Onlayn ictimai-siyasi qəzet
Mingəçevir şəhərində 37 yaşlı Aytən Məmmədovanın keçmiş əri 45 yaşlı Ceyhun Mirzəyev tərəfindən qətlə yetirilməsinin təfərrüatı məlum olub.
Daha əvvəl məhkumluq həyatı yaşamış C.Mirzəyev arvadı ilə barışmaq istəyib. Lakin Aytən bununla razılaşmayıb. C.Mirzəyev keçmiş arvadına mesaj yazaraq ya barışmağı, ya da ölümü seçməsini istəyib.
Musavat.com xəbər verir ki, cütlüyün ailə münasibətləri uzun və xoşbəxt keçməyib.
Onlar 2015-ci ildə boşanıblar. Buna səbəb Ceyhunun içki aludəçisi olması, oğurluğa görə məhkumluq həyatı yaşaması olub. Bu nikahdan onların iki övladı dünyaya gəlib. Övladlarından biri fiziki məhdudiyyətli olub.
Oğurluqda və digər cinayət əməllərində ittiham olunan Ceyhun həbsdən çıxdıqdan sonra bir neçə dəfə Aytənlə barışmağa cəhd edib. Amma Aytən Ceyhunun yenə də eyni xasiyyətdə olduğunu, içki içdiyini, narkotik istifadəçisi olduğunu bildiyi üçün bunu rədd edib. Həmçinin Aytənin başqa bir şəxslə də münasibəti olub. Bu münasibətdən Aytənin övladının da xəbəri olub. Aytən xoşbəxt həyat yaşadığını, yenidən Ceyhunla barışmaq istəmədiyini dəfələrlə dilə gətirib.
Ceyhun isə övladlarının evlənmə ərəfəsində olduğunu deyərək Aytəndən həmin şəxsdən ayrılmasını tələb edib. Bildirib ki, qohumlar içində biabır olmaq istəmir.
İstintaq zamanı müəyyən edilib ki, Aytənlə Ceyhunun yenidən barışmasını nə qohumlar, nə də onların övladı Ömər istəyib. Ömər ifadəsində anasının yenidən əvvəlki kimi əzab çəkməsini istəmədiyi üçün atası ilə barışmasına razı olmayıb. Hətta əlavə edib ki, atası onlara heç zaman baxmayıb. Həmişə əziyyət çəkiblər. Əlavə edib ki, anasının birlikdə yaşadığı şəxs ona atalıq edib, qayğı göstərib.
Mərhumun oğlu Ömər Mirzəyev məhkəmədəki ifadəsində anasının evlilik müddətində çox əziyyət çəkdiyini deyib:
“Atam bizə heç vaxt baxmayıb. Narkotik aludəçisi olub, içki içib. Uşaq olan zaman evdə “şpris” tapırdıq. Anam deyirdi ki, əl vurmayaq. Atam babamın verdiyi torpağı neçə nəfərə satmışdı. Qapımıza adamlar gəlirdi. Sonra babam onu özü ilə Rusiyaya apardı. Amma orda da babamın başını aşağı elədi”.
Ömər anasının Firdovsi adlı şəxslə ər-arvad münasibətində olduğunu təsdiq edib:
“Anam boşandıqdan sonra Firdovsi ilə yaşayıb. Normal ailə həyatları var idi. Mən əsgərlikdə olanda atam bircə dəfə də olsun mənimlə maraqlanmayıb. Anam haqqında dedikləri yalandır. Mən bu adama ən ağır cəza verilməsini tələb edirəm”.
Ceyhun məhkəmədə dindirilən zaman Aytəni qısqanclıq zəminində öldürdüyü deyib:
“Övladımıza görə yenidən barışmaq istəyirdim. Mən Aytəndən ayrılandan sonra narkotik çəkməyə, içki içməyə başladım. Həyatım məhv oldu. Aytən mənə xəyanət etdiyi üçün onu öldürdüm. Neçə dəfə dedim ki, gəl barışaq. Amma razı olmadı. Həmin şəxsdən ayrılmasını da istədim. Dedi ki, yaxşı edirəm. Mən də onu öldürməyi qərarlaşdırdım”.
İstintaq zamanı müəyyən edilib ki, Ceyhun Aytənə tez-tez mesaj yazaraq onunla barışmaq niyyətində olduğunu bildirib. Sonuncu danışıqları da eyni mövzuda olub.
Ceyhun son olaraq Aytənə “bir yerdə balalarımıza gün ağlayacağıq. Mən hər şeyə tövbə etmişəm. Səninlə işim olmayacaq, barmağım sənə toxunmayacaq. Amma ailəmizin içində olaq. Ya da ki, ölüm. İndi sən ikisindən birini seç” məzmunlu səs göndərib. Qısa fasilədən sonra “dəqiq fikirləş” deyə növbəti xəbərdarlıq mesajı yazıb. Aytənin bu mesajlara cavabı “yox” olub.
Məhkəmədə Ceyhunun Aytəni namus üstündə öldürdüyünü, guya ona xəyanət etdiyini deməsi qəbul edilməyib. Çünki Ceyhun Aytənin başqa şəxslə münasibətinin olduğunu əvvəldən bilirdi. Həm də onlar rəsmi olaraq boşanmış idilər.
Ceyhunun anası məhkəmədə şahid kimi dindirilən zaman keçmiş gəlinini çox istədiyini bildirib:
“Aytənin xətrini çox istəyirdim. Onun ölümü məni çox yandırdı. Öz oğlum ölsəydi, belə yanmazdım. Aytən günahsız idi. Xəbər mənə çatanda inanmadım. Hətta zarafat edirlər deyə güldüm də. Sonra işdən evə qaçdım. Orada olanlara yalvardım ki, Aytəni xəstəxanaya aparaq. Amma dedilər ki, artıq gecdir”.
İstintaq zamanı Aytənin iki bıçaq zərbəsi ilə öldürüldüyü məlum olub. Bıçaq zərbələrindən biri onun ürək nahiyəsindən dəyib.
Məhkəmə Ceyhunu törətdiyi əməldə tam günahkar bilərək 12 il müddətinə azadlıqdan məhrum edib.
İ.Muradov
Musavat.com
04 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ