Onlayn ictimai-siyasi qəzet
Yaşı 40-a qədər adamların yanında Mirbəşir, Qasım İsmayılov, Jdanov, Xanlar, Səfərəliyev kimi adlar çəksək, çoxu bu şəxsləri tanımaz, hətta vaxtilə bu adda rayonlarımızın olduğunu da bilməzlər.
Ancaq 35 il öncəyə qədər Tərtər rayonu Mirbəşir, Goranboy rayonu Qasım İsmayılov, Beyləqan rayonu Jdanov, Göygol rayonu Xanlar, Samux rayonu isə Səfərəliyev adlanırdı. Yeri gəlmişkən, Xanlar və Səfərəliyev eyni adam idi.
Sovet dönəmində iki qonşu rayonun birinə Xanlar, o birinə Səfərəliyev adı qoymuşdular. Çünki 1907-ci ildə dağıstanlı muzdlu killer tərəfindən güllələnmş inqilabçı Xanlar Səfərəliyevin Stalinlə tanışlığı, dostluğu olub.
Mirbəşir Fəttah oğlu Qasımov (1879-1949) Azərbaycan-sovet dövlət xadimi, repressiya illərində Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri olub. Öləndə adına rayon verilib.
Qasım İsmayıl oğlu İsmayılov (1885-1922) bolşevik olub, Azərbaycanda sovet hakimiyyətinin qurulmasında fəallıq göstərib, Gəncə Qəza İcraiyyə Komitəsinin sədri olub və Gəncə civarında öldürülüb.
Andrey Jdanov (1896-1948) da bolşevik, Stalinin yaxın silahdaşı, kompartiyanın katiblərindən biri olub. Öləndə Kreml məsləhət görüb ki, müttəfiq respublikalarda onun adına rayonlar olsun.
Bunlardan başqa da, bolşevik rəhbərlərin adına rayonlar, qəsəbələr, mədəniyyət evləri, küçələr, metro stansiyaları, hətta doğum evləri vardı. Məsələn, Stepan Şaumyanın başçılıq etdiyi qondarma hökumətdə komissar vəzifəsi tutan Məşədi Əzizbəyovun adına həm rayon, həm metro stansiyası, həm də doğum evi vardı. Eləcə də çoxlu küçələr.
Bir zamanlar Azərbaycana rəhbərlik etmiş, 1934-cü ildə Leninqradda iş yerində öldürülmüş Sergey Kirovun adı ittifaqın bütün respublikalarında iri şəhərlərə verilmişdi, bizdə də ölkəmizn ikinci böyük şəhəri Gəncənin qismətinə Kirovabad adlanmaq düşmüşdü. Azərbaycanda onun adına şəhər rayonu, qəsəbə də vardı. İndiki Bakı Dövlət Universiteti Kirovun adını daşıyırdı. Böyük abidəsi şəhərin ən yüksək yerindəydi.
1919-cu ildə Bakı qoçuları ilə dikbaş-dikbaş danışdığına görə öldürülmüş Əli Bayramovun adına ölkənin böyük şəhərlərindən biri verilmişdi. (İndi o şəhər Şirvan adlanır). Bunu sırf Azərbaycan Xalq Cümhuriyyətinin acığına etmişdilər. Çünki bolşeviklər belə bir iddia irəli sürmüşdülər ki, Əli Bayramovu milli hökumət öldürtdürüb. Onun Fəxri Xiyabandakı məzarının üstündə beləcə də yazılıb ki, Müsavat cəlladları tərəfindən qətlə yetirilib. Halbuki onu Şuriyyə və Əjdər adlı qardaşlar öldürüb. Fəqət Əliheydər Qarayev və Mirzə Davud Hüseynov bu qətldən xəbəri olmayan 15 nəfər güllələtdiriblər. Hətta müttəhimlərdən biri olan Qoçu Nəcəfqulu “mən Əli Bayramovu tanımıram, amma Bakının yarısını ermənilərin qırğınından qorumuşam” desə də, bolşeviklər onu da güllələtdirib.
Köhnə bolşeviklərin adlarına olan rayon, qəsəbə, küçə adları çoxdan dəyişdirilib. Amma bəziləri çox gec dəyişdirildi, hətta hələ də dəyişdirilməyənlər var.
Məsələn, Nəriman Nərimanovun adı rayonda da qalır, metro stansiyasında da. Abidəsi də yerindədir. Əliheydər Qarayevin, Qəzənfər Musabəyovun, Ayna Sultanovanın, Ruhulla Axundovun, Mirzə Davud Hüseynovun, Bünyad Sərdarovun, Dadaş Bünyadzadənin adına küçələr hələ də qalır.
Şəhərin mərkəzində bir çox köhnə binalarda belə barelyeflərə rast gəlmək mümkündür: “Filan. illərdə burada görkəmli inqilabçı Filankəs yaşamışdır”. Böyük iş olub.
Bunlar bizim pis keçmişimizdir. Onların xatirəsini yaşatmaq, əziz tutmaq lazım deyil. Ancaq onların bu xalqa etdiyi pislikləri qətiyyən unutmaq olmaz. Bu inqilabçılar 115 il öncə ölkənin oxumuş və fəal adamları olaraq önə çıxıblar və xalqı rus-bolşevik rejininin köləsi ediblər, qırmızı ordunun hərbçilərinin millət oğullarını güllələməsinə yardımçı olublar.
Düzdür, daha sonra onların çoxu öz qurduqları rejimin qurbanına çevrilib, gənc yaşlarında güllələniblər, amma bu acı aqibət onların günahını azaltmır. Əksinə, ortaya “haqq olub” ifadəsini çıxarır. Çingiz İldırım və Əliheydər Qarayev milli dövlət qurmuş kişiləri parlamentdə Xəzərdəki hərbi gəmilərin topları ilə hədələyəndə anlamalı idilər ki, rus bolşeviklər onlardan maşa kimi istifadə edirlər.
Bu adamların adları hər yerdən götürülməlidir. Onlar əli Azərbaycan xalqının qanına batmış “26-lar”dan artıq deyillər.
Düzdür, Nərimanovla bağlı yenə mübahisə yaranacaq, amma əslində o, başqalarından daha artıq bolşevik olub. Ümumiyyətlə, belə məsələlərdə yerlibazlıq etmək olmaz. Hər kəs öz rayonunun bolşevikini, xainini müdafiə etsə, söhbət yavaş-yavaş eloğlu korrupsioner məmurların və kriminal avtoritetlərin müdafiəsinə qədər gedib çıxacaq.
Bu günlərdə N.Nərimanovun haqqında bir qeyd və onun imzası olan tarixi sənəd paylaşılmışdı. 1920-ci ilin 16 noyabrında “Kommunist” qəzetində dərc olunmuş həmin sənəd Nərimanovun Bakını işğal etmiş Mixail Yefremovu “Qırmızı Bayraq” ordeni ilə təltif etməsinə dairdir. Sənəddəki ifadələr heyrət doğurur.
Rüs müstəmləkəçiliyin son izləri bu ölkənin, xalqın tarixindən qazılıb, qaşınıb atılmalıdır. Özünü, həyatını bu xalqa fəda edən kişilər, qadınlar çox olub, onların adını yaşatmaq lazımdır.
13 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ