markalı tapançadan onun baş nahiyəsinə iki atəş açılıb. Həkimin həyat yoldaşı və sürücüsü onu arxa oturacağa uzandıraraq yaxınlıqdakı klinikaya çatdırıblar. Amma həkimlər onu xilas edə bilməyiblər, Neçayev əməliyyat stolunda vəfat edib.
Bu hadisə təkcə Rusiya mətbuatında yox, qərbin aparıcı kütləvi informasiya vasitələrində də əsas xəbər başlığına çevrilib: “Rusiya Federasiyasının baş naziri Viktor Çernomırdinin şəxsi həkimi güllələnib”.
Hadisə ilə bağlı cinayət işi açılıb, istintaq başlayıb. Araşdırma nəticəsində və yaxınlıqdakı avtomobil dayanacağının mühafizəçilərinin söylədiyinə görə, cinayətkar ağ rəngli “VAZ -2105” markalı avtomobillə ərazini tərk edib. Amma maşının nömrəsini mühafizəçi heç cür xatırlaya bilməyib. Daha doğrusu, gecə vaxtı olduğundan nömrələr görünməyib. Hadisədən 15-20 dəqiqə keçməsinə baxmayaraq əməliyyat-axtarış qrupu nə maşının, nə də cinayətkarların izlərinə isti-isti düşə bilməyiblər. Bəlkə də hansısa səbəblərdən bunu özləri istəməyiblər.
İstintaq zamanı Dmitri Neçayevin bütün xidməti fəaliyyəti və xidmətdən kənar məşğuliyyətləri araşdırılıb. Heç bir şübhəli məqam aşkar olunmayıb. Dmitri Neçayevin heç bir biznes fəaliyyəti, mübahisəli pul məsələsi də olmayıb. İstintaqın bu nəticələri qətl hadisəsinin açılmasında böyük çətinliklər yaradıb. Amma müvafiq qurumlar bu bağlı qalan düyünləri açmaq həvəsində olmayıblar, buna çox da cəhd etməyiblər.
Açılmış cinayət işinə bu cür etinasız yanaşma Neçayevin həmkarlarını, doğmalarını daha yuxarı instansiyalara müraciət etməyə məcbur edib. Yuxarılarda da məsələyə eyni münasibət göstərilib. İstintaq zamanı Çernomırdin şəxsi həkimi haqqında yalnız yüksək fikirlər söyləyib və həmişə ondan razı qaldığını bildirib.
Neçayevin müəmmalı qətli haqqında ortaya fərqli versiyalar çıxıb. Hətta onun Boris Yeltsinin sifarişi ilə öldürülməsi fikirləri də səsləndirilib. Yüksək ranqlı dövlət məmurları arasında bu versiyanı əminliklə söyləyənlər də tapılıb. Amma sözsüz ki, Yeltsin prezident olduğu bir vaxtda bu versiyanı araşdırmağa heç kim maraq və cürət göstərməyib.
Beləliklə də bir vaxtlar prezidentin, daha sonra isə baş nazirin şəxsi həkimi olan Neçayevin müəmmalı qətlinin icraçısının və sifarişçisinin kim olduğu açılmayıb.
İlham Cəmiloğlu, Musavat.com
25 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ