Onlayn ictimai-siyasi qəzet
"Səs telləri hamıda var, amma ilahi vergi hamıya qismət olmur"
"Hamının səsi ola bilər, amma hər oxuyan güclü, gözəl səsli sayıla bilməz. Bu Allah vergisidir. Vergi də hamıya qismət olmur. Hamının səs telləri var. Niyə görə biri oxuyur, biri oxumur?"
Musavat.com moderator.az-a istinadən bildirir ki, bunu xalq artisti, "Şöhrət", "Şərəf", "İstiqlal" ordenli sənətkar Fidan Qasımova deyib. O daha sonra əlavə edib.
"Şükürlər olsun ki, biz bacıları çox insanlar sevir. Hər dəfə istər zəng edib, istərsə də yolda görüb xoş sözlər deyirlər. Bu xoş sözlər məni sevindirir, ruhlandırır. Nə yaxşı ki, mən öz həyatımı musiqi aləmində keçirmişəm. Gözəl ailəyə sahibəm, gözəl bacım, oğlum, gəlinim var. İnsan üçün dünyada bundan böyük xoşbəxtlik ola bilməz. Uşaqlıq illərindən skripkada ifa etmişəm. Atamın da çox gözəl səsi var idi. Mənə də, Xuramana da oxumaq istedadı atamızdan keçib. Çox şadam ki, müğənni olub, Azərbaycan musiqisini çox uzaqlarda tanıtdıq. Baxmayaraq ki, biz klassik bəstəkarlardan ifa edirdik, amma istəyirdik ki, öz bəstəkarlarımızın əsərlərini də konsertlərimizdə ifa edib, ölkəmizi tanıtdıraq. Onlar da bizim musiqimizin zənginliyindən xəbərdar olsunlar. Mənə elə gəlir ki, biz buna nail olmuşuq. Ömür boyu operalarda oxumuşuq, konsertlər vermişik. İtaliyada konsert proqramı ilə çıxış edib, beynəlxalq müsabiqədə birinci yer qazanıb, ölkəmizə ilk beynəlxalq laureatı gətirmişəm. Mürəkkəb operalar oxumuşuq. Çox maraqlı, olduqca da çətin həyatımız var. Səhnə həyatı əbədi deyil, çox uzun olmur. Demək olar ki, 60 yaşına kimi səhnədə olmuşam" deyə sənətkar bildirib.
Xalq artisti gənclərdən də danışıb.
"Bakı Musiqi Akademiyasında çalışıram, dərs deyirəm. Yeni səslər kəşf edirəm. Gənc nəsil yetişdirirəm. Mən də, bacım Xuraman da. İndiki əksər gənclərin musiqi savadı yoxdur. Bir tək istəkləri var ki, müğənni olmaq istəyirlər. İstəyirsənsə gərək mütləq yaxşı ifaçı olmalısan. Hər zaman gənclərə deyirik ki, əgər siz səhnə sənətini seçirsinizsə, bu böyük bir məsuliyyətdir. Heç kəsin ixtiyarı yoxdur ki, zəngin Azərbaycan musiqisinə xələl gətirsin" deyə sənətkar bildirib.
Fidan Qasımova ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrini də dilə gətirib.
"Allaha çox minnətdarıq ki, ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində öz yaradıcılığımıza başlamışıq. O bizim ata əvəzimiz, böyük qardaşımız, ən əsası isə yol göstərənimiz idi. Heydər Əliyevlə bağlı xatirələrim o qədər çoxdur ki, 10 kitaba sığmaz. Bir çox ordenlərimi o mənə təqdim edib. Son "İstiqlal" ordenimi mənə Ali Baş Komandanımız İlham Əliyev təqdim etdi. Deyərdim ki, o bizim qəhrəman, qalib prezidentimizdir. Bundan gözəl nə ola bilər? Sənətkara vaxtında qiymət vermək çox böyük bir xoşbəxtlikdir" deyə xalq artisti bildirib.
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ