İnsanlara hürriyət, millətlərə istiqlal!

Vətəndaşlarla yanaşı əcnəbilər də turistik xidmətlərdən narazıdır

Ölkəmizin turizm imicini zədələyənlərlə nə etməli?; “Pandemiyada peşəkar kadrlar başqa sektora keçdilər, ona görə kadr çatışmazlığı ilə üz-üzəyik”

Azərbaycanda turizm sahəsində - xüsusilə hotelçilikdə ciddi narazılıqların olması sirr deyil. Azərbaycan vətəndaşları yarıtmaz xidməti, bahaçılığı illərdir tənqid edir, gileylənir, media da yazır, amma bu sahədə vəziyyət düzəlmir. Ölkəmizin qarşısına qoyduğu məqsədlərdən biri də məhz turizmin inkişafı, Azərbaycanı turizm ölkəsinə çevrilməkdir. Qarşıda Qarabağda böyük turizm zonalarının salınması planı da var. Ancaq ölkəmizin turizmlə bağlı imici dünyada heç də yaxşı deyil. Turist kimi ölkəyə gələnləri restoranlar, hotellər aldatmağa çalışır, keyfiyyətsiz xidmət göstərir.

Belə vəziyyətlə bəzən tanınmış əcnəbilər də üzləşir və onlar məsələni ictimailəşdirirlər. Bu isə o deməkdir ki, ölkəmizin turistik imicinə ciddi zərbə dəyir.

Bu günlərdə rusiyalı məşhur biznesmen Artyom Bikov Bakıda səfərdə olub. O, Rusiya mətbuatına müsahibəsində Bakını tərifləsə də, qaldığı “Baku Marriott Hotel Boulevard”ın onun səfərini korladığını bildirib: “Hotel biabırçı idi. Personalın işini bəyənmədim. Onlar mənə iki hesab yazmağa cəhd etdilər. Bir hesabı ödədim. Birincini ləğv etməmiş gəlib ikinci hesabı yazdılar. Mənim isə hesabları yoxlamaq adətim var. Bu, eyni yeməyi iki dəfə satmaq cəhdi idi. Ciddi müəssisə, beynəlxalq şəbəkədir. Mən tamamilə məyus və narazı idim”, - Bikov deyib. O əlavə edib ki, hotelə qarşı şikayət hazırlayır.

Azərbaycanda turizm sahəsində vəziyyəti təcili şəkildə nizamlamaq artıq bir şərtə çevrilir. Bir tərəfdən qeyri-sağlam rəqabət mühiti dramatik vəziyyət yaradır, digər tərəfdən dar təfəkkürlü idarəedicilər soyğunçuluq siyasəti ilə həm ölkənin imicinə zərbə vurur, həm də turistləri Azərbaycandan qaçırırlar. Durum hansı tədbirlərin görülməsini tələb edir? Nə etməli?

Ekspertlər daha bir təklif irəli sürür: Qardaş Türkiyə turizm və hotelçilik sahəsində möhtəşəm nümunələr ortaya qoyub. Turizm və hotelçilik sahəsinə türk iş adamlarını cəlb etmək faydalı ola bilər.

Gunay Saglam | Azerbaijan Hotel Association

Günay Sağlam

Azərbaycan Hotel Assosiasiyasının baş icraçı direktoru Günay Sağlam mövzu ilə bağlı “Yeni Müsavat”a bunları şərh etdi: “Pandemiya zamanı işçilərin sayı azaldığı üçün bu sahədə bir sıra problemlər yaşanır. Pandemiya dövründə daha çox turizm sahəsinə zərbə vuruldu. Biz bunu dəfələrlə demişik ki, işçiləri itirməməliyik. Amma pandemiyada ən yaxşı işçilər başqa sektorlara yönəldi. Turizm mövsümü iyun ayından başlayıb. Bu sektorda əməkdaşlar yenicə işə başlayıb, hələ ki  tam olaraq işi mənimsəməyiblər. Əlbəttə, hotelçilikdə xidmətlə bağlı rəylər çox vacibdir. Hər zaman qonaqlara deyirik ki, rəyləri yazsınlar. Əgər bu rəyləri alıb işini daha peşəkar formada qurmağı bacarırsa, bu həmin hotelin üstünlüyüdür, peşəkarlığıdır. Konkret olaraq “Baku Marriott Hotel Boulevard”lə bağlı məsələyə, şəxsən hotellə danışacağam. Çünki bu hotel brenddir, markadır. Bakıda birinci gələn hotellərdən biridir. Mən əminəm ki, bu rəy ciddi şəkildə araşdırılacaq. Qonaqla da danışıqlar aparılacaq. Bəzən qonaqlar haqsız yerə də ittiham edə bilir. Ona görə də araşdırma aparılacaq. Hotel yönətimi ilə danışacağıq. Problemi necə aradan qaldırmaq olar? Bu istiqamətdə iş görüləcək. Yenə təkrar edirəm, bəzən bilərəkdən hansısa xaricdən gələn bloqerlər belə rəylər yazırlar. Halbuki sonradan araşdırıldıqda məlum olur ki, hər hansı problem olmayıb. Bilmirik məqsədləri nədir. O səbəbdən də hər iki tərəfi dinləmək lazımdır. Bu hotel ölkəmizdə ən böyük hotellərdən biridir. Bu günə qədər belə problem yaşanmayıb”.

Sağlam əlavə edib ki, bununla belə qonaqların fikri önəmlidir: “Qonaq hər zaman haqlıdır, ona yüksək səviyyədə xidmət etmək lazımdır, bizim ölkəmizdən məmnun şəkildə ayrılmalıdır. Yalnız hotellər də deyil. Taksi sürücüsündən başlamış, hava limanında qarşılama və sairə, yəni bütün xidmətlər yüksək səviyyədə olmalıdır. Burada ölkənin imici əsas götürülür. Hər kəs də bunun üçün əlindən gələni etməlidir. Amma hazırda hotellərdə işçilərlə bağlı problemlər yaşanır. Yəqin özünüz də görürsünüz, regionlarda restoranlarda bir çox problem yaşanır. Pandemiya sonrası insanlar evdə oturmaq istəmir. Həm yerli, həm də xaricdən gələn qonaqlarımız var. Böyük işlər görmək lazımdır ki, bu problem aradan qalxsın. Bu işçilərin təkrar-təkrar peşəkarlığını artırmalıyıq. Çünki 2010-cu ildə yeni hotellər açılanda treninqlər, təlimlər təşkil edilirdi. Hotellərin özü də bunu həyata keçirirdi. Bizdə hotelçilik məktəbi olmadığına görə peşəkar kadrın yetişməsi vaxt alır. Bu səbəbdən də hazırda bütün sektor kadr çatışmazlığı problemi ilə üz-üzədir”.

Welcome to Baku Marriott Hotel Boulevard

Məsələ ilə bağlı "Baku Marriott Hotel Boulevard"ın da mövqeyini öyrəndik.
Hotelin ictimaiyyətlə əlaqələr və marketinq kommunikasiya şöbəsindən belə cavab verildi: "Baku Marriott Hotel Boulevard olaraq qonağımız cənab Bikovun otelimizdə həyata keçirdiyi ödəniş zamanı üzləşdiyi xoşagəlməz halla əlaqədar təəssüf hissi keçiririk.

Bildirmək istərdik ki, qonaqlarımızın haqqımızdakı rəyləri, müştəri məmnuniyyətimizi yaxşılaşdırmağımız baxımından bizim üçün hər zaman dəyərlidir.Mövzu ilə bağlı apardığımız daxili araşdırma nəticəsini və yaranan anlaşılmazlığı cənab Bikovu şəxsi görüşə dəvət edərək müzakirə etmək istərdik.

 Ümid edirik ki, baş verən hadisəyə baxmayaraq, cənab Bikovu, daha yaxşı xidmət təcrübəsi yaşada bilməyimiz üçün ən yaxın zamanda yenidən otelimizdə görmək fürsəti əldə edərik".

Qeyd etmək yerinə düşər ki, 2022-ci ildə Azərbaycana gələn hər 7 turistdən birinin ölkədən narazı getdiyi qeyd edilib. Ən çox narazılar arasında ərəb turistləri, avropalılar, hətta Rusiya və britaniyalılar da var. Bu barədə Dövlət Statistika Komitəsi yaxın günlərdə məlumat yayıb. Komitənin açıqladığı hesabata görə, 2022-ci ilin ilk 4 ayında xaricdən Azərbaycana 220 min turist gəlib. Turistlərin 187 min nəfəri onlara göstərilən xidmətlərdən razı qalıb, 32.5 min nəfəri isə göstərilmiş xidmətləri qənaətbəxş hesab etməyib. Ümumilikdə narazı turistlərin sayı ümumi turist axınında orta hesabla 14,8% təşkil edir. Narazı qaldıqları sahələr isə nəqliyyat (sərnişin daşıma: metro, taksi, avtobus), yerləşmə, restoranlardakı xidmət və bələdçi xidməti olub.

Ceyhun Aşurov: Dünyada sağlamlıq turizmi artan templə inkişaf edir - AZƏRTAC

Ceyhun Aşurov

Turizm eksperti Ceyhun Aşurov bizimlə söhbətdə turizm şirkətlərinin və hotel idarəçiliyi ilə bağlı verilən suala cavab verib: “Turizm şirkətlərinin xətti ilə turlar edən turistlər hər zaman  bu şirkətlərin nəzarətində olur Onlar çalışır ki, turistlərini aldatmasınlar. Turistlər məmnun şəkildə öz vətənlərinə dönsünlər. Çünki burada qiymətləndirmə, reytinq əsas götürülür. Heç bir turizm şirkəti istəməz ki, onun adı ilə bağlı hər hansı bir neqativ hala rast gəlinsin. Ona görə də bütün xidmətlərin ən yüksək səviyyədə olmasına çalışırlar. Bizdə əsasən rayonlarda yolüstü fəaliyyət göstərən bəzi restoranlarda sanitar-gigiyenik normalar heç də ürəkaçan deyil. Yaxud da maraqlı, görməli yerlərə gedərkən işarələr bütün rayonlarda tam təmin olunmayıb. Hansısa tarixi obyektlər üzərində məlumatlar yoxdur, onları göstərən yol nişanları yoxdur. Turistlər bundan narazılıq edirlər. Bəzi restoranlarda aldanma halları yaşanır. Amma turistlər peşəkar bələdçilərlə olarsa, bunlara yol verilmir. Turistlər həm də daha çox ölkəyə gəlmənin baha olduğundan gileylənirlər”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR