Onlayn ictimai-siyasi qəzet
Dekabrın 21-də Azərbaycan Qarabağ üzərində tam suverenliyini de-fakto bir daha təsdiqlədi. Bu dəfə Xankəndi stadionunda azərbaycanlı azarkeşlərin iştirakı ilə futbol üzrə ölkə kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında keçirilən tarixi oyunla.
İlk dəfə idi ki, işğaldan azad edilmiş ərazilərdə futbol matçı keçirilirdi. Həm də oyuna qəhrəman şəhidlərimizin uşaqları və ailə üzvləri də azarkeşlik ediridilər.
Matçdan öncə çıxış edən Prezident İlham Əliyev oyunun burda - on illərlə separatçı-kriminal ünsürlərin yuvası olmuş bir şəhərdə keçirilməsinin çox böyük mənası olduğunu, Xankəndinin qədim Azərbaycan diyarı olduğunu, şəhərin təməlinin Qarabağ xanı tərəfindən qoyulduğunu söyləməklə bu torpaqların gerçək sahibinin kim olduğu haqda bir daha Ermənistana və hələ də onun revanşa sürükləməyə çalışan havadarlarına aydın ismarış göndərdi:
“30 il ərzində Xankəndidə separatçılar yuva salmışdılar. Xankəndi şəhəri separatizmin rəmzinə çevrilmişdi. Torpaqlarımızı 30 il ərzində işğal altında saxlayan Ermənistan hesab edirdi ki, bunu əbədi edə biləcək. Şanlı Azərbaycan Ordusu onlara və bütün dünyaya sübut etdi ki, Qarabağ bizim tarixi, əzəli torpağımızdır. Bu torpaqların sahibləri Azərbaycan xalqıdır... Qarabağın azad olunması böyük tarixi hadisədir və bu tarix bizim qəlbimizdə əbədi yaşayacaq. Azərbaycan xalqı, dünya azərbaycanlıları bu Zəfər ilə bundan sonra əbədi fəxr edəcəklər”.
Müzəffər Ali Baş komandanın bu fikri də şübhəsiz, bəzi qaynar başlar üçün “soyuq duş” effekti verəcək:
“Dörd il bundan əvvəl isə Xankəndi stadionunda bəziləri “Qarabağ Ermənistandır və nöqtə” demişdilər. Xalqımız bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır!”.
Çıxışdan sonra İlham Əliyev topa ilk zərbə vurmaqla oyuna simvolik start verdi. “Qarabağ” – MOİK matçında cəmi bir qol vuruldu. Bu, əslində yalnızca “Qarabağ”ın yox, ümumən Azərbaycanın, özəlliklə isə Ali Baş Komandanın hələ də halal Qələbəmizi “həzm edə” bilməyən ikiüzlü Qərbin qapısına vurduğu qələbə qolu idi. Yanlış yoldan dönməsələr, davamı gələcək...
Millət vəkili Aydın Hüseynov “Yeni Müsavat” açıqlamasında bildirdi ki, Cənab Prezidentin Xankəndidəki çıxışı dünyada geniş rezonans doğurmaqdadır:
“Dekabrın 21-də bütün azərbaycanlılar əsl idman, futbol bayramına şahidlik etdilər. 30 illik işğaldan sonra tarixi yurd yerimiz olan Xankəndidə Azərbaycan komandalarının ilk qarşılaşması oldu. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirak etməsi, tarixi çıxışı və oyuna start verməsi böyük hadisə kimi tarixə düşdü. Dövlət başçısının dərin məzmunlu çıxışı xüsusilə dünya mediasında da geniş rezonans doğurdu. Ali Baş Komandan Xankəndi stadionundan bir daha dünyada erməniləri dəstəkləyən və ədalət, reallıq hissini itirmiş qüvvələrə mesaj verdi, bəyan etdi ki, “Qarabağ Ermənistandır və nöqtə”. Bu, Qərbin riyakar siyasi dairələrinə ən layiqli cavab oldu. Bununla bir daha həm Ermənistana, həm də bütün dünyaya sübuta yetirildi ki, Qarabağ Azərbaycandır”.
Millət vəkili bildirib ki, Müzəffər Ali Baş Komandanın Ermənistanı silahlandıran, onlara ümid verən havadarlarına da açıq mesaj verərək onların məntiqsiz oyunlarını ifşa etdi. Dövlət başçısı bildirdi ki, dörd il bundan əvvəl isə Xankəndi stadionunda bəziləri “Qarabağ Ermənistandır və nöqtə” demişdilər. Xalqımız bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır!”. Bu, bir daha həmin qüvvələrə tərs sillə təsiri bağışladı. Cənab İlham Əliyevin topa ilk zərbə vurmaqla oyuna simvolik start verməsi isə əslində yalnız “Qarabağ”ın yox, ümumən Azərbaycanın, özəlliklə isə Ali Baş Komandanın hələ də halal Qələbəmizi “həzm edə” bilməyən ikiüzlü Qərbin qapısına vurduğu qələbə qolu idi”.
A.Hüseynov bildirib ki, Xankəndidə yeni reallıqlar yaranır, bölgənin əbədi təhlükəsizliyi təmin edilir. Bu ərazilərimizdə sülh və dinc həyat, əmin-amanlıq başlayıb. Bölgədə yaşayan ermənilər də Azərbaycan vətəndaşları kimi eyni hüquqlarla təmin olunurlar, bütün sosial və humanitar dəstək həyata keçirilir ki, bu da Azərbaycanın sülhpərvər siyasətini dünyaya nümayiş etdirir.
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ