Onlayn ictimai-siyasi qəzet
Ömrünün əsas hissəsini cərrah masası arxasında keçirən Boris Petrovski həyatda çox sadə, səmimi, mehriban və son dərəcə təmkinli bir insan olub. O, pasientlərinin uzun-uzadı şikayətlərini dinləməkdən, suallarını cavablandırmaqdan yorulmayıb.
Çox nadir hallarda əsəblərini cilovlaya bilməyən cərrahın səbrini tükəndirən xəstələr də tapılıb. Olardan biri də Nikita Xruşşovun həyat yoldaşı Nina Kuxarçuk olub. Məhz 1954-cü ildə Xruşşovlar ailəsi sözün əsl mənasında Petrovskinin sinirlərini gərginləşdiriblər. Həmin dövrdə Petrovski Səhiyyə Nazirliyinin 4-cü idarəsinin (dövlət məmurlarının sağlamlığına cavabdehlik daşıyan idarə) cərrahı vəzifəsində də işləyib. Növbəti cərrahi əməliyyatdan çıxdıqdan sonra ona bildiriblər ki, təcili Nikita Xruşşovun evinə getməlidir. Cərrah kiçik çantasını götürüb Xruşşovun bağ evinə yollanıb. O, əvvəlcə elə düşünüb ki, Xruşşovun səhhətində problem yaranıb. Amma bağ evinin həyətinə daxil olanda və Xruşşov şəxsən özü onu qarşılayanda başa düşüb ki, ailə üzvlərindən kiminsə həkimə ehtiyacı var.
Petrovskini birbaşa Nina Kuxarçukun yataq otağına aparıblar. Cərrah pasientin şikayətlərini dinləyib, müayinə edib. Sağ qabırğaaltı nahiyədə ağrıların nə vaxtdan başlandığını, günün hansı saatlarda daha çox narahatlıq yaratdığını soruşub. Petrovski ilk qənaətlərini ümumiləşdirib pasientinə pəhriz rejimi və bir-iki dərman yazıb. Sonda Xruşşov onu çay süfrəsinə dəvət edəndə Petrovski ağlına gələn ilk bəhanə ilə tələsdiyini bildirib.
Geri qayıtdıqdan 3-4 saat sonra Petrovskini yenidən Xruşşovun evinə çağırıblar. Yenidən eyni şeylər təkrar olunub. Səhəri çağırışlar hər 4-5 saatdan bir davam edib. Nəhayət, üçüncü gün onu yenə də pasientinin yanına tələsdirəndə o, içəri girən kimi Xruşşova beş dəqiqə ona vaxt ayırmasını xahiş edib. Xruşşov cərrahı öz iş otağına dəvət edib. Petrovski birbaşa mətləbə keçib:
-Nikita Sergeyeviç, məni bura hər 3-4 saatdan bir çağırmaqla heç nə dəyişməyəcək. Mən təyinat yazmışam. Yalnız heç olmasa bir həftədən sonra bu təyinatların müsbət, yaxud da mənfi nəticəsi bilinəcək. Odur ki, çağırışlarınızı dayandırın. Onu da diqqətinizə çatdırmaq istəyirəm ki, müayinənin dəqiqliyi, müalicənin effektliyi üçün Nina Kuxarçuku xəstəxanaya yerləşdirmək lazımdır.
Xruşşov cərrahın irad və təklifinə dərhal reaksiya verib:
-Bəli, mən sizinlə tam razıyam. Elə bu gün biz Ninanı xəstəxanaya yerləşdirəcəyik.
Beləliklə, Nina Kuxarçuk Kreml xəstəxanasına yerləşdirilib. İki günlük tam müayinələrdən sonra aydın olub ki, Nina Kuxarçukun öd kisəsində daş var. Bu haqda Xruşşova məlumat verilib və cərrahi əməliyyatın keçirilməsinin vacib olduğu da bildirilib. Səhərisi gün Petrovski birinci xanımı əməliyyat edərək öd kisəsini çıxarıb. Günorta saat 1-2 radələrində Xruşşov xəstəxanaya gəlib və vəziyyətlə maraqlanıb. Petrovski bir az əsəbi, bir az da narahat görünən Xruşşova məruzə edib:
-Nikita Sergeyeviç, əməliyyat uğurlu keçdi. Pasient artıq narkozdan ayılıb və özünü normal hiss edir.
-Mən onu hansı palatada görə bilərəm.
-Siz onu bu gün görə bilməzsiniz. Həyat yoldaşınıza yalnız sabah baş çəkə bilərsiniz.
Bu qadağanı eşidən Xruşşov çılğınlığını gizlətməyib:
-Bu ölkədə birinci şəxsə qadağa qoyanlar da var imiş.
Cərrah onun sözlərinə məhəl qoymayıb.
Nina Kuxarçuk evə buraxıldıqdan sonra Petrovski bir neçə dəfə onu evlərində müayinə edib. O, bu ziyarətlərdən istifadə edərək səhiyyə sistemində olan problemləri, çatışmazlıqları Xruşşova çatdırıb. Belə görüşlərin birində Petrovski Xruşovdan maraqlı bir təklif alıb. O, həkimə səhiyyə naziri vəzifəsini təklif edəndə Petrovskinin reaksiyası kəskin olub:
-Mən bu dəqiqə partiya biletimi stolun üstünə qoymağa razıyam, amma mən nazir olmayacağam.
Əslində Petrovski nazir vəzifəsinə layiq bir şəxs olub. Amma o, Xruşşovla işləməyin nə olduğunu yaxşı anladığından bu vəzifədən qəti şəkildə imtina edib.
Qeyd edək ki, 1908-ci ildə Yessentuki şəhərində anadan olan Petrovski Moskva Dövlət Universitetinin tibb fakültəsində ali təhsil alıb. 1937-ci ildə namizədlik dissertasiyası, 1947-ci ildə doktorluq işi müdafiə edib.
Sovet-alman müharibəsi başlananda Petrovski hərbi həkim kimi orduya çağırılıb və müharibənin sonuna qədər səhra hospitallarında xidmət edib.
Müharibədən sonra Petrovski bir müddət Leninqradda Kirov adına Hərbi Tibbi Akademiyada xidmət edib. Sonrakı fəaliyyətini SSRİ Tibb Akademiyasında davam etdirən Petrovski Ümumittifaq Elmi Cərrahiyyə Mərkəzinin yaradıcılarından biri və onun ilk direktoru olub. Yuxarıda qeyd etdiyimiz kimi o, həm də eyni zamanda Səhiyyə Nazirliyinin 4-cü idarəsinin cərrahı vəzifəsini də daşıyıb.
Petrovski Xruşşovun nazir vəzifəsi təklifindən imtina etsə də 1965-ci ildə Brejnevin təklifindən yayına bilməyib. O, nazir təyin edildiyi günü öz xatirələrində aşağıdakı kimi xatırlayıb:
“Məni Mərkəzi Komitəyə xidməti işimlə bağlı tez-tez dəvət edirdilər. Katiblərin, şöbə müdirlərinin qəbulunda olurdum. Bu dəfə isə baş katibin yanına çağırılmışdım. Brejnev məni mehribanlıqla qarşıladı. İş masasının arxasından çıxıb mənimlə üz-üzə əyləşdi. Görüşdə onun köməkçilərindən biri də iştirak edirdi. Baş katib səhiyyədəki problemlərlə maraqlandı. Mən ona tibbi avadanlıqların çatışmazlığından, tibbi personalın sosial problemlərindən, bölgələrdə yeni xəstəxanaların tikilməsinin vacibliyindən və digər mövcud problemlərdən danışdım. Dediklərimi köməkçi bir-bir qeyd edirdi. Sonda Brejnev dedi ki, məni SSRİ səhiyyə naziri təyin edirlər. Mən bu təyinata etiraz etdim:
-Leonid İliç, mənim ömrümün əsas hissəsi cərrah masası arxasında keçib. Mən təşkilati məsələlərdə uğurlu kadr ola bilmərəm.
O, mənim sözümü yarımçıq kəsdi:
-Boris Vasilyeviç, biz sizi bura ona görə çağırmamışıq ki, sizin nazir vəzifənizə getməyinizə razılıq alaq. Bu işi Siyasi Büro həll edir. Sizi çağırmaqda məqsədimiz səhiyyədəki problemləri öyrənmək və onları tez bir zamanda həll etməkdir. Odur ki, sabahdan vəzifənizin icrasına başlaya bilərsiniz.
Belə bir məqamda mənim nə isə deməyim artıq idi. Amma onu da qeyd edim ki, qısa bir zamanda Brejnevin göstərişi ilə bir çox problemlər öz həllini tapdı...”
Beləliklə, Petrovski 1965-ci ildən 1980-ci ilə qədər, 16 ilə yaxın nazir vəzifəsində işləyib. Araşdırmaçıların qənaətinə görə Petrovski SSRİ səhiyyəsinin inkişafında ən məhsuldar nazirlərdən biri olub. Məhz bu xidmətlərinə görə cərrah-nazir Sosialist Əməyi Qəhrəmanı adı ilə təltif edilib.
Sabiq nazir, akademik Boris Petrovski 2004-cü ildə, 95 yaşında vəfat edib.
İlham Cəmiloğlu, Musavat.com
03 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ