İnsanlara hürriyət, millətlərə istiqlal!

“Xala Loranda qalır” – kompromiss variant

"Ayıq sürücü" adlı qısametrajlı filmin başına gələnlər ilk belə hadisə deyil. Bundan qabaq biri də olub.

Öncə qısaca “Ayıq sürücü”nün başına nə gəldiyi aydıraq, sonra o birinə qayıdarıq.

Deməli, həmin filmdə "Xala Buzovnada qalır" kimi bir replika keçib və Azərbaycan Respublikasının Xəzər rayonunun inzibati ərazi vahidinə daxil olan Buzovna qəsəbəsinin ictimai-siyasi fəalları ayağa qalxaraq bu replikaya etiraz ediblər. Filmin yaradıcıları 31 min 200 nəfər sakinin yaşadığı şəhər tipli qəsəbənin əhalisinin narazılığını nəzərə alaraq filmi Youtube kanalından siliblər, tezliklə onu xoşagəlməz replikalardan artlayıb yenidən paylaşacaqlar.

Bax, o zaman biz hamılıqca o ekran əsərini izləyəcəyik. Düzdür, filmin indiki 200 minlik baxış sayı sıfırlanacaq, amma əmin ola bilərik ki, film Youtube platformasına yerləşdiriləndən sonra baxış sayı rekordları qıracaq. Amma hələ bilinmir ki, xala haralı olacaq. Əgər filmin ssenaristi Əli Ucal və rejissoru Elvin Rüstəmzadə buzovnalıların qəbul etmədiyi xalanın haralı olması üzərində baş sındırırlarsa, öz adımdan “Loran qəsəbəsi”ni təklif edirəm.

Elə bu vəsilə ilə də yazının birinci abzasındakı mətləbə yaxınlaşıram. Bəli, 1969-cu ildə çəkilmiş “Bir cənub şəhərində” filmi ilə bağlı da belə bir hadisə olub.

Həmin film məşhur yazıçımız Rüstəm İbrahimbəyovun “9-cu Dağlıq küçəsində” (rusca - «На 9-й Хребтовой») povesti əsasında çəkilib. Povestin ilkin variantında, eləcə də müəllifin 1985-ci ildə nəşr olunmuş «Проснувшись с улыбкой» adlı kitabında yer almış redaksiyasında Bakıya yaxın rayonlarından birinin məşhur qəsəbəsinin adı çəkilir. Povestin sonrakı variantlarında həmin qəsəbənin adı “Şalqam”la, filmdə isə “Loran”la əvəz olunub.

36690059.jpg (10 KB)

Bu da səbəbsiz olmayıb. Çünki həmin rayondan və qəsəbədən olan adamlar povestdə yaşadıqları yerin adının o cür çəkilməsinə etiraz ediblər, müəllif məcbur olub, adı sonradan dəyişdirib. Gördüyünüz kimi, bu yazının müəllifi də həmin qəsəbənin adını çəkmir. Çünki gerçəkdən də xoşagələn söhbət deyil.

“Bir cənub şəhərində” filminə çoxunuz baxıb, bilirsiniz. Türmədən çıxıb gələn və arvadının dükançı Səfəralı tərəfindən cinsi yaxınlığa sövq edildiyini bilən Ağabalanın qisas alacağı ehtimal olunur. Sürücü Həsən deyir ki, Ağabala loranlıdır, loranlılardan isə kişi çıxmayıb, ona görə də heç nə etməyəcək. Həsən onu da əlavə edir ki, dünən maşını sürüb gedib Lorana, girib çayxanaya, deyib, bu qəsəbədə kişi yoxdur, amma heç kəs ona cavab verməyib.

Ancaq Ağabala gəlir, Səfəralını öldürür. Bundan sonra məhəllə dostları Həsənə deyirlər ki, indi sözün nədir, loranlı Ağabala kişi kimi namusunu təmizlədi. Sürücü Həsən isə onlara belə cavab verir: “Yaxşı, indən belə hər yerdə deyəcəm ki, Lorandan bir kişi çıxıb, o da türmədədir”.

İndi təsəvvür edin ki, povestdə “Şalqam”, filmdə isə “Loran” adıyla təqdim edilən qəsəbənin yerində hansısa bir real şəhərin, qəsəbənin, kəndin adı çəkilir. Məsələn, sizin doğulduğunuz şəhər və rayonun adı “Loran”ın yerində çəkilsə, söhbətə dözümlü yanaşardınızmı? Əlbəttə, yox. Çünki ortada təhqiramiz epitet var: “O rayondan kişi çıxmayıb”, “oralılar kişi deyil” və s.

Bu, elə bir həssas mövzudur ki, bir-iki nəfərin fəallıq göstərməsiylə dərhal kollektiv qeyrət damarı yoğunlayır, həmin qəsəbədə, rayonda yaşayan minlərlə insan eyni zamanda özünü heysiyyətinə toxunulmuş sayır.

Düzdür, “Xala filan yerdə qalır” replikası “Şalqam-Loran” hadisəsi kimi çox da təhqiramiz səciyyə daşımır, amma indiki zamanda o incəlik heç kimə lazım deyil. Ad belə birtəhər çəkilir, vəssalam.

Ölkəmizdə nə qədər rayon varsa, hamısında iki qonşu kəndin camaatı bir-biri haqqında “o kənddə kişi yoxdur” deyir. Adamlar öz kəndinin çayxanasında oturur və bərkdən deyirlər ki, qonşu kənddə kişi yoxdur. Belə anlaşılır ki, kişilərin hamısı bu kəndə yığışıb. O biri kəndin çayxanasında da elə deyənlər mütləq tapılır. Bu müstəvidə vaxtaşırı ağzı, köynəyi və şalvarı cırılanlar da olur.

Yaxud qonşu kəndin “quş”larının monitorinqini aparan və baş sayını açıqlayanlar var. Öz kəndlərində yoxdur, amma qonşu kənd Taylanddır.

Bu xüsusda bir məşhur olmuş əhvalat da var. Paytaxtda qədim peşə ilə məşğul olan qadın rayona gedir, avtovağzalda öz kəndindən olan yaşlı taksistin maşınına oturur. Kişi onun nəçi olduğunu bilir, qadın da bilir ki, kişi onun ”çörək ağacı”ndan xəbərdardır. Ona görə də səmimi söhbət edirlər və kişi soruşur ki, bala, sən klentləririnə haralı olduğunu deyirsən. Qadın deyir, dayı, durub öz rayonumuzun adını deməyəcəm ki... birinə A.-dan olduğumu deyirəm, o birinə B.-dən, başqa birinə C.-dən. Kişi kövrəlir və deyir: “Qeyrətinə qurban olum, a bala”.

Yəni rayon, qəsəbə qeyrəti çəkmək əldə deyil. Ancaq nəzərə almaq lazımdır ki, hər yerin yaxşısı, pisi, ibnəsi, “quş”u, əclafı, yaramazı var.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR