İnsanlara hürriyət, millətlərə istiqlal!

Xanobadan Rusiyaya modern gömrük-sərhəd qapısı açılır 

Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə sərhədində “Xanoba” dövlət gömrük-sərhəd buraxılış məntəqəsində yenidən inşa edilən infrastrukturun ictimaiyyətə təqdimatı olub.

Musavat.com-un xəbərinə görə, Dövlət Gömrük Komitəsinin şöbə rəisi Cəfər Quluzadə “Xanoba” gömrük-sərhəd buraxılış məntəqəsində tətbiq edilən müasir gömrük proseduru və əməliyyatları barədə təqdimatla çıxış edib.

O bildirib ki, “Xanoba” dövlət gömrük-sərhəd buraxılış məntəqəsi gömrükkeçmə proseslərinin sürətləndirilməsi, yükdaşımaların artırılması, nəqliyyat və sərnişin axınının səmərəli şəkildə tənzimlənməsində əhəmiyyətli rol oynayacaq.

“Xanoba” dövlət sərhədindən buraxılış məntəqəsinin Şimal-Cənub nəqliyyat dəhlizinin qurulması işində açar rolunu oynadığını vurğulayan Cəfər Quluzadə dəhliz boyu avtomobil nəqliyyatı infrastrukturunun formalaşdığını, perspektivdə dəmiryol nəqliyyatı infrastrukturunun inkişafının da nəzərdə tutulduğunu qeyd edib.

O bildirib ki, beynəlxalq standartlara uyğun şəkildə inşa edilən, Şimal-Cənub dəhlizi üzərində yerləşən “Xanoba” dövlət gömrük-sərhəd buraxılış məntəqəsi hər iki ölkənin idxal-ixrac imkanlarını daha da genişləndirəcək. Cəfər Quluzadə əlavə edib ki, Azərbaycan və region üçün strateji önəmə malik “Xanoba” dövlət sərhədindən buraxılış məntəqəsinin əhəmiyyəti daha da artacaq.

Qeyd edək ki, “Xanoba” dövlət sərhədindən buraxılış məntəqəsində gün ərzində hər istiqamət üzrə 550-dən artıq yük və 1000-dən artıq minik nəqliyyat vasitəsinin, 30-dan artıq avtobus və 5 min nəfərədək fiziki şəxsin gömrük sərhədindən keçidi nəzərdə tutulub.

Dövlət sərhədindən buraxılış məntəqəsində nəqliyyat vasitələrinin hərəkəti üçün 13 keçid xətti müəyyən olunub. Bu da yük, avtobus və minik nəqliyyat vasitələri üzrə sərhəd və gömrük nəzarətinin sürətli qaydada aparılmasına əlverişli şərait yaradır. Nəqliyyat vasitələrinin sərhəd və gömrük qeydiyyatı, eləcə də ilkin baxış buraxılış məntəqəsində aparılmaqla digər zəruri rəsmiləşdirmə əməliyyatları terminalda həyata keçiriləcək.

E.Məmmədəliyev,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR