Onlayn ictimai-siyasi qəzet
İqtisadçı deyir ki, ölkənin turizm potensialını artıracaq istənilən layihə dəstəklənməlidir; etiraz edənlərin isə öz arqumenti var
Nazirlər Kabineti Xəzər dənizinin (gölünün) Azərbaycana aid bölməsində süni torpaq sahəsinin icarə haqqının hesablanması qaydası barədə qərar verib. Bəlli olub ki, süni torpaq sahəsinin yaradılması məqsədilə ayrılacaq torpaq sahələrinin icarə haqları sahilboyu yerləşən şəhər və rayonlar üzrə müəyyən ediləcək. Süni torpaq sahəsinin 100 kvadratmetri üçün illik icarə haqqının bazis qiyməti 10 manat təşkil edəcək. Süni torpaq sahəsi dedikdə Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində torpağın və ya qruntun daşınıb tökülməsi, yaxud səpilməsi yolu ilə və ya başqa üsullardan istifadə olunmaqla yaradılan torpaq sahəsi başa düşülür.
Qeyd edək ki, dənizdə süni torpaq sahələrinin yaradılmasından beynəlxalq təcrübədə geniş istifadə olunur. Bəzi dövlətlər bundan enerji, nəqliyyat, turizm, digərləri isə hərbi məqsədlər üçün istifadə edirlər. Yaponiya süni adalardan nəqliyyat məqsədilə istifadə edir. Süni adalar beynəlxalq konvensiya əsasında yaradılır. Yeni qanun layihəsi bu sahədə Azərbaycanda yeni imkanlara yol açacaq.
Bəzi ekspertlər isə Xəzər dənizində süni torpaq sahələrinin yaradılaraq icarəyə və istifadəyə verilməsinə dair qanuna qarşı çıxırlar. Onların iddiasına görə, bu, Xəzər dənizinin sahil xəttinin zəbt edilməsinə dair ciddi risklər yaradacaq. Süni torpaq sahəsinin dövlət mülkiyyəti olacağı və özgəninkiləşdirilməsinə yol verilməyəcəyi bildirilir. Lakin yaxın keçmişdən başlayaraq Xəzərin sahil xətti boyu müşahidə edilən vəziyyət bu prosesin sadə insanlar üçün Xəzərin əlçatanlığını daha da çətinləşdirəcəyini deməyə əsas verir.
Eldəniz Əmirov
İqtisadçı Eldəniz Əmirov Xəzər dənizində süni torpaq sahələrinin yaradılaraq icarəyə və istifadəyə verilməsinə dair yeni qanun layihəsinin tərəfdarı deyil. Ekspert hesab edir ki, bu, Xəzər dənizinin sahil xəttinin zəbt edilməsinə dair ciddi risklər yaradacaq: "Qanun layihəsində süni torpaq sahəsinin dövlət mülkiyyəti olacağı və özgəninkiləşdirilməsinə yol verilməyəcəyi bildirilir. Lakin yaxın keçmişdən başlayaraq Xəzərin sahil xətti boyu müşahidə edilən vəziyyət bu prosesin sadə insanlar üçün Xəzərin əlçatanlığını daha da çətinləşdirəcəyini deməyə əsas verir. Qanuna əsasən hüquqi və ya fiziki şəxsin torpaq sahəsində, həmçinin sahilboyu zolağın altında olan torpaq sahəsində inşa etdiyi bina və qurğuların mülkiyyət hüquqları qeydiyyata alınacaq. Xəzərin sahilinin mülkiyyət hüququ ayrı-ayrı şəxslərə malik olan bina və digər qurğularla dolması Xəzərin sahil xəttini faktiki olaraq adi insanlar üçün əlçatmaz edə bilər". Ekspert daha bir məsələni xatırladaraq vurğulayıb ki, bu gün qanunla atılmış addımlar və verilmiş mülkiyyət hüquqları gələcəkdə dövlətin maraqları önə çıxdığı zaman mülkiyyət toxunulmazlığına dair problemləri ortaya çıxaracaq.
Qeyd edək ki, Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsinə etiraz edənlər arasında Milli Məclisin deputatı Qüdrət Həsənquliyev də var idi. O, parlamentin iclasında bu qanun layihəsinin müzakirəsi zamanı bəzi məqamlarla razılaşmadığını bildirib. Xüsusilə qeyd edib ki, şəxsi vəsaiti hesabına süni torpaq sahəsi yaradan şəxsin həmin sahəni dövlətə təhvil verməsi məntiqsizdir. O, beynəlxalq təcrübəyə istinad edərək bəzi ölkələrdə hətta təbii adaların belə satışa çıxarıldığını vurğulayıb.
Bundan əlavə, ətraf mühitin mühafizəsi ilə məşğul olan bəzi qeyri-hökumət təşkilatları və ekoloqlar da bu layihəyə narahatlıqla yanaşırlar. Onlar hesab edirlər ki, süni torpaq sahələrinin yaradılması Xəzər dənizinin ekosisteminə mənfi təsir göstərə, su canlılarının yaşayış mühitini poza və sahil xəttinin təbii dinamikasını dəyişdirə bilər.
Hüquq müdafiəçiləri və insan hüquqları üzrə bəzi ekspertlər də bu layihənin icrası zamanı şəffaflıq və ictimai iştirakın təmin edilməməsi halında, sahilboyu ərazilərin zəbt olunması və sadə insanların dənizə çıxış imkanlarının məhdudlaşdırılması kimi problemlərin yarana biləcəyini qeyd edirlər.
Xalid Kərimli
İqtisadçı Xalid Kərimli isə etiraz edənlərə qarşı çıxıb. O, “Yeni Müsavat”a mövzunu şərh edərkən deyib ki, turizmin inkişafı, daşınmaz əmlak bazarının inkişaf etdirilməsi üçün hökumət nə lazımdırsa, bundan sonra da etməlidir: “Çox təəssüf ki, edilmir. Dənizdə heç nə tikilməyib, yenə qadağalar var. Dəniz kənarına daxil olmaqla bağlı məhdudiyyətlər indi də var. Onda obyektləri də oradan çıxaraq ki, orada olmasın. Dünyanın hər yerində pullu çimərliklər var. Hər kəs də istəyinə uyğun olaraq ya pulluya, ya da pulsuz çimərliyə gedir. Ümumiyyətlə, ölkəmizdə dənizin ortasında quru torpaq tikə bilən neçə sahibkar var ki? O ekspertlər, sadəcə, danışmaq üçün danışırlar. Ölkədə turizmin inkişaf etdirilməsinə, daşınmaz əmlak bazarının, tikinti sektorunun inkişaf etdirilməsinə ciddi ehtiyac var. Təəssüf ki, hökumət uzun illərdir ki, quru sərhədlə ölkəyə girişi asanlaşdırmayıb, çox sayda viza sistemi qalıb, ölkəyə girişin xərcini aşağı salmayıb və turizmin inkişafına dəstək vermir. Amma turizm Azərbaycan üçün vacib sektorlardandır. Gürcüstanın imkanı bizdən dəfələrlə az olmaqla bizdən dəfələrlə çox ölkəsinə turist cəlb edə bilir. Gürcüstan ssenarisi bizim üçün də keçərli ola bilər. Ona görə mən bu məsələyə turizmin inkişafı aspektindən yanaşıram. Sahibkar dənizin ortasında nə isə tikmək istəyirsə, burada iş yeri açılacaqsa, turizmin inkişafına xeyir verəcəksə, çox müsbətdir, lazımdır. Bilmirəm buna qarşı çıxan ekspertlər nəyə əsaslanırlar, amma ölkədə iş yerlərinə ehtiyac var, Xəzərdə bu cür iş görə biləcək biznesmenlərin sayı azdır. Burada söhbət tək puldan getmir, həm də vizyondan gedir, bunu işlədə bilmək lazımdır. Hətta hökumət bir az cəsarətlənib Gürcüstandakı turist üçün azadlıqları Azərbaycanda da tətbiq etməlidir. Burada kazinoların bərpası, əyləncənin bütün növlərinin idarə olunmuş şəkildə bərpasına ehtiyac var. Turist Azərbaycana Qız Qalasına baxmaq üçün gəlməyəcək, istirahət, məhz bu azadlıqlar üçün gələ bilər. Məhdudiyyətlər olanda turistin marağı olmur. Ümumiyyətlə, investorların ölkəyə cəlbi dövlətin əsas prioriteti olmalıdır, birincisi kapital ölkədən uzaqlaşmasın, ikincisi də xaricdən kapital axını olsun. Bu cür layihələr xaricdən vəsaitin cəlb olunmasına səbəb olacaq. Bu baxımdan layihəyə mən olduqca müsbət yanaşıram. Ölkənin turizm potensialını artıracaq istənilən layihəni dəstəkləyirəm. Neft qazı satıb maaş verməklə dayanıqlı iqtisadiyyat qura bilməyəcəyik. İqtisadiyyat özü özünü tənzimləməlidir”.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
19 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ