Onlayn ictimai-siyasi qəzet
Sovetin vaxtında fabrik-zavod yeməkxanalarında, ümumən ictimai yerlərdə həftənin dördüncü gününü “Balıq günü” elan etmişdilər, menyüdə mütləq balıq olmalıydı. Mən də qərara gəlmişəm hər beşinci günü - cümə gününü öz köşəmdə “elm günü” elan edim, bu yöndə yazılarla hörmətli oxucuları sevindirim, necə deyərlər, görüşünüzə gəlim. Niyə məhz beşinci gün? Çünki müsəlmançılığa görə cümə qutsal gündür, peyğəmbər isə tapşırıbdır: elm Çində də olsa, ardıyca getməliyik.
İlk xəbərimiz Çindən də uzaqdan gəlib. Amerikalıların kosmosa uçurtduğu “Voyacer-1" adlı qurğu var. 1977-ci ilin sentyabrından uçur və Yerə informasiya göndərir. Lap dəqiq yazsaq, 46 il, 7 ay, 20 gündür uçmaqdadır. Təsəvvür elə, NASA bunu uçurdanda mənim 4 yaşım var idi, hələ boyum masaya da çatmırdı və qaynar şirinçayı aşırıb qulağıma tökmüşdüm. İndi isə, maşallah, sizə yazı yazıram. Kiminin əvvəli, kiminin axırı...
"Voyacer"in enerjisini plutonium elementli nüvə mənbəyi verir, ona görə yanacaq doldurmağa ehtiyacı yoxdur. Hazırda qurğu Yerdən ən uzaqda olan antropoloji - yəni insan əliylə hazırlanmış əşya sayılır. 24 milyard kilometr uçub. Mən yazanda bu qədər idi, siz oxuyanda lap uzaq gedib.
"Voyacer"i biz azərbaycanlılar üçün əziz edən özəl tərəfi var. Orada qızıl disk yerləşdiriiblər, içində Yer planeti haqda, insanlar haqda cürbəcür biliklər, şəkillər, musiqilər yazılıb və musiqilərdən biri bizimkidir. Yanılmıramsa, Kamil müəllim qoboyda hansısa rəqs ritmini səsləndiribdir. İndi olsa Üzeyirin “Sənə nə, mənə nə” mahnısını, ya da Manafın toylar kralı olmağının videosunu qoyardıq, uzaylılar tapanda bir daha Yerin adını tutmazdı. Heyf. Yoxsa indi disk əllərinə keçsə, gəlib planetimizi işğal edəcəklər. Sonra gəl Fatmayıda hasarı aşıb dənizə gir... Hətta mən təklif edirəm “Ay qız, keçmə bizim məhlədən” mahnısı göndərək. Açıq mesajdır. Yadplanetlilərin qanacağı olsa bunu dinləyəndə biz tərəfə gəlməzlər. Biz azadlıqsevər xalqıq. Allah qoysa yayda parlament seçkiləri də olmalıdır.
Uzun sözün qısası, keçən ilin axırlarında qəribə hal yaşanmışdı: "Voyacer"dən Yerə anlaşılmaz mesajlar gəlirdi. Hətərən-pətərən söhbətlər. Qurğuda nəsə xarab olmuşdu. NASA araşdırdı, sən demə, qurğunun kompüterlərindən birində yaddaş hissəsində cüzi xarablıq yaranıbmış. 46 il bundan qabaq qurğunu göyə fırladan alimləri, uzun illər projedə işləyənləri də idarəyə çağırdılar. Bir neçə ay qızğın iş getdi, radiodalğalar göndərib qurğuda yaddaş hissəsini boş diskə keçirtdilər (prosesin dəqiq elmi adı-zadı var, ancaq bizə bu da bəs edir). Nəhayət, 20 apreldə sevindirici xəbər alıblar: "Voyacer" səhvini düzəldib, artıq Yerə düzgün mətnlər göndərir. İnşallah, bizim orta məktəblərdə şagirdlərin mətn oxuma, qavrama qabiliyyəti də yüksəlsin, ilahi, amin!
Sonda bir vacib elmi xəbər də yazım, imkanı olan NASA-ya çatdırsın, bunu təcili "Voyacer"ə göndərməliyik: “AMEA-nın Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdir müavini fəlsəfə üzrə fəlsəfə doktoru Vüsal Zülfüqarov YAP Yasamal rayon AMEA Rəyasət Heyəti üzrə ilk ərazi partiya təşkilatının sədri seçilib”.
Təbrik edirik, davamlı olsun.
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ