İnsanlara hürriyət, millətlərə istiqlal!

Xruşovun üzünə qabaran general – Solovyov onun aqibətinin yaxşı olmayacağını deyib


1960-cı ildə SSRİ Daxili İşlər Nazirliyinin bir qurum kimi ləğv edilməsi bu orqanda çalışan bir çox təcrübəli əmkdaşların ciddi narazılığına səbəb olub. Belə ki, Nikita Xruşovun növbəti “islahat”ı ilə ittifaq miqyaslı nazirlik ləğv olunaraq onun funksiyaları müttəfiq respublikaların ictimai asayiş nazirliklərinə verilib. Bununla da sovet milisi 1966-cı ilə qədər fəaliyyətini belə bir strukturda davam etdirib.

Xruşovun bu qərarına qarşı ən sərt və kəskin reaksiya verənlərdən biri də Leninqrad şəhər milisinin rəisi, II dərəcəli milis komissarı (general-leytenant) İvan Solovyov olub. O, öz etirazını heç bir subordinasiyaya əməl etməyərək birbaşa sovet liderinə bildirib. General Xruşovla telefon əlaqəsi yaratmaq üçün əvvəlcə onun köməkçisi Vladimir Lebedevə zəng vurub. Köməkçi ilə bir neçə dəfə danışa bilsə də, Lebedev onu Xruşovla calamayıb, şikayətini, yaxud da təklifini yazılı şəkildə təqdim etməyi məsləhət görüb. Solovyov inadkarlığından dönməyib, sonuncu zəngində isə ürəyini Lebedevə boşaldıb:

Соловьёв,_Иван_Владимирович_(Герой_Советского_Союза).jpg (102 KB)

- Vladimir Semyonoviç, mənim adımdan Xruşova çatdırın ki, qərarlar qəbul edərkən başqa yeri ilə yox, başıyla düşünsün. Biz müharibədə vətənimizi, dövlətçiliyimizi qoruyanda da o, başqa yerini qoruyurdu. Çoxminli milis ordusu ilə razılaşmadan belə bir qərar qəbul etmək yalnız onun səriştəsizliyindən irəli gələ bilər.

Nəhayət, Lebedev özündə cürət taparaq milis generalının sözlərini olduğu kimi Xruşova çatdırıb. Xruşov isə təhqir dolu ifadələri rahatlıqla həzm edib:

- Mən onu yaxşı tanıyıram, yaramazın biridir. Ona səs tonunu ucaltmağa Stalin imkan vermişdi. Amma indi belə olmayacaq. Biz səsi ucadan çıxanların səsini birdəfəlik kəsəcəyik.

Xruşov generalı susdarmağı başqasına həvalə etməyib. Köməkçisinə onunla təlefon əlaqəsi yaratmağı göstəriş verib. Az sonra sovet liderinin əsəbi səsi kabinetdən kənarda da eşidilib:

1583010435_hrushev6.jpg (118 KB)

- Solovyov, mən belə anlayıram ki, sizin Leninqrad kimi böyük bir şəhərdə milis rəisi vəzifəsində olmağınız, yüksək rütbə daşımağınız heç də yerində olan bir məsələ deyil. Onu da nəzərinizə çatdırım ki, siz və rəisi olduğunuz idarə Leninqrad şəhər İcraiyyə Komitəsinə tabedir, yəni icraedici bir qurumsunuz və sizə heç kim səlahiyyət verməyib ki, qanunverici orqanların, Mərkəzi Komitənin qərarlarını müzakirə edəsiniz. Səsiniz birdəfəlik batırın və özünüzə aid olan xidməti vəzifələrinizlə məşğul olun.

General Xruşova sona qədər təmkinlə qulaq asıb, sonda isə heç də onun səsinin tonundan aşağı olmayan bir səslə sovet liderinin cavabını verib:

- Dağıdıcılıq fəaliyyətinizə təəccüblənməyə bilmirəm. Amma zaman gələcək bütün bu yanlış əməllərinizin cavabını alacaqsınız. Bu cavab mütləq olacaq. Mən isə elə bu gün vəzifəmdən istefa verirəm.

Bu danışıqdan sonra milis orqanlarında xidmətinin ən parlaq dövründə olan 52 yaşlı general Solovyov vəzifəsindən istefa verib.

1908-ci ildə Tverdə anadan olan İvan Solovyov orta təhsilini başa vurduqdan sonra həmin şəhərdə bolşeviklər partiyasının təşkil etdiyi təbliğat kurslarını keçib, sonrakı fəaliyyətini Tver vilayətinin Torjok şəhər komsomol komitəsində davam etdirib.

Solovyov 1930-cü ildə hərbi xidmətə çağrılıb, bir illik hərbi kurslardan sonra o, Leninqradda Müdafiə, Aviasiya və Kimya Mühəndisliyinin Təşviqi Cəmiyyətində döyüş hazırlığı şöbəsinə rəhbərlik edib.
1933-cü ildə Solovyov partiya təqdimatı ilə Baş Siyasi İdarədə (QPU) xidmətə qəbul edilib.

8c0316e02c1dfbaaa555ec36c83f464f.jpg (68 KB)

Sovet-alman müharibəsi illərində əvvəlcə sərhəd qoşunlarında, daha sonra isə 70-ci orduda xidmət edən İvan Solovyov ən ağır hərbi əməliyyatların iştirakçısı olub. Onun komandiri olduğu 132-ci diviziya isə Polşanın işğaldan azad olunmasında xüsusi rol oynayıb. Varşava Vermaxt qoşunlarından azad olunduqda Solovyov bu məlumatı Dövlət Müdafiə Komitəsinə özü məruzə edib və telefonda İosif Stalindən təşəkkür alıb. 1945-ci ilin aprelində o, Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülüb.

1946-cı ildə Solovyovun xidməti yeri ordudan daxili işlər orqanlarına dəyişdirilib. Müharibədən sonra SSRİ-nin böyük şəhərlərində, xüsusilə də Moskvada, Leninqradda, Odessada, Rostovda cinayət hadisələrinin sayı kəskin artıb, kriminal dəstələrin fəaliyyəti daha geniş miqyas alıb. Cinayətkarlığa qarşı mübarizəni gücləndirmək üçün qəhrəman hərbçi Solovyov əvvəlcə Leninqrad vilayət daxili işlər idarəsinin rəis müavini, 1949-cu ildə isə idarənin rəisi təyin edilib. General qısa müddətdə SSRİ-nin şimal paytaxında qayda-qanun yaratmağa nail olub.

1960-cı ildə vəzifəsindən istefa verdikdən sonra Solovyov Leninqradın ictimai həyatında fəal iştirak edib. Bununla yanaşı, o, həm də hər gün Xruşovun göstərişi ilə həbs olunacağını da düşünüb. Bu gözləntili günlər düz dörd il davam edib. 1964-cü ildə Xruşovun özünə məcburi olaraq istefa ərizəsi yazdırılıb. Solovyov Xruşovun devrilməsinə aşağıdakı kimi reaksiya verib: “Gec-tez Xruşovun aqibəti belə olmalıydı. Amma tez olsaydı, daha yaxşı olardı...”

Solovyev_I_V_np.jpg (233 KB)

İvan Solovyov 1971-ci ildə, 63 yaşında vəfat edib. O, Leninqradda, Serofimovo qəbirstanlığında hərbi şərəflə dəfn edilib.

İlham Cəmiloğlu, Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Noyabr 2024

12 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR